22 
Sen
2020
11:43
366
78
2683
Virtual karabakh

Kamaləddin Qafarov: “Qarabağa qayıdış uzaqda deyil...”

22 Sen, 2020
11:43
2683

Kamaləddin Qafarov: “Qarabağa qayıdış uzaqda deyil...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara diqqəti yönəldərək bildiririk ki, bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Ölkəmizdə aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə göstərilir.”

Bu sözləri Prezident İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində söylədiyi fikirlərə münasibət bildirən millət vəkili Kamaləddin Qafarov söyləyib.

K.Qafarov bildirib ki, bu nailiyyətlərin qazanılmasında indi ölkəmizə uğurla rəhbərlik edən Prezident İlham Əliyevin də böyük xidmətləri olub. Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edib və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayıb. Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış, “Total” şirkəti ilə SOCAR-ın əməkdaşlığı nəticəsində böyük qaz-kondensat yatağı aşkarlanmışdır.

Millət vəkili sözünə davam edərək bildirib ki, “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutub. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları var. Artan daxili tələbatı ödəmək məqsədilə “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Təqribən 7 milyard dollar dəyəri olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.

Millət vəkili möhtərəm Prezidentimizin qeyd olunan müsahibəsində söylədiyi “Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz də bir o qədər möhkəm olacaq” fikrini vurğulayaraq, bu gün Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edən “Əsrin müqaviləsi”nin siyasi əhəmiyyətini də xüsusi qeyd edib.

Dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir” tezisi bugünkü reallıqlarımızda öz əksini tapıb. “Qara qızıl”ın insan kapitalına çevrilməsi uğurlarımızın davamlılığını şərtləndirir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlar, iqtisadiyyatın elmi əsaslara söykənməsi, şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi nəticəsində paytaxt və bölgələrdə, kənd və qəsəbələrdə aparılan genişmiqyaslı quruculuq işləri, qarşıdakı dövrlər üçün müəyyənləşdirilən hədəflər bir daha təsdiqləyir ki, inkişafın Azərbaycan modelinin mövcudluğu parlaq bir reallıqdır.

K.Qafarov bildirib ki, sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkə televiziyalarına verdiyi müsahibədə əsas məqamları daxili və xarici siyasət məsələlərinin dərin və praqmatik təhlili, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və qonşu ölkənin fərsiz başçısına göndərdiyi sərt mesajlar təşkil edib.

Prezidentimiz bu münaqişənin tarixinə qısa ekskurs etdikdən sonra Ermənistanın Baş naziri Paşinyanın siması, Ermənistanın bugünkü rəhbərliyinin ölkəni uçuruma aparmasını, məsuliyyətsizliyini konkret faktlarla ifşa etmiş, onun addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilməməsini söyləmişdir. Prezidentimiz xatırlatmışdır ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı, çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu. Nikol Paşinyan hakimiyyəti isə hakimiyyətə gələr-gəlməz Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərib, yalvarıb və vaxt istəyib.

Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş edib. Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir.

Amma iyul, avqust, indi də sentyabr hadisələri göstərir ki, Ermənistan öz məğlubiyyətlərini qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir? İlham Əliyev erməni siyasətini çox sərrast şəkildə xarakterizə edərək deyib:

“Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır”.

Millət vəkili bildirib ki, bu gün Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Paşinyan həyasızcasına deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.

Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Ölkəmiz imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində deyil.

Prezident İlham Əliyev son günlər Ermənistanda cərəyan edən hadisələri çox gözəl xarakterizə edib:

“Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır…Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur”.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsinin son sözləri hər bir azərbaycanlının ürəyindən xəbər verib, onlarda böyük ruh yüksəkliyi yaratmış və vətənpərvərlik hisslərini daha da coşdurmuşdur:

“Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri