22 
Sen
2020
13:52
116
33
3762
Virtual karabakh

Paşinyanın hədəfləri absurdluğun da fövqündədir – TƏHLİL

22 Sen, 2020
13:52
3762

Paşinyanın hədəfləri absurdluğun da fövqündədir – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Baş naziri Nikol Paşinyanın xəyal dünyası zəngindir və utopik ideyaları sosial gərginlikdən sarsılmış erməni xalqına sırımağa çalışır.

Nikol Paşinyan ölkəsində mövcud durumdakı sosial problemlərin həlli, yaranan ağır iqtisadi vəziyyətdən, demoqrafik böhrandan çıxış yolları axtarmaq əvəzinə yenidən populizmə əl atır. Populizm Paşinyanın söykəndiyi ən rahat istinad divarıdır.

İşğalçı siyasətin gətirdiyi sarsıdıcı böhran Ermənistanı labirintin içinə saldığı məqamda Paşinyan 2050-ci ilədək qarşıya qoyulan hədəfləri açıqlayır. Onun fikrincə, Ermənistan hökumətinin 2050-ci ilə qədərki strategiyasının ideyası milli dəyərlərə, milli hədəflərə və ictimai tələbata əsaslanır.

Milli Təhlükəsizlik Strategiyası, ambisiyaların yeni mərhələsi

Milli dəyərlər, milli hədəflər, ictimai tələbat adı altında sırınan ideyalarda yeni işğalçılıq strategiyasının həyata keçirilməsi planları da gizlənir.

Bu yaxınlarda qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında Ermənistan dövlətinin niyyətlərini, ambisiyalarını erməni xalqının milli dəyərləri pərdəsinə bürüməsini anlamaq çətin deyil.

Belə ki, strategiyada əslində şovinist, ksenofob və irqçi dəyərlərin təbliğ edildiyi dərhal sezilir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu ilin avqustun 12-də Ermənistanın Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən demişdi ki, sənəddə erməni xalqının böyüklüyü, onun digər xalqlar üzərində üstünlüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir.

Həmin sənəddə Ermənistan-Azərbaycan münaqişəsinə dair çoxsaylı istinadlar, saxta dəlillər var. Bu saxta dəlillərlə Azərbaycan tərəfi günahlandırılır və guya Azərbaycanda ermənifobiyanın olduğu bildirilir.

Bundan əlavə, sənəddə Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qanunsuz rejimlə bağlı məqamlar yer alır.

Paşinyan isə dünya ictimaiyyətinin nəzərində sülhpərvər obraz rolunda çıxış etməyə çalışır, təqdim etdiyi yeni 2050-ci il üçün hədəflərlə bağlı özündən narazı daxili auditoriyanı ələ almağa çalışır.

Rəqəmlərin dili bədbinlik vəd edir

Ancaq rəqəmlərin dili və iqtisadi proqnozlar heç də mərhəmətli deyil. Məsələn, Nikol Paşinyan bildirir ki, 2050-ci ilədək Ermənistan əhalisinin sayı 5 milyona çatdırmaq hədəf kimi qarşıya qoyulub.

1990-cı ildən Ermənistan əhalisi sürətlə azalır, hazırda ölkədə 2 milyon 963 mindən çox əhali var. Ermənistanda orta yaş 35,4 ildir.

BMT-nin İqtisadi və Sosial Münasibətlər Departamentinin əhali bölgüsü haqqında açıqlamasına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı təxminən 2 milyon 397 min nəfər olacaq. BMT-nin proqnozlarına əsasən, Ermənistanda əhali sayı ən nikbin halda üç milyona yaxınlaşa bilər.

BMT hesab edir ki, 2015-2020-ci illər ərzində hər min nəfərə düşən təbii artım göstəricisi 14,5 olduğu halda, 2045-2050-ci illərdə bu rəqəm 9,6-ya enəcək. 2045-2050-ci illərdə hər min nəfərə düşən ölüm göstəricisi isə ən yaxşı halda 9,7-dən 11,3-ə, ən pis proqnoza görə isə 13,9-a qədər qalxacaq.

BMT bildirir ki, 2020-2050-ci illərdə 0-14 və 15-64 yaş qruplarının sayında ciddi azalma baş verməsi fonunda, 64 və yuxarı yaş qruplarında artım yaşanacaq. Bu da əhalinin getdikcə qocalmasına və əmək qabiliyyətli kütlənin xeyli azalmasına yol açacaq.

Dünya Bankının məlumatlarına əsasən, 2019-cu ildə Ermənistanda hər qadına 1,6 doğuş düşüb. Bu isə Ermənistanı doğum sayına görə kateqoriyada axır sıralara salır.

Dünya Bankının proqnozlarında qeyd edilir ki, Ermənistan əhalisi 2050-ci ilə qədər təxminən 10 faiz azalaraq 2,7 milyona düşəcək.

Ermənistanda sonsuzluq nisbəti də yüksək səviyyədədir. BMT-nin Əhali Fondunun 2014-cü ildə apardığı tədqiqatlara əsasən, Ermənistanda qadınlar arasında sonsuzluq nisbəti müəyyən edilib. Reproduktiv yaşı 25-45 arasında olan 605 min qadını əhatə edən araşdırmada 90 min qadının ilkin və ya ikinci sonsuzluğu müəyyənləşib. 

Ermənistanda əhalinin sayının azalmasına təsir göstərən amillər sırasında işsizlik və sosial gərginlikdən doğan miqrasiyadır.

Ölkədə ölüm sayı ilə doğum sayını ildən-ilə üstələyir, nikahların sayı azalır.

Demoqrafik böhran fonunda Paşinyanın dedikləri absurd və gülünc təsir bağışlayır.

Nikol Paşinyan iqtisadiyyatın ən vacib makroiqtisadi göstəricisi olan ÜDM-in Ermənistanda 2050-ci ilədək 20 dəfə artacağını deyir.

ÜDM-i yaxın gələcək – növbəti 30 ildə 20 dəfə artırmaq isə mümkünsüz görünür, hələ nəzərə alaq ki, dünya postpandemiya dövrünə hazırlaşır.

Postpandemiya dövrünün diktə etdiyi şərtlərdə ÜDM-i 20 dəfə artırmaq barədə Paşinyanın qeyri-dəqiq və naşı bəyanatı yalnız utopik iddiadır, özü də mövcud potensialla qətiyyən uyuşmayan yanaşmadır.

Dünya Bankının hesabatlarına görə, Ermənistanda əhalinin azalması və yaşlanması mənfi mənada ÜDM artımına böyük təsir göstərəcək.

Ermənistan və “007”

Nikol Paşinyan bildirir ki, Ermənistan 2050-ci ilə qədər dünyanın ən yaxşı kəşfiyyat xidməti və ən yaxşı orduya sahib olacaq.

Deyəsən Paşinyan filmlərin təsiri altına düşüb və Ermənistanın çoxlu sayda “007 nömrəli” agentlərini dünyanın hər bölgəsinə göndərəcəyini düşünür. Yaxşı xəyaldır.

Hazırda Rusiyanın təsir dairəsində olan, Rusiyanın forpostuna çevrilən, sərhədlərini belə Rusiya əsgərləri tərəfindən qoruduğu Ermənistanın hansı meyarlarla ən yaxşı kəşfiyyat və ən yaxşı orduya sahiblənəcəyi sual doğurur.  

Paşinyan Ermənistan əhalisinə idman etdirmək istəyir

Nikol Paşinyan qeyd edir ki, 2050-ci ilədək olan hədəflərdə Ermənistanın olimpiya oyunlarında azı 25 qızıl medal qazanması, ölkənin futbol komandasını Avropa və ya dünya çempionu etmək prioritetləri dayanır.

Birincisi, idmanla bağlı konkret hədəfin qoyulması başadüşülən deyil. Fərz edək ki, Ermənistan olimpiya oyunlarında qızıl medallar qazanar, amma bunun sayının 25-ə çatacağı şübhəlidir. Ermənistan kimi bir ölkədə bu mümkün görünmür.

Futbola gəldikdə isə, Ermənistanda futbol həmişə zəif olub və bu gün də zəifdir.

Belə bir komandanın Avropa və dünya çempionu olacağını hədəfləmək absurddan başqa bir şey deyil.  

Ümumiyyətlə, Paşinyanın bu qədər iddialı hədəflərə çıxış etməsi  müasir geosiyasi və iqtisadi şərtlər çərçivəsində reallıqla səsləşmir.

Paşinyanın açıqladığı hədəflər, strategiya absurdluğun da fövqündə dayanan düşüncədən o tərəfə getmir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri