13 
Okt
2020
15:44
981
43
9668
Virtual karabakh

Erməni xalqı öz rəhbərliyinin ona qarşı bu cür münasibətinə nə qədər dözəcək?! – MÜSAHİBƏ

13 Okt, 2020
15:44
9668

Erməni xalqı öz rəhbərliyinin ona qarşı bu cür münasibətinə nə qədər dözəcək?! – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ cəbhəsində gərginlik azalmır, işğalçı qüvvələr mülki obyektlərə və dinc əhaliyə atəş açmağa davam edir. Media.Az rusiyalı siyasi texnoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikovla erməni tərəfinin sülh danışıqlarına hazır olmaması və iyrənc təxribatları davam etdirməsi barədə söhbət aparıb.

- Erməni tərəfi atəşkəs rejimini pozaraq Azərbaycanın dinc əhalisini və o cümlədən döyüş zonasında olmayan mülki obyektləri də atəşə tutur. Sizcə bu niyə baş verir?

- Əldə olunan razılaşmadan sonra bir neçə ssenari inkişafı mümkündür. Bir tərəfdən ermənilərin fəaliyyətlərinin koordinasiyası ilə bağlı ənənəvi problemləri var, yəni ayrı-ayrı komandirlərin fəaliyyətləri həmişə İrəvandan gələn əmrlərə uyğun olmur. Bu, xüsusilə münaqişənin kəskinləşməsi zamanı dəfələrlə müşahidə edilib. Əgər bu, həqiqətən belədirsə, gələcəkdə də təxribatlar mümkündür.

Digər tərəfdən, beynəlxalq münaqişələrin təcrübəsini nəzərə alsaq, atəşkəs rejimi heç də dərhal yaradılmır. Biz bunu Suriyada, Liviyada və bir çox qaynar nöqtələrdə gördük.

Üçüncüsü, bu, tərəflərdən birinin - Ermənistanın danışıqlara və razılığın əldə edilməsinə vaxt qazanmaq, sənədin şərtlərini yerinə yetirməmək üçün bir bəhanə kimi baxması səbəbindən baş verə bilər. Bu, hadisələrin inkişafının ən kədərli ssenarisidir. Belə vəziyyətdə döyüş əməliyyatları əvvəllər müşahidə etdiyimiz qaydada davam edəcək.

- Məhz hansı qaydada?

- Ermənistanın məğlubiyyəti qaydasında. Erməni tərəfi üçün müharibəni davam etdirmək sərfəli deyil, nəfəs almaları vacibdir və humanitar fasilə onlar üçün vəziyyətdən çıxış yolu olardı. Bu cür danışıq aparmaq qabiliyyətlərini nümayiş etdirə bilərdilər. Ancaq əgər öz qoşunlarına və cəbhə xəttindəki vəziyyətə nəzarət edə bilmirlərsə, bu, Ermənistan rəhbərliyi üçün daha bir acınacaqlı faktdır.

- Erməni tərəfi, prinsipcə, sülh danışıqlarına hazır deyil və onlar tərəfindən müntəzəm təxribatlar bunun əyani sübutudur.

- Bəli, bu, erməni tərəfinin və onların siyasi rəhbərliyinin təxribat xarakterli fəaliyyətidir. Rusiyada bunu yaxşı bilirlər. Məhz buna görə Rusiya dəfələrlə KTMT-nin müdaxiləsi üçün ən kiçik bir səbəb olmadığını bildirib. Əslində, üçüncü tərəflərin münaqişədə iştirakını təsdiqləyən faktlar kimi Ermənistana qarşı hər hansı bir təcavüz də yoxdur. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edərək öz qanuni ərazilərində hərbi fəaliyyətlər aparır.

Nəzərə almaq lazımdır ki, hazırkı Ermənistan rəhbərliyi bütün dünyada vəziyyəti sistemli şəkildə destabilizasiya edən beynəlxalq fondların modeli əsasında qurulan informasiya kampaniyalarının paradiqmasında formalaşıb və yaşayır. Onlar mənfəət götürə biləcəkləri “hayp” yaratmaqla feyk informasiya tullantıları prinsipi üzrə fəaliyyət göstərməyə vərdiş ediblər. Hazırkı Ermənistan rəhbərliyi 2018-ci ildə məhz bu cür informasiya dalğasında hakimiyyətə gəldi.

Çalışdıqları metodiki materiallar “Soros” Fondu tərəfindən hazırlanıb. Ancaq hamı başa düşür ki, apardıqları informasiya kampaniyasının reallıqla heç bir əlaqəsi yoxdur. Bütün tullantıların təxribat xarakteri əvvəldən nəzərə çarpırdı, Rusiya tərəfi buna adekvat reaksiya verdi və verəcək.

- Buna baxmayaraq, erməni tərəfi xaricdən köməyə ümid edir ...

- Bu gün Ermənistanın əvvəlki status-kvonu saxlamaq üçün öz hərbi imkanları yoxdur. Bunu da hər kəs anlayır və görür. Bu, ATƏT-in Minsk Qrupunun sədrliyi ilə aparılan danışıqlar prosesinin daha da uzanmasının mənasız olduğunu göstərir. Güclü bir ordunuz və dinamik inkişaf edən bir iqtisadiyyatınız varsa, şərtlərinizi diktə edə bilərsiniz. Nə birinci, nə də ikinci, eləcə də ciddi beynəlxalq dəstək yoxdursa, kənardan yardım almaq ümidi ilə münaqişənin həlli prosesini təxirə salmaq sadəcə mənasızdır. Ancaq öz resurslarının olmamasına baxmayaraq, Ermənistan bunu edir və ölkə yoxsulluğa qərq olmağa davam edir.

Buradan sual yaranır: erməni xalqı qonşularla razılığa gəlmək, sərhədlərdə normal qarşılıqlı münasibətlər sistemi yaratmaq və Ermənistana müsbət heç nə gətirməyən və yaxın gələcəkdə də gətirməyəcək iqtisadi blokadadan çıxmaq əvəzinə özlərinə qarşı bu cür münasibətə hələ nə qədər dözəcək?!

- KTMT mövzusuna qayıdaq, deyin görək qurumun nizamnaməsində bu və ya digər ölkənin hansı səbəblərdən kənarlaşdırıla biləcəyi göstərilir? Məsələn, qonşu dövlətə qarşı işğal siyasətinə görə ...

- Ölkənin KTMT-dən çıxması eynilə istənilən beynəlxalq razılaşmalardan çıxması kimi çətin prosesdir. Biz son vaxtlar bu mənada yalnız İngiltərənin Aİ-dən çıxmasını gördük. Bu, KTMT-də də mümkündür. Məsələn, üzvlüyün dayandırılması və ya Özbəkistanın vaxtilə istifadə etdiyi tədricən çıxış. Ancaq çox vaxt birlikdən çıxış ölkənin öz təşəbbüsü ilə baş verir. Digər üzv dövlətlərin təşəbbüsü ilə isə müəyyən bir dövlətlə əməkdaşlıq dayandırıla bilər. Ancaq hazırda əməkdaşlığın tamamilə dayandırılması və ya Ermənistanın KTMT-dən çıxarılması barədə söhbət getmir.

- Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, işğalçı qoşunların dərhal geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib, lakin Ermənistan tərəfi təcavüzkar siyasət yürütməyə davam edir. Ancaq beynəlxalq təşkilatlar sanksiyalara əl atmaq əvəzinə buna göz yumurlar. Məsələn, bu Rusiyaya qarşı edilmişdi...

- Rusiyaya qarşı belə qərəzli münasibət Qərbin Sovet İttifaqı dövründən indiyə qədər qalan və hazırda müasir reallıqlara daşınan ənənəvi münasibətidir. Qərbin elitanı ətrafına toplamaq üçün ortaq düşmən tapması vacibdir.

Ancaq Ermənistan heç bir şəkildə qlobal şər statusuna doğru çəkilmir. Siyahıda ilk sırada Şimali Koreya, İran və Venesuela yer alır. Ermənistanın uğrunda mübarizə aparılacaq mənbələri yoxdur. Ermənistan maraqsız dövlətlərin sırasına aiddir, bu səbəbdən beynəlxalq təşkilatlar qınaqlarını bildirirlər, lakin heç kim ciddi beynəlxalq səviyyədə sanksiyalarla “oynamayacaq”.

- Yaranmış vəziyyətdən çıxış yolunu necə görürsünüz?

- Erməni tərəfi işğal olunmuş yeddi rayonun mərhələli şəkildə geri qaytarılmasına başlamalıdır. Onlar qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır və bundan sonra Dağlıq Qarabağın gələcəyini müəyyənləşdirmək üçün əsaslı danışıqlar prosesi başlaya bilər. İki ölkə bu mövzuda qarşılıqlı anlaşmaya nail olmalıdır. Bu baş verən kimi münaqişə həll olunmağa başlayacaq. Əlbəttə, bu Rusiyanın yalnız mənafeyinə olar. Çünki Rusiyanın öz sərhədləri yaxınlığında problemə ehtiyac yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri