25 
Fev
2021
17:48
230
8
761
Virtual karabakh

Azərbaycan-Çexiya parlamentlərarası dostluq qrupu Xocalını müzakirə etdi

25 Fev, 2021
17:48
761

Azərbaycan-Çexiya parlamentlərarası dostluq qrupu Xocalını müzakirə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 25-də Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev və Çexiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Zdenek Ondraçek arasında onlayn formatda görüş keçirilib.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Elnur Allahverdiyev bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan Çexiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır.

2013-cü ilin fevral ayında Çexiya Parlamentinin Deputatlar Palatasının Beynəlxalq əlaqələr komitəsinin Xocalıda Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımla bağlı qətnamə qəbul etdiyi və bu cinayət hadisəsini pislədiyi razılıqla qeyd edilib.

Elnur Allahverdiyev bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Çexiya parlamentinə təşəkkürünü ifadə edib. Diqqətə çatdırıb ki, Çexiya Avropa İttifaqının üzvləri arasında Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən bu qətliama ədalətli qiymət verən ilk dövlətdir. Azərbaycan xalqı və dövləti bunu yüksək dəyərləndirir.

Diqqətə çatdırılıb ki, sabah – fevralın 26-da Xocalı hadisələrinin növbəti ildönümüdür və bütün Azərbaycan xalqı bu acı tarixi ümummilli faciə kimi yad edəcək. Eyni zamanda, ölkəmizin  Çexiyadakı səfirliyi tərəfindən bununla bağlı tədbir keçiriləcək və bu soyqırım haqqında həqiqətlər geniş ictimaiyyətin diqqətinə çatdırılacaq.

Bildirilib ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan erməni təcavüzünə artıq son qoyulub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu düşmənə layiqli zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edib, dövlətimizin ərazi bütövlüyü bərpa olunub.  Bu gün  həmin ərazilərdə artıq yenidənqurma və bərpa işləri uğurla həyata keçirilir.

Deputat onu da diqqətə çatdırıb ki, ötən il noyabrın 9-da  Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyi arasında bəyanat imzalanıb. Azərbaycan tərəfi bu bəyanatdan irəli gələn bütün öhdəliklərə əməl edir. Lakin Ermənistan yenə də Azərbaycan ərazisində terror aktları həyata keçirməyə cəhdlər edib. Lakin bu cəhdlərin qarşısı müvəffəqiyyətlə alınıb.

Çexiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Zdenek Ondraçek Azərbaycana iki dəfə səfər etdiyini, parlamentdə bir sıra görüşlər keçirdiyini söyləyib. O, Azərbaycan xalqı ilə yaxından tanış olduğunu və buradakı qonaqpərvərliyi təqdir etdiyini deyib.

Çexiyalı deputat ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. Çexiyalı deputat Çexiyanın da Liditsa kəndində, ölkənin bir sıra digər şəhərlərində soyqırımların baş verdiyini bildirib, bu qanlı tarixlərin daim xalqlarımızın yaddaşında qalacağını deyib.

O, Qarabağda aparılan yenidənqurma və bərpa prosesini yüksək qiymətləndirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Söhbət zamanı parlamentlərarası münasibətlərin gələcək inkişaf perspektivləri, dostluq qrupları çərçivəsində əlaqələrin genişləndirilməsi, habelə iqtisadi sahədə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri