Mar
2021
13:36
537
48
4477
Virtual karabakh

Prezidentin dörd dildə master-klası əcnəbiləri heyran etdi - ŞƏRH

1 Mar, 2021
13:36
4477

Prezidentin dörd dildə master-klası əcnəbiləri heyran etdi - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 26-da Prezident İlham Əliyevin dörd saatdan çox davam edən mətbuat konfransı bir sıra aktual məsələlərin səsləndirilməsi beynəlxalq medianın diqqəti baxımından olduqca önəmli hadisə oldu.

Dövlət başçısı konfransda jurnalistlərə 29 il əvvəl Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilən Xocalı cinayəti haqqında danışıb və bu soyqırımı nəticəsində 613 mülki şəxsin xüsusi qəddarlıqla qətlə yetirildiyini, onlardan 106-sının qadın, 63-ünün uşaq olduğunu bildirib.

İ.Əliyev qeyd edib ki, Azərbaycan Ordusu tərəfindən İkinci Qarabağ müharibəsi zamanı Xocalı soyqırımını törədən hərbi cinayətkarların bir çoxunun məhv edildiyini xatırladıb.

“Biz yeni reallıq yaratdıq. Otuz il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir, siz reallıqla barışın.

Çalışın ki, bu reallıqdan özünüz üçün maksimum məqbul variant seçin, yəni, pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik, öz mövqeyimizdən bir addım belə geri atmırdıq və mən bunu açıq bəyan edirdim. İndi isə, mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq.

Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. İndi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər”, - deyə Prezident konfransda çıxışı zamanı qeyd edib.

Prezident dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində 35 müxbirin verdiyi 50-yə yaxın suala cavab verib. Bununla da İ.Əliyev ölkəmizin həqiqətlərini, yeridilən daxili və xarici siyasətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox vacib əhəmiyyət kəsb edir.

Konfransda xarici jurnalistlər tərəfindən bır sıra maraqlı suallar da verilib. 

Ukraynanın “1+1” telekanalının əməkdaşı Azərbaycanın ərazilərini işğaldan hərbi yolla azad edilməsi təcrübəsini Ukrayna ilə bölüşmək imkanın olması barədə sual verib. 

Prezident Ukrayna ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq məsələsinə gəldikdə, prinsip etibarilə bu əməkdaşlığın böyük tarixi olduğunu, müstəqilliyin ilk illərində Ukrayna hərbi-texniki əməkdaşlıq məsələsində bizim əsas tərəfdaşımız olduğunu, lakin tədricən bu əməkdaşlıq yox dərəcəsinə endiyini vurğulayıb:

“Açığını deyim ki, bu gün də həmin əməkdaşlığın həcmi o qədər də böyük deyil. Hərçənd, bizim hərbi sənayenin formalaşmasına gəldikdə, biz öz hərbi sənayemizi yaratmağa başlayanda Ukrayna müəssisələri bu işdə bizə çox kömək ediblər və bizim hərbi məhsullar istehsal edən müəssisələrin çoxu Ukrayna şirkətləri ilə birgə müəssisələr idi.

Mənə məlum olduğuna görə, bu gün Ukraynanın hərbi-texniki kompleksi inkişaf dövrünü yaşayır. Azərbaycanda da belədir. Ona görə hesab edirəm ki, bu istiqamətdə də əməkdaşlıq üçün imkanlar var.

Lakin açıq deyim ki, hələlik istər Ukrayna, istərsə də Azərbaycan tərəfindən hər hansı konkret layihələr və təkliflər olmayıb. Yəqin ki, hələ bunun vaxtı yetişməyib”.

İ.Əliyevin dörd saatdan çox davam edən mətbuat konfransında dörd dildə cavab verməsi xarici jurnalistlər tərəfindən maraqla qarşılanıb.

Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal bildirib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmayıb.

“Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısınız. Dünən sizin bəzi nazirlərinizlə də görüşlər keçirdik. Onlar da bizə məsələlərlə bağlı dolğun məlumat verdilər”, - deyə o əlavə edib.

Konfransda daha bir maraqlı sual “La Vanguardia” qəzetinin əməkdaşı tərəfindən verilib.

Müxbir İ.Əliyevin dil qabiliyyətini qeyd edib və bildirib ki, İspaniyada siyasətçilər bunu edə bilmir.

Sözügedən mətbuat konfransında Azərbaycanın sülhə sadiqliyi, bölgədə sabitliyin və sülhün qorunması ilə bağlı mövqeyi də beynəlxalq aləmə çatdırıldı. Belə ki, Rusiyanın “Zvezda” və “Bolşaya Aziya” mediaholdinqlərinin müxbiri Prezident İlham Əliyevin bütün dünyanın gözü qarşısında nadir presedent yaratdığını, hətta Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiyini, 23 dəfə sülh haqqında danışdığını diqqət çəkib.

Bu gün Azərbaycan tərəfi çalışır ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. 

Qarabağ həqiqətlərinin dünyaya çatdırılması və azad edilmiş bölgələrdə yenidənqurma işlərinin aparılması haqqında da yeniliklərə konfransda aydınlıq gətirildi.

İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Xarici KİV-lər dörd saatdan çox davam etmiş mətbuat konfransında İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd ediblər.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri