12 
Apr
2021
17:18
442
117
1740
Virtual karabakh

İlham Əliyev: “Kəndlər işğal altına düşürdü, AXC-Müsavat cütlüyü isə Ermənistana benzin satırdı”

12 Apr, 2021
17:18
1740

İlham Əliyev: “Kəndlər işğal altına düşürdü, AXC-Müsavat cütlüyü isə Ermənistana benzin satırdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müstəqillik əldə olunandan dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət, vəhşilik törətdi, dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar... Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır. Ondan çox ölkə bu soyqırımı rəsmən tanıyıb. Xocalı soyqırımından 3 ay sonra Şuşa və Laçın işğal altına düşdü. Və məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti hesabına Şuşa və Laçın işğal altına düşdü. 

Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.

“Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi. Hansı ki, söz vermişdi ki, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu günə qədər orada-burada sülənir tula kimi... Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi - Müsavatın əlində idi. Və onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək, hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Ondan sonra nələr baş verdi? Ondan sonra faktiki olaraq ölkə idarəolunmaz vəziyyətə düşmüşdü, xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. 

Kəndlər işğal altına düşürdü, AXC-Müsavat Ermənistana benzin satırdı, özləri də bunu etiraf etmişdilər. O video-materiallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədir. Ordunu gücləndirmək əvəzinə, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər. Naxçıvanda Heydər Əliyev blokada şəraitində imkan vermədi ki, ermənilər Naxçıvanı işğal altına salsınlar. Halbuki dəfələrlə belə cəhdlər olub. Orada, sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki şəxslər sinəsini qabağa verərək, öz torpaqlarını müdafiə ediblər. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyyətdən devirsinlər. O vaxt daxili qoşunlar komandanı, bu gün xaricdə gizlənən tula ora desant göndərirdi. Torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Heydər Əliyevə qarşı mübarizə aparırdılar.

Bunlar Xalq Cəbhəsi-Müsavat xəyanətkarlarının əməlləridir. Ancaq qorxdular, heç burunlarını soxa bilmədilər. Çünki xalq qalxdı, dedilər ki, gələn kimi sizi burada məhv edəcəyik. Vətəndaş müharibəsinə start verdilər, Gəncəni bombaladılar, Azərbaycan əsgərlərini əsir götürdülər, torpaqlar işğal altına düşə-düşə. Bu, xəyanət deyil, bəs nədir?! 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verdilər. Ondan sonra təşvişə düşdülər, qorxuya düşdülər, depressiyaya düşdülər. Bu günə qədər də bu depressiyadan çıxa bilmirlər. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər. Ona görə, mən deyəndə ki, bunlar xəyanətkardırlar, satqındırlar, düşməndirlər, bax, buna əsaslanaraq deyirəm. Tarixi faktlara əsaslanaraq deyirəm. Onların mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil”, - deyə Prezident bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri