23 
Sen
2020
12:43
337
24
2450
Virtual karabakh

Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək - FƏRMAN

Prezident İlham Əliyev Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Fərman vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə verilib. 

Fərmana əsasən, Azərbaycanda doğumun və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək, doğum və ölüm faktını təsdiq edən sənədlər elektron sənəd formasında tərtib ediləcək, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələr və arayışlar elektron qaydada veriləcək.

Doğumun və ölümün qeydə alınması ilə bağlı sənədlər üzrə məlumatlar, habelə vətəndaşların dəfni ilə bağlı məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil ediləcək, eləcə də Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürüləcək.

Bundan başqa, doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılacaq, habelə məlumatlar avtomatik ümumiləşdiriləcək və statistik hesabatlar hazırlanacaq.

Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Xarici İşlər Nazirliyi xaricdəki konsulluq idarələrinə, Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, yerli icra hakimiyyəti orqanları yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələrinə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müvafiq fərmanın icrası ilə bağlı tapşırıqlar verilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri