21 
Sen
2020
14:41
29
355
5466
Virtual karabakh

Azərbaycanla Gürcüstanın arasını vurmaq istəyənlər – MÖVQE

21 Sen, 2020
14:41
5466

Azərbaycanla Gürcüstanın arasını vurmaq istəyənlər – MÖVQE

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son iki il ərzində Azərbaycanla Gürcüstan arasındakı münasibətlərdə bəzi üçüncü qüvvələrin təhriki ilə xoşagəlməz hallar yaşanır”.

Bunu Oxu.Az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib.

Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Gürcüstanda yaşayan ermənilərin Azərbaycana qarşı təxribata əl atmalara haqqında məlumat verib.

“Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır”, - deyə Prezident söyləyib.

2019-cu ilin yanvarın 20-da ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya regionunda Axalkalaki rayonunun Buqaşen kəndində Xocalı soyqırımında iştirak etmiş Mixail Avaqyanın abidəsinin açılışı olub.

“Avaqyanın abidəsinin açılışından sonra Gürcüstanda Azərbaycana qarşı silsilə şəkildə təxribatlara cəhdlər edilib. Azərbaycan-Gürcüstan sərhədində təxribatların şahidi olduq”, - deyə Fuad Çıraqov bildirib.

Politoloq hesab edir ki, bu cür təxribatların arxasında Ermənistan, erməni lobbisi dayanır.

Ekspert bütün bunlara baxmayaraq Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin möhkəm təməllərə əsaslandığını düşünür:  

“Cənab Prezidentin də qeyd etdiyi kimi bu münasibətlər hər iki dövlətin, hər iki xalqın maraqlarına xidmət edir”.

Fuad Çıraqovun fikrincə, Azərbaycan-Gürcüstan əlaqələrindəki yaxınlıq üçüncü qüvvələr üçün narahatedici məqamdır:

“Həmin qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa çalışırlar. Ancaq sevindirici haldır ki, ermənilər məqsədlərinə nail ola bilmirlər”.

Bu ilin 12-16 iyul tarixlərində Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatları zamanı Gürcüstan işğalçı ölkəyə silah daşınmasına icazə verməyib.

Bu barədə Prezident İlham Əliyev müsahibədə məlumat verib:  

“Mən bu hadisələrdə Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri