16 
Apr
2021
12:12
25
99
1537
Virtual karabakh

Deputatdan minalanmış ərazilərlə bağlı əhaliyə MÜRACİƏT

16 Apr, 2021
12:12
1537

Deputatdan minalanmış ərazilərlə bağlı əhaliyə MÜRACİƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə basdırdığı minaların xəritələrini verməkdən imtina edir. Bu da hərbçilərimizin, mülki vətəndaşlarımızın minaya düşərək ölməsi və ya yaralanması ilə nəticələnir. Bu, həm də Ermənistanın müharibə cinayətidir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O bildirib ki, minalardan təmizlənməmiş ərazilərə keçmək olmaz.

“Bununla bağlı mütəmadi olaraq müvafiq orqanlar əhaliyə müraciət edir. Minalardan təmizlənmə prosesi uzunmüddətlidir. Biz insanlarımızın hisslərini, həsrətini anlayırıq. Onlar işğaldan azad olunmuş ərazilərə, öz dədə-baba torpaqlarına getmək istəyirlər, bu istək normaldır. Ancaq o ərazilərə qanunsuz olaraq getmək çox təhlükəlidir”, - deyə V.İskəndərov əlavə edib.

Millət vəkili qeyd edib ki, vətəndaşların minaya düşərək həlak olması hamımızı incidir. O, işğaldan azad edilmiş ərazilərə qanunsuz keçidin qarşısını almaq üçün radikal addımlar atılmasının tərəfdarı olduğunu bildirib:

“Dəfələrlə müvafiq orqanların xəbərdarlıq etmələrinə baxmayaraq, hələ də həmin ərazilərə keçmək istəyənlərin saxlanılmasını, kiminsə minaya düşməsi xəbərlərini eşitməkdəyik. Bu, çox narahatedici amildir. Mən radikal yanaşmanın tərəfdarıyam. İnzibati yollar effekt vermir, bu baxımdan başqa metodlara baxılmasına ehtiyac var”.

V.İskəndərov qeyd edib ki, Azərbaycanın müvafiq qurumları minaların xəritəsini əldə etməyə çalışır.

“Ancaq bu, hələlik baş verməyib. Buna görə də, insanlarımız minalı ərazilərə getməkdən çəkinməlidirlər. Səbirli olaq, həmin yerlər minalardan təmizlənsin, orada abadlıq, quruculuq işləri aparılsın, sonra o ərazilərə gedək”, - deyə V.İskəndərov fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri