23 
Okt
2020
19:44
1062
41
3818
Virtual karabakh

Döyüşdə qələbə olmadan diplomatiyada uğur olmur

Sentyabrın 27-də işğalçı Ermənistan “yeni ərazilər uğrunda yeni müharibə” kimi hərbi doktrinasına uyğun olaraq ölkəmizə qarşı növbəti hərbi təcavüzə cəhd etdi. Ordumuz düşmənin hücumunu dəf edib əks-hücum əməliyyatına başladı.

Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi əməliyyatların uğurları barədə 30 ilə yaxındır ki, xalqımızın arzusunda olduğu ən sevindirici, ən şad xəbərləri verir. İşğaldan azad edilən kənd və qəsəbələrimizin, şəhər və rayonlarımızın, strateji yüksəkliklərin adlarını açıqlayır. Cənab Prezident tarixi adları da bərpa edir: Suqovuşan, Çinarlı. Belə adlar hələ çox olacaq, bir çox tarixi həqiqətlər Prezidentimiz tərəfindən bərpa ediləcək. Düşmənin məhv edilən hərbi texnikasının və canlı qüvvəsinin miqyası, Ermənistan ordusunda yaşanan təlaş və fərarilik, avantürist Paşinyanın vurnuxmaları, gah KTMT-yə, gah da NATO-ya üz tutması, telefon zəngləri ilə vasitəçi dövlət başçılarının zəhləsini tökməsi, alçaldıcı yalvar-yaxarı bundan xəbər verir.

Hərbi uğurlarımızla yanaşı, cəmiyyətimizi indiki vəziyyətdə maraqlandıran həm də həmsədr dövlətlərin rəsmi siyasi mövqeyi və bəyanatlarıdır. Fransa dövlət başçısının səsləndirdiyi “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” ilk siyasi bəyanatı tərəfsiz vasitəçiliyə və beynəlxalq hüquqa zidd idi. Prezident İlham Əliyev bəyanata sərt etirazını bildirdi və üzrhaqlıq tələb etdi. Bu, həm də xalqımızın yekdil iradəsinin və gözləntisinin ifadəsi idi. Oktyabrın 18-də Fransanın ölkəmizdəki səfiri Zakari Qrossun “Twitter” hesabında etdiyi “Gərginlik dövrü bitdi, o səhifə bağlandı” məzmunlu paylaşımı cənab Prezidentin etirazına anlaşıqlı və ehtiramlı münasibət,  cavab deməkdir. Səfir öz dövlətinin və dövlət başçısının səlahiyyətli sözçüsüdür.

Hərbi məğlubiyyətlə üzləşən Paşinyanın ciddi-cəhdlə çalışdığı avantüralarından biri də üzv olduğu KTMT-ni, ilk növbədə Rusiyanı münaqişəyə öz tərəfində açıq hərbi iştiraka təhrik etmək idi. Mülki əhalimizin Ermənistan ərazisindən raket və artilleriya atəşinə məruz qoyulması da bu məqsədi güdürdü. Paşinyanın avantürası baş tutmadı. Çünki Ali Baş Komandanımızın tutduğu siyasi mövqe buna imkan vermədi. Elə bu səbəbdən, oktyabrın 7-də “Rossiya-1” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin Paşinyana cavabı belə oldu: “KTMT razılaşması çərçivəsində Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var.Döyüşlər bu günə qədər davam edir. Ancaq bunlar Ermənistan ərazisində aparılmır”.

KTMT kimi hərbi blokun üzvü olan Ermənistan prezidenti Armen Sarkisyanın Brüsseldə,NATO qərargahında görüşlərindən sonra NATO-nun baş katibi Yens Stoltenberqin açıqlaması belə oldu ki, “Dağlıq Qarabağdakı döyüşlərdə tərəf deyilik”.

Növbəti açıqlama oktyabrın 22-də  həmsədrlərdən biri olan ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçisondan gəldi. Səfir münaqişənin “sərhədlər və suverenlik daxilində həll edilməli” olduğunu bəyan etdi.

Elə həmin gün Rusiya Prezidenti Vladimir Putin də sükutu pozdu, “Valday” müzakirə klubunun iclasında çıxışı zamanı bildirdi ki, “Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz”. Rusiya dövlət başçısının Paşinyanın Türkiyə ilə bağlı təhlükəli avantürası və siyasi şantajına  cavabı isə belə oldu: “Bu cür tərəfdaşla çalışmaq yalnız xoş deyil, eyni zamanda etibarlıdır”. Ermənistan-Azərbaycan münaqişəsini dünya birliyinə xristian və müsəlman savaşı kimi sırımağa çalışan erməni lobbisinə, Paşinyan kimi avantürist siyasətçilərə də Rusiya Prezidentinin cavabı ölkəiçi reallığın nəzərə alınması ilə şərtləndi. O, bildirdi ki, əhalisinin 15 faizi müsəlmanlardan ibarətdir. Cənab Vladimir Putinin münaqişənin etnik zəminlə bağlı olması bəyanatına gəldikdə isə, tarixi gerçəklik belədir ki, etnik qarşıdurma Qarabağdakı erməni separatizminin nəticəsidir. 1988-ci ildə başlayan bu separatçılığın məqsədi Dağlıq Qarabağın Azərbaycandan ayrılması və onun müstəqilliyinin tanıtdırılması ilə bağlı idi. Bu qanunsuz  və təhlükəli, qan-qada vəd edən hərəkata rəvac verən isə  Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovdur. Qorbaçovu Azərbaycan xalqına qarşı xəyanətə təhrik edən həm də onun erməni kökənli köməkçiləri Aqanbekyan, Sitaryan və yaxın siyasi ətrafında olan başqa etnik ermənilər idi. Bu xəyanətin arxasında hələ də gizli qalan başqa tarixi gercəkliklər də var. Təəssüf ki, həmin tarixi gerçəkliklərin doğurduğu bir çox sualların cavabı hələ də açıq qalır. Gizli qalmayan isə odur ki, Dağlıq Qarabağda başlayan erməni separatizminin arxasında ”dənizdən-dənizə” kimi erməni xülyası dayanırdı. Etnik münaqişə səbəb yox, nəticə idi.

Oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında (TŞ) Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı TŞ-nin sədri adından hazırlanan və ölkəmizin maraqlarına zidd olan bəyanat layihəsinin geri götürülməsi də Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərakatına üzv dövlətlərin israrlı təkidi nəticəsində baş tutdu.

Oktyabrın 23-də isə, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü baş tutub. Xalqımız haqq edir ki, ABŞ rəsmilərinin bu görüşdən sonra verəcəkləri bəyanat tarixi ədalətə və beynəlxalq hüquqa xidmət etsin.

Şübhəsiz ki, bütün bunlar nə qədər əhəmiyyətli olsa da, siyasi ritorikadır, böyük diplomatiyanın təzahürləridir. Arxasında dayanan əsl niyyətləri dərhal görməmək də mümkündür. Bununla belə, bəyan olunanlardan sonradan bütövlükdə imtina edilməsi də inandırıcı görünmür. Cəmiyyətimiz arzuladığı tarixi günləri yaşayır: bir tərəfdən Ordumuzun uğurlu hərbi əməliyyatları, işğaldan azad edilən ərazilərimiz, digər tərəfdən tarixi ədalətin bərpasına xidmət edə biləcək son siyasi bəyanatların doğurduğu ümidlər.

Müasir müstəqil dövlətçilik tariximizdə dəyər verib unutmalı olmadığımız həqiqət isə budur ki, bütün bunların arxasında xalqımızın tarixi ədalətə olan inamı, bu inamın gerçəkləşməsi üçün Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyətli siyasi iradə və bu illər ərzində güclü ordu quruculuğuna sərf edilən gözəgörünməz zəhmət dayanır. Buna ən haqlı və dəqiq qiyməti  Birinci vitse-prezident Mehriban xanım Əliyeva Trend informasiya agentliyinə müsahibəsində verib: “Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini!”.

Prezident İlham Əliyevin bugünlərdə verdiyi iki bəyanatın həm müasir tariximiz, həm də gələcək nəsillər üçün əhəmiyyəti xüsusilə önəmlidir. Onlardan biri dövlət başçımızın “RİA Novosti”yə müsahibəsində dediyi bu fikirdir: “Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək”. İkincisi isə, cənab Prezidentin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində açıq şəkildə bildirdiyi bu bəyanatdır: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq”.

Bu tarixi bəyanatlar 30 il boyunca Ermənistanın davam etdirdiyi status-kvo vəziyyətinin darmadağın edilməsi deməkdir. Bu, həm də ordu quruculuğu və diplomatiya sahəsində Azərbaycan dövlətinin əldə etdiyi uğurların vəhdətinin bəhrəsidir. Bütün bunlar yalnız ona xidmət edir ki, tarixi ədalət və beynəlxalq hüququn tələbi sonadak bərpa olunsun: Azərbaycan əsgəri  Azərbaycan bayrağını yenidən Şuşada və Xanın kəndində ucaldıb dalğalandırsın. Bu günə artıq çox az qalıb.

Müasir dünyamızda, təəssüf ki, döyüşdə qələbə olmadan, diplomatiya sahəsində qələbə olmur. Reallıq budur.

Allah Prezidentimizə, Ordumuza, Xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri qorusun!

Milli Məclisin deputatı

Ülvi Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri