29 
Dek
2020
14:00
336
23
3538
Virtual karabakh

XİN Ermənistanın qanunsuz əməlləri barədə gördüyü işləri açıqladı

29 Dek, 2020
14:00
3538

XİN Ermənistanın qanunsuz əməlləri barədə gördüyü işləri açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər Nazirliyi 44 günlük Vətən Müharibəsi vaxtı və ondan sonra görülən işlərə dair hesabat verib.

Hesabatda göstərilir ki, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum nəticəsində davam etmiş 44 günlük müharibə ərzində zəbt edilmiş ərazilərin böyük bir hissəsi erməni işğalından azad olunub. 

Hərbi əməliyyatlar zamanı qazanılmış qələbə işğalçını təslim olmağa məcbur edib və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən birgə bəyanatın imzalanması ilə Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilib. Bölgədə yeni reallıq yaratmış və çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək 10 noyabr razılaşmasının zamini qismində Rusiya Federasiyası və Türkiyə Respublikasının rolunu xüsusi qeyd etmək olar.

Sentyabr-noyabr aylarında davam etmiş hərbi döyüşlər zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı muzdlulardan və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilməsi barədə XİN tərəfindən müfəssəl hesabat hazırlanaraq BMT üzv dövlətlərinə, eləcə də müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilib.

Ermənistanın ölkəmizə qarşı son hərbi təcavüzü zamanı erməni diaspor təşkilatları tərəfindən təsis edilmiş fondlar vasitəsilə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimə və silahlı birləşmələrə maliyyə dəstəyinin göstərilməsinin qarşısının alınması istiqamətində “xeyriyyə təşkilatları” adı altında bu cür dəstəyi həyata keçirən qurumlar, eləcə də onlara xidmət göstərən bank və maliyyə təşkilatları barədə hesabat hazırlanaraq BMT üzv dövlətlərində maliyyə monitorinqini həyata keçirən strukturlara və müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilib və fəaliyyəti terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş bu cür fondlara və qurumlara qarşı sərt tədbirlərin görülməsi tələb edilib.

Həmçinin bu dövr ərzində Azərbaycana qarşı yeni hərbi təcavüzü çərçivəsində Ermənistan tərəfindən beynəlxalq insan hüquqları hüququ və beynəlxalq humanitar hüququn pozulması, o cümlədən mülki şəxslərin məqsədyönlü hədəfə alınması, öldürülməsi, ictimai və şəxsi mülkiyyətin, mülki infrastrukturların hədəf alınması və bu əməllərin hüquqi qiymətləndirilməsi barədə mütəmadi hesabatlar hazırlanaraq BMT başda olmaqla, bütün aidiyyəti beynəlxalq təşkilatlara, habelə dövlətlərin Xarici İşlər Nazirliklərinə təqdim edilib.

Hərbi əməliyyatlar davam etdiyi müddətdə bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına dəstək nümayiş etdirərək, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən və Azərbaycanla həmrəyliyini ifadə edən mövqedən çıxış edib.

44 gün ərzində aparılmış Vətən Müharibəsində Azərbaycanın haqq mövqeyini hər zaman dəstəkləyən və yüksək mənəvi yardımını əsirgəməyən Türkiyənin töhfəsini ayrıca vurğulamaq lazımdır. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Türkiyə-Azərbaycan qardaşlığının və birliyinin sarsılmaz olduğu növbəti dəfə özünü bariz şəkildə büruzə verib.

Azərbaycanın ağır günlərində onun haqlı mövqeyinə izhar olunan birmənalı beynəlxalq dəstək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şəffaf, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında həyata keçirilən uğurlu xarici siyasət fəaliyyətin nəticəsi olub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri