25 
Yan
2021
21:23
1251
92
15009
Virtual karabakh

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - FOTO

25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur.

Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri də dövlət başçısı İlham Əliyevdir.

Hazırda İlham Əliyevin tələbə bileti onun 1977-ci ildə daxil olduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) muzeyini bəzəyir.

Hələ o zaman onun 15 yaşı var idi və ali təhsil ocağına müraciət etmək üçün altı aydan sonra 16 yaşına çatacağı barədə arayış təqdim etməli idi.

İlham Əliyev valideynləri Heydər Əliyev və Zərifə Əliyeva ilə

İ.Əliyev MDBMİ-də 15 il qalmalı oldu; universiteti bitirdi, aspiranturaya daxil oldu, dissertasiya müdafiə etdi və dünya tarixi fənnini tədris etdi.

Onun tələbə yoldaşları və tələbələri “Sputnik”ə Azərbaycan Prezidentinin həyatındakı həmin dövr barədə danışıblar.

Hekayələr çox olub, ancaq onlar şəxsidir

“Biz İlhamla, əgər belə demək mümkündürsə çox adi şəraitdə - 1977-ci ilin sentyabrında Beynəlxalq münasibətlər fakültəsinin birinci ilinə həsr edilmiş iclasında tanış olmuşuq. O, ümumi mühitdə fərqlənmirdi, hamı kimi idi, yəqin ki, məhz bu səbəbdən sonradan onunla dostlaşdıq. Hərçənd ki, qeyd etmək yerinə düşər ki, bizdə valideynləri yüksək vəzifə sahibi olan bir çox tələbələr oxuyurdu, lakin heç kim bununla öyünməyib”, deyə İlham Əliyevin dostlarından biri, siyasi elmlər doktoru, “Obozrevatel Observer” elmi-analitik jurnalının baş redaktoru Vladimir Ştol bildirib.

İlham Əliyevin tələbə vəsiqəsi

Bir çox ortaq maraqlar olub - birlikdə sosial və idman tədbirlərində iştirak edir, şənliklərin proqramlarını hazırlayır, sovet və xarici pop musiqilərini dinləyirdilər.

V.Ştol hətta Azərbaycan dilini öyrənməyə başlayır və bəzi ifadələri hələ də xatırlayır. Hər ikisi aspiranturaya daxil olub və daha sonra İ. Əliyev Avropa və Amerika ölkələri tarixi, V.Stol isə Beynəlxalq münasibətlər və SSRİ-nin xarici siyasətinin tarixi bölməsində dərs deyiblər.

Soldan sağa: Sevil Əliyeva, Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev

“Parlaq hekayələrimiz çox olub, amma onlar əsasən şəxsidir və mən bu barədə danışa bilmərəm. Elə bir dövr olub ki, İlhama asan olmayıb, atasını bütün vəzifələrdən kənarlaşdırmışdılar, lakin o, heç vaxt şikayət etməyib. Azərbaycan Prezidenti olandan sonra da, o, heç dəyişməyib, ürəyi açıq, həssas və xeyirxah insan olaraq qalıb.

Soldan sağa: Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev

İlham Əliyevin yanında özümü yenə də tələbə kimi hiss edirəm

MDBMİ-nin Beynəlxalq İdarəetmə şöbəsinin müdiri Yeqor Andreyev İlham Əliyevdən dərs alıb və o vaxtları heyranlıqla xatırlayır.

“İlham Heydəroviç çox gənc bir müəllim idi və qrupumuzdakı tədris prosesinə qeyri-adi bir yanaşma aşıladı, bizdə ona etimad yarandı, onunla münasibətlərimiz formalaşdı.  Adətən müəllimlərlə münasibərdə bir növ psixoloji baryer, hətta qorxu olur, lakin bizim münasibətlərimizdə oxşar hallar mövcud deyildi. Bizim çox şeylər barədə soruşmağımıza, düşünməyimizə icazə verilirdi. Bu, böyük bir başlanğıc, peşəmizə yiyələnmək üçün vacib bir təkan oldu”, deyə İ.Əliyevdən dərs almış tələbəsi xatırlayır.

Bəlkə də İlham Əliyev olmasaydı, Yeqor Andreyev MDBMİ-də qalıb diplomat olmazdı. O, xalq artistləri Vladimir Andreyev (M.Yermolova adına teatrın rəhbəri) və Nataliya Seleznevanın (“İvan Vasilyeviç peşəsini dəyişir” filmindəki Zina obrazını canlandıran aktrisa) ailəsində dünyaya göz açıb. Valideynlər onu səhnədə görməkdən məmnun olardılar, amma onun müəllim İ.Əliyevlə görüşü Y.Andreyevi peşə seçiminin düzgünlüyünə inandırdı.

İlham Əliyev, Mehriban Əliyeva və Heydər Əliyev

“Heydər Əliyevin gözlənilmədən birlik səviyyəsində fərdi təqaüdçü olduğu dramatik dövr də xatirimdədir. Bu, 1988-1989-cu illər idi. Mən anamla “Bolşoy Sadovoy” və “Malaya Bronnaya” küçələrinin kəsişməsində yerləşən Əmanət kassasına getmişdim və orada İlham Heydəroviçin öz atası ilə növbədə gözlədiyni gördüm. Heydər Əliyev anamı tanıdı, nəzakətlə Satira Teatrının necə işlədiyini, hansı yeni əsərlərin tamaşaya qoyulduğunu, teatra dəvət olunan dramaturq və rejissorlar barədə soruşdu. Bunu o qədər peşəkarcasına soruşurdu ki, sanki başqa qayğı və problemləri yox idi”, deyə Y. Andreyev xatırlayır.

Protokollara, müxtəlif rəsmi tədbirlərdə ünsiyyət üçün qəbul edilmiş prosedura bələd olan diplomat İlham Əliyevin sərbəstliyinə heyranlığını vurğuladı.

İlham Əliyev

“Bir dəfə təntənəli şam yeməyi zamanı məni masa arxasında gördü və mən mühafizəçiləri və protokol hissəsini adlayaraq qeyri-rəsmi olaraq ona yaxınlaşa biləcəyimi anladım. İlham Heydəroviç mənim əlimi möhkəm bir şəkildə sıxdı, valideynlərimi soruşdu, yeni xəbərlər barədə məlumat aldı, indi nə işlə məşğul olmağımla maraqlandı. O anda özümü dövlət başçısının yanında dayanan rəsmi nümayəndə heyətinin üzvü kimi yox, müəllimi ilə söhbət edən həmin MDBMİ tələbəsi kimi hiss edirdim”, deyə Y.Andreyev fikrini yekunlaşdırdı.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri