12 
Apr
2021
17:34
422
32
1073
Virtual karabakh

Prezident: “Bütün bu illər ərzində bizi aldatmağa çalışmışdılar”

12 Apr, 2021
17:34
1073

Prezident: “Bütün bu illər ərzində bizi aldatmağa çalışmışdılar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2003-cü ildə prezident seçiləndən sonra demişdim ki, sıfırdan başlamalıyıq danışıqlara. Bütün təzyiqlərə baxmayaraq, buna nail oldum. Bunun nəticəsində Madrid prinsipləri ortaya çıxdı. Bəli, Madrid prinsipləri bizi tam qane etmirdi. Mən bunu gizlətmirəm. Ancaq Madrid prinsiplərinin əsasında bizim torpaqlarımızın azad edilməsi nəzərdə tutulurdu. 

Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.

“Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti, mövzusu olmayacaq, olmayıb və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəf müqabili nə deyirsə, o həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışdılar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu torpaqları erməni tapdağının altında daima saxlamaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar... Onu sonra anladım. 

Ancaq bununla paralel olaraq, danışıqları apararaq, eyni zamanda hazırlıq işləri də gedirdi. Mən bunu gizlətmirdim, dəfələrlə demişdim ki, əgər sülh yolu ilə məsələ həll olunmasa, hərbi yolla biz bunu həll edəcəyik. Nəticədə də belə oldu. Nə demişəmsə, onu da eləmişik. Bütün bu illər ərzində demişdim ki, heç vaxt erməni dövləti bizim torpağımızda yaradıla bilməz. Demişdim ki, birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin birinci qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Mən bunu da qınamışam. Demişəm ki, bu, xəyanət idi, satqınlıq idi, bağışlanılmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin böyük xidmətləri var Azərbaycan xalqı qarşısında, ancaq biz tarixi malalamamalıyıq, tarixi bilməliyik.

Bilməliyik, 1918-1920-ci illərdə ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi, müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Halbuki buna o vaxt İrəvandan olan nümayəndələr etiraz edirdilər. Onların səsinə fikir verən olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik. Hər şeyi bilməliyik - kimin tarixdə hansı rolu var və nəticə nədən ibarətdir”, - deyə İ.Əliyev bildirdi. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri