15 
Apr
2021
13:12
252
113
816
Virtual karabakh

Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün bir güzgü olacaq

Bəşər tarixi çox müharibələrə şahidlik edib, uzunmüddətli də olub, qısamüddətli də. Bu müharibələrin hansı səbəblərdən baş verdiyi isə bir ayrı söhbətin mövzusudur. 

Azərbaycan xalqı sülhsevər xalqdır, nə edəsən ki, tarix boyu çətinliklərlə, haqsızlıqlarla üzləşib. Bu xüsusda ermənilər daha çox fərqləniblər, bizə daha çox pisliklər ediblər. 200 il ərzində fasilələrlə azərbaycanlılara qarşı olmazın vəhşiliklər, qırğınlar, soyqırımlar törədən ermənilərin, nəhayət, 44 günlük Vətən müharibəsində məğlub edilməsi, onların uzun illər özləri barədə uydurduqları miflərin dağıdılması çox böyük önəm daşıyır. Vətən müharibəsindəki ağır məğlubiyyətdən sonra bu xalqın düşünmək üçün xeyli vaxtı olacaq, hansı nəticələri çıxaracaqlarını isə proqnozlaşdırmaq çətindir, özləri bilərlər... 

Son müharibə bizə qələbə, düşmənə isə acı məğlubiyyət gətirdi. Yəqin ki, onlar bir neçə gün əvvəl Bakı bulvarında açılan Hərbi Qənimətlər Parkından görüntüləri izlədikcə xeyli məyus olacaqlar. Axı, təkcə bunlar deyil, ümumiyyətlə, müharibə zamanı və sonrakı aylar ermənilərin əsl iç üzü bütün dünyaya tanıdıldı. Ayrı-ayrı xalqlar onların necə riyakar, vəhşi, yırtıcı, mədəniyyətsiz və əxlaqsız olduqlarını əyani şəkildə gördülər. Sual olunur: bütün bunlara dəyərdimi? Təsəvvür edin: 44 gün ərzində saysız-hesabsız canlı itki, 125 artilleriya topu, 366 tank, 7 ədəd S-300 kompleksi, 522 yük avtomobili, daha nələr, nələr... Nə az, nə çox - təxminən 5 milyard dollar həcmində hərbi texnika ordumuz tərəfindən ya məhv edilib, ya da qənimət götürülüb.

Parkın açılışında hərbçilərimiz qarşısında çıxış edən Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev bütün bunlar barədə ətraflı danışdı, rəşadətli əsgər və zabitlərimizin hünər və qəhrəmanlıqlarını yüksək qiymətləndirdi, onlardan bəzilərini yeni təsis edilən ordenlərlə təltif etdi. “Biz hər gün onları qovurduq!” - deyən dövlət başçımız tədbirdə xüsusi vurğuladı ki, Azərbaycan Ordusunun bütün əməliyyatları düşünülmüş şəkildə aparılırdı. Bu sözlərdə böyük həqiqət var. Çünki düşmən 30 il ərzində özünə çox güclü istehkamlar yaratmışdı. Belə istehkamlar bir çox hallarda 10 qatdan ibarət idi (bunlar yeni salınan parkda nümayiş olunur). Sözsüz ki, belə olan halda düşmənə qalib gəlmək elə də asan görünməsin. Ancaq Prezidentin dediyi kimi, bizim əsgər və zabitlərimizin mənəvi ruhu çox yüksək idi, hərbçilərimizin vətənpərvərlik hissi olduqca güclü idi. 

Döyüşmək, torpaqlarımızı düşmən tapdağından azad etmək, ölümün gözünə dik baxmaq, qalib gəlmək eşqi – bax, bu keyfiyyətlər bizi qələbəyə qovuşdurdu. Erməni ordusu bütün dünyada rüsvay oldu. Parkın açılışında Ali Baş Komandan öz çıxışında qürurla dedi: “Ölümə gedirdilər bizim aslanlar!” Bu, gerçəkdən belə idi. Dünya Şuşanın necə alınmasını bilincə, hələ də heyrətini gizlətmir. Bəli, belə qəhrəmanlığı məhz Azərbaycan oğulları göstərə bilərdilər. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Ümid edək ki, yaralı qazilərimiz də tezliklə şəfa tapacaqlar. 

Hərbi Qənimətlər Parkının açılışında ölkə Prezidenti çox mətləblərə toxundu. Dövlət başçısının “biz güclü iqtisadiyyat qurmadan, bu qələbəni qazana bilməzdik” fikrinə əsaslanaraq demək istəyirəm ki, bu təməl hələ ulu öndərimiz Heydər Əliyevin sağlığında qoyulub. 

Ümummilli liderin layiqli davamçısı İlham Əliyev isə 2003-cü ildən bəri həm iqtisadiyyatımızın, həm də ordumuzun inkişafı üçün misilsiz işlər gördü. Azərbaycan Ordusu Vətən müharibəsində çox böyük tarix yazdı. Heç kimə sirr deyil ki, hətta dünyanın aparıcı dövlətləri belə qələbəmizin hansı taktika və strategiya üzərində əldə edilməsini araşdırır. Şübhəsiz ki, son müharibə bir daha sərkərdənin çox böyük əhəmiyyətini ortaya qoydu. Ali Baş Komandan İlham Əliyev isə sübut etdi ki, o, nəinki güclü sərkərdə, həm də böyük diplomatdır, xalqının əsl dövlət rəhbəridir. Böyük siyasətçilər belə deyirdilər ki, tarixi yaradan da, böyükdür, tarixi yazan da böyükdür. Bu qələbə ilə xalqımız sanki bir daha özünü tanıdı.

Hərbi Qənimətlər Parkına gələnlər isə sözsüz ki, qürur hissi keçirəcək, bu zəfəri tariximizin qızıl səhifəsi kimi yadda saxlayacaqlar. Belə bir parkın salınmasının xüsusilə gənclərimiz və gələcək nəsillərimiz üçün hansı əhəmiyyət daşıdığını izah etməyə isə yəqin ki, ehtiyac yoxdur.

Əliabbas Salahzadə, millət vəkili

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri