19 
Okt
2020
16:49
49
534
3830
Virtual karabakh

Ermənistan rəhbərliyinin nasist, islamofob partiya sevgisi - ŞƏRH

19 Okt, 2020
16:49
3830

Ermənistan rəhbərliyinin nasist, islamofob partiya sevgisi - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi get-gedə dildə deyilən “faşist” rejimi olduğunu əməldə də sübut etməkdədir.

“Almaniya üçün Alternativ” (AfD) partiyasının dörd üzvü – Ştefan Koyter, Şteffen Kotre, Andreas Kulits və Andreas Qalau Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib, münaqişə ilə yaxından tanış olmaq istəyiblər, hətta mətbuat konfransı keçiriblər. Onlar separatçıların tərəfində duraraq Almaniyanın bu məsələdə öz təsirini Azərbaycan və Türkiyəyə göstərməli olduğu fikrini diqqətə çatdırıb.

Qarabağa səfər edən alman partiyası nasizmi, islamofobiyanı təbliğ edir

Bu partiya 2013-cü ildə Almaniyanın paytaxtı Berlində avroskeptiklər tərəfindən təsis olunub. Təsisçiləri iqtisadçı Bernd Lukke (iki il sonra partiyanı tərk edib – S.M.), siyasətçi Aleksander Qauland və “Frankfurter Alqemayne Saytunq”un (“Frankfurter Allgemeine Zeitung”) siyasət şöbəsinin keçmiş redaktoru Konrad Adam olub. Partiya Yunanıstan iqtisadiyyatını xilas etmək üçün milyardlarla dollar ayrılmasına etiraz əlaməti olaraq yaradılıb.

“AfD” 2017-ci ildə Almaniya Bundestaqına keçirilən seçkilərdə 12,6% səs toplayıb və 94 yerlə parlamentdə təmsil olunan üçüncü böyük partiya olub. İndi keçək “AfD”nin yarandığı gündən özünü göstərdiyi əsas prinsiplərinə.

Əvvəla, onu qeyd edək ki, “AfD” Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas lozunqları Almaniyanı “islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, antisemit, ksenofob fikirlərdən ibarətdir. AfD ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunmasını, mədrəsələrdə islam dərslərinin alman dilində tədrisini tələb edir. Onlar ölkəyə gələn miqrantlara qarşı sərt fikirləri ilə seçilir, aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edir.

Bir nümunəyə baş çəkək. Almaniya millisinin və Münxen “Bayern”inin futbolçusu Jerom Boatenq hələ Berlində doğulsa da, anası alman olsa da, onun qaradərili olması bu partiya tərəfindən pislənilib. 2016-cı ildə partiya liderlərindən olan Aleksander Qauland verdiyi müsahibədə Boatenqin futbolçu kimi bəyənilsə də, qonşuları tərəfindən bəyənilmədiyini bildirib. Bu açıqlama isə Almaniyada irqçiliyi təbliğ edən fikir kimi qəbul edildi. “Bayern”in azarkeş və futbolçuları, o cümlədən Almaniyanın Ədliyyə naziri bu açıqlamaya görə partiyanı sərt qınadı.

Yenə Aleksander Qauland öz nitqlərindən birində alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri “qəhrəmanlıqları” qiymətləndirməyə və onlarla “fəxr etməyə” çağıran açıqlama verib. O, faşist partiyası olan Adolf Hitlerin Milli-Sosialist partiyasının hakimiyyətdə olduğu 12 ilə görə qınanmağa ehtiyacı olmadığını bildirib və 6 milyon yəhudinin ölümünə görə alman əsgərlərinin günahının olmadığını vurğulayıb.

Gördüyünüz kimi, bu partiya daha çox keçmiş nasist “dəyərlər”i təbliğ edir və faşist ideyalarından heç nəyi ilə fərqlənmir. Bir sözlə, neonasizm cərəyanı bu partiyanın əsas prinsiplərindəndir.

Nasist almanların Qarabağda nə işi?

Bu gün cəbhədə ciddi məğlubiyyətlə üzləşən Ermənistanın Qərbin ciddi siyasi qüvvələrindən dəstək almaq cəhdləri nəticəsiz qalıb. Paşinyan və komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilməyiblər. Avropa İttifaqı belə mülki əhali və mülki obyektləri hədəf alan Ermənistanı tənqid edən bəyanatla çıxış edib.

Deməli, Ermənistanın və heç bir ölkə tərəfindən tanınmayan qondarma respublikanın rəhbərliyinin bütün ümidi nasist-faşist ideologiyasının daşıyıcılarına və terrorçulara qalıb. Suriya və Livandan kürd terror dəstələrinin üzvlərinin muzdlu kimi bölgəyə gətirən Ermənistan Avropada nasist ideologiya daşıyıcılarının dəstəyinə ümid edir.

İrəvanın mərkəzində azərbaycanlıların kütləvi şəkildə öldürülməsində əli olmuş, II Dünya Müharibəsində Türkiyə və SSRİ-yə qarşı Faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş Qareqin Njdeyə heykəl qoyan dövlətdən başqa nə gözləmək olar ki? Ermənistanın “Almaniya üçün Alternativ” partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi bu ölkənin xisləti üçün təbii bir hal kimi görünür. Ermənistan dünyada yeganə monoetnik ölkə kimi tanındığından, “Almaniya almanlar üçündür” düşünən nasist baxışlı partiya nümayəndələri ilə həmfikir olduqlarını sübuta yetirir.

Bu, nasist partiyanın Qarabağa ilk səfəri deyil

Məlumat üçün bildirək ki, Manuel Oxzenrayter 20 fevral 2017-ci ildə işğal altında olan torpaqlarımızda keçirilmiş qondarma “referendum”da “AfD” partiyasının Türinqen federal torpağının parlamentindəki (Landtaq) bir neçə deputatı ilə birlikdə müşahidəçi qismində iştirak etdiyi üçün Azərbaycanın “arzuedilməz şəxslər” siyahısına daxil edilib. Bundan başqa, ötən ilin iyununda da bu partiyanın əməkdaşları Qarabağa qeyri-qanuni səfər edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri