14 
Apr
2021
14:30
404
43
11204
Virtual karabakh

Hərbi Qənimətlər Parkının cırdığı maskalar: Erməni sevgisi üzə çıxdı, ürəkləri ağrıdı...

14 Apr, 2021
14:30
11204

Hərbi Qənimətlər Parkının cırdığı maskalar: Erməni sevgisi üzə çıxdı, ürəkləri ağrıdı...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdakı Hərbi Qənimətlər Parkında Vətən Müharibəsində məhv edilmiş erməni əsgərlərinin dəbilqələrinin nümayişi bəzilərinin ürəyini ağrıdır, sümüklərini sızladır.

Nədənsə onların bu yanaşması Ermənistan rəsmi dairələrinin mövqeyi ilə üst-üstə düşür. Bəziləri isə utanmazlığın, həyasızlığın zirvəsində dayanaraq karikatura çəkməyi belə öz həyasına və vicdanına rahatlıqla oturda bilir.

Bu düşüncələrin və ya yanaşmaların toxumu harada səpilib, necə cücərib və ictimai rəydə özünə yer tapıb?  Necə olub ki, tirajlanan “sülhpərvər” fikirlərlə erməni diasporunun, Ermənistan hakimiyyətinin mövqeyi bir-birilə uzlaşır?

Geniş araşdırma tələb edən mövzudur. Bəlkə də heç bir əlaqəsi yoxdur və tamamilə təsadüfdür. Hər nədirsə, təqdir olunası bir mövqe deyil və ictimai qınağa layiqdir. Yox, yox, demirik ki, saxta vətənpərvərlik duyğuları tüğyan etsin, linç prosesinə start verilsin və vətənpərvərlik istismara məruz qalsın. Lakin humanizm təkcə bir tərəfə münasibətdə ifadə olunursa, bəzi faktlar da xatırlansın. Ən azından işğalçılıq, barbarlıq, vandallıq.

Beyin məhsulundan çox, xaraba mənəvi dünyalarından gələn “arqumentlərinə” baxın! Guya erməni əsgərlərinin dəbilqələrinin nümayiş etdirilməsi humanizmə zidd imiş.

Ermənistanın Birinci Qarabağ və Vətən müharibələrində cinayətlər törətməsinə görə, bunların səsi çıxırdımı? İndi Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün keçirdiyi hərbi əməliyyatlarda məhv edilən ermənilərin ruhu niyə bunlara əziz olub – yəqin ki, dünyanın ən istedadlı yazıçısı da bu vəziyyəti təsvir edə bilməz və güclü psixoloq buna aydın izah verə bilməz.

Azərbaycan ordusu ölkəmizin işğal olunmuş ərazilərini azad edərkən hərb meydanının tələb və şərtləri çərçivəsində erməni əsgərlərini, texnikalarını sıradan çıxarıb. Nə mülki əhaliyə divan tutub, nə də ki Ermənistanın öz ərazisində olan hərbçiləri, hərbi obyektləri hədəf alıb. 

Hərbi Qənimətlər Parkında sərgilənən hərbi texnika və əsgər dəbilqələri Ermənistan və işğal siyasəti yürüdən digər ölkələrə görkdür.

Bu görkdə isə qeyri-qanuni elementlər axtarmaq qədər mənasız bir şey yoxdur. Əgər kimsə buna məna yükləyirsə, “humanizm” əbasına bürünərək ağına-bozuna baxmadan ağlına gələni danışırsa, bunun çox adı var. O adları ümumiləşdirib deyə bilərik – bu, həyasız, vicdansız riyakarlığın bütün hərflərinə qədər təzahürləridir.

Xocalı faciəsi, Vətən müharibəsi zamanında Ermənistanın mülki azərbaycanlılara qarşı cinayətləri haqqında küt bir susqunluq nümayiş etdirənlər indi “humanist” libaslarını geyinib danışırlar.

Hərbi Qənimətlər Parkı kimi dünyada bir çox model mövcuddur. Danimarka Müharibə Muzeyində İkinci Dünya Müharibəsində qəddar aktlar törətmiş nasistlərin uniformaları nümayiş etdirilir. Belə bir muzeylər Böyük Britaniyada, Polşada da fəaliyyət göstərir. 

1944-cü ildə Fransa hərbi parad zamanı əsir düşən nasist əsgərlərin keçidi olub.

Cənubi Koreyanın paytaxtı Seulda da hərbi muzey mövcuddur və burada Şimali Koreya-Cənubi Koreya müharibəsində ələ keçirilmiş qənimətlər nümayiş olunur.

Hərbi qaydalar, müharibə adi ictimai münasibət qaydalarından fərqlidir, burada ölmək də var, öldürmək də. Amma bunun da öz qaydaları var.

Müharibədə qalib gəlmiş dövlətin isə düşmən qənimətlərindən park və ya kompleks düzəltməsi çox normaldır.

İnsanlıq ancaq Azərbaycanın qaydalar çərçivəsində etdikləri zaman yada düşürsə, ermənilərin azərbaycanlılara qarşı dəhşətli cinayətləri görməzdən gəlinirsə, bu saxtakar mənəviyyatın göstəricisidir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri