Dek
2020
17:12
74
167
1059
Virtual karabakh

GUAM PA-nın iclasında Qarabağ müharibəsi diqqət mərkəzində oldu

3 Dek, 2020
17:12
1059

GUAM PA-nın iclasında Qarabağ müharibəsi diqqət mərkəzində oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında 4-cü birgə iclası keçirilib. 

Onlayn iclasda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Nəsib Məhəməliyev, Əli Məsimli, Cavid Osmanov və Qüdrət Həsənquliyev iştirak ediblər. 

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Elnur Allahverdiyev gündəliyin ikinci məsələsi – “GUAM məkanında ərazi münaqişələrinin həllinin hüquqi aspektləri” mövzusunda çıxış edib. 

Bildirib ki, bu ilin 27 sentyabr-10 noyabr tarixlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin növbəti aktiv dövrünün şahidi olduq. Hansı ki, Azərbaycanın tam qələbəsi ilə bitdi. Ermənistan öz üzərinə işğal etdiyi qalan ərazilərin də təhvil verilməsi öhdəliyini götürdü. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında bəyanat imzalandı. Bu sənədə uyğun olaraq Ermənistan 30 ilə yaxın qanunsuz yaşadıqları Ağdam, Kəlbəcər və Laçın rayonlarını da Azərbaycana təhvil verdi. Azərbaycan münaqişədən əvvəl orada yaşamış və qeydiyyatı olmayan erməni əhalinin çıxarılmasına təkid etmədi və onları öz vətəndaşları sayaraq orada qalıb yaşamalarına etiraz etmir. Hazırda razılaşmanın digər mərhələsinin icrası üçün azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır. Onlar Ermənistanın aqressiyası nəticəsində öz torpaqlarını tərk etmək məcburiyyətində qalmış və öz ölkələrində məcburi köçkün olublar. 

Bu il sentyabrın 27-də hərbi əməliyyatların yenidən başlaması barədə danışan Elnur Allahverdiyev bildirib ki, buna Ermənistan rəhbərliyinin məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranışları səbəb olub. 

Deputat xatırladıb ki, bu ilin iyulunda GUAM-ın Büro iclasında Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatları müzakirə edib. Bu təcavüz nəticəsində Azərbaycanın hərbi və mülki şəxsləri öldürüldü və yaralandı. Bundan sonra avqust ayında Ermənistanın Azərbaycanın ərazisinə daxil olan diversiya qrupu zərərsizləşdirildi. Həmin qrupun rəhbəri təsdiqlədi ki, Ermənistan Azərbaycanın yeni ərazilərinin işğalı üçün ciddi hazırlıq işləri görür. Ermənistanın müdafiə naziri yeni doktrina elan etdi. Həmin vaxt Ermənistan hökuməti Cenevrə Konvensiyasına zidd olaraq Livan və Suriyadan erməni əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi prosesinə başladı. 

Elnur Allahverdiyev diqqətə çatdırıb ki, bütün yuxarıda deyilən faktlar yeni müharibənin alovlanmasına səbəb oldu. Azərbaycan isə öz gücü ilə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını təmin etdi. Deputat Azərbaycanın ədalətli mövqeyini təsdiqləyən və beynəlxalq sənədlərdə əksini tapmış bir sıra prinsipləri də iştirakçıların diqqətinə çatdırdı. 

Çıxışının sonunda Elnur Allahverdiyev Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə GUAM ölkələrindən olan həmkarlarına təşəkkürünü bildirib.

Sonra tədbirdə GUAM-a üzv olan dövlətlərdə ərazi münaqişələri və onların siyasi nəticələri, üzv dövlətlər arasında ticari-iqtisadi əlaqələrin inkişafında perspektivlər və imkanlar, GUAM məkanında azad ticarət zonalarının inkişafı, üzv ölkələrdə nəqliyyat dəhlizinin inkişafı və logistik ünsiyyətin yaxşılaşdırılması, gömrük sahəsində əməkdaşlıq, quruma üzv ölkələrdə COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyət nəzərə alınmaqla elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanları mövzularında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

Çıxış edənlər Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıblar.

İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əli Məsimli pandemiyanın təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinə təsirindən danışıb, iqtisadiyyatın bərpası yolları barədə fikirlərini bölüşüb. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri