19 
İyl
2021
13:12
366
33
2044
Virtual karabakh

İlham Əliyev Avropanın Bakıya güclü siyasi dəstək verməsinin əhəmiyyətini xatırladır – TƏHLİL

19 İyl, 2021
13:12
2044

İlham Əliyev Avropanın Bakıya güclü siyasi dəstək verməsinin əhəmiyyətini xatırladır – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17-18 iyul tarixlərində Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıda İrəvandakından fərqli olaraq daha yüksək səviyyədə qarşılandı.

Prezident İlham Əliyev Şarl Mişellə müzakirələri birgə işçi nahar süfrəsi arxasında apardı, bunu müzakirələrin səmimi atmosferdə keçməsi və tərəflərin öz maraqlarını səmimi şəkildə ifadə etməsi kimi xarakterizə etmək olar.

Şarl Mişel İrəvanda Qarabağa dair hər hansı “status” məsələsindən söz açmışdı, Bakıda isə bunu etmədi və edə də bilməzdi.

Böyük ehtimal ki, İlham Əliyev görüşdə Avropa İttifaqının postmüharibə dövründə ikili yanaşma nümayiş etdirməsinin və Ermənistanın işğalçılıq siyasəti ilə üst-üstə düşən bəyanatların verilməsinin Brüsselə fayda gətirməyəcəyini diqqətə çatdırıb.

Avropa İttifaqı Azərbaycanla münasibətləri daha çox iqtisadi əsaslarla nəzərdən keçirir və bunu dərinləşdirmək istəyir. Lakin postmüharibə dövründə Brüssel iqtisadi əlaqələrin perspektivdə daha böyük həcmə gətirilməsi üçün Bakıya ardıcıl siyasi dəstək verməlidir.

Çünki Brüssel aydın başa düşür ki:

1. Azərbaycan Avropanın enerji bazarlarında mühüm çəki qazanır və Avropanın enerji bazarları Bakıdan idxal olunan təbii qazın hesabına şaxələnir,

2. Avropa İttifaqı Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır. Çünki bu, Çinlə iqtisadi-ticari əlaqələrində orta dəhliz statusunda böyük əhəmiyyətə malikdir.

3. Avropa İttifaqı öz imkanlarını Azərbaycanla imzaladığı “Tərəfdaşlıq prioriteti” sənədi üzərindən də nəzərdən keçirməlidir.

İlham Əliyev görüşdən sonra keçirilən birgə mətbuat konfransında Bakının Avropa üçün əhəmiyyətini xatırladıb.

Dövlət başçısı “Artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. İndi sözsüz ki, qaz təchizatçısı kimi bizim potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir” deməklə Azərbaycanın Avropa İttifaqı məkanında mühüm rol oynadığı mesajını verib.

İlham Əliyevin mesajının mahiyyəti odur ki, Avropa İttifaqı ən azından iqtisadi münasibətləri nəzərə alaraq mütləq şəkildə Bakı ilə münasibətlərdə hər hansı ikibaşlı mövqelərdən çıxış etməməlidir.  

İlham Əliyev Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından sonra sülh barədə düşünməyin zamanı olduğunu xatırladıb, bununla da Şarl Mişelin İrəvandakı “status” bəyanatının üzərindən xətt çəkib və onun qızışdırıcı açıqlama olduğuna işarə edib.

Ermənistanla yekun sülh sazişi isə sərhədlərin müəyyənləşməsindən, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasından, İrəvanın Qarabağla bağlı istənilən növ ambisiyalarından əl çəkməsindən sonra imzalana bilər.

Yekun sülh sazişi ilə bağlı Azərbaycan beynəlxalq güclərin də təkliflərini nəzərdən keçirir və Avropa İttifaqından praqmatik yanaşmalar gözləyir.

Görünən odur ki, hələlik ortaq məxrəc tapılmayıb və masa üzərindəki bəzi məsələlərə münasibətdə Brüssel aydın və konkret mövqe sərgiləmir.

Bunu İlham Əliyevin bəyanatından da duymaq mümkündür, Prezident qeyd edib ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməli qoyula bilər.

“Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq”-deməsi isə bu məsələdə Avropa İttifaqının üzərinə böyük məsuliyyət düşdüyünü, praqmatik ritorika nümayiş etdirməsinin vacibliyini xatırlatmaqdır.

Şarl Mişel mətbuat konfransında İlham Əliyevin iqtisadi əlaqələr və enerji sektorunun əhəmiyyəti barədə fikirlərini inkişaf etdirərək dəstəklədi. Eyni zamanda sərhədlərin müəyyənləşməsi üçün Avropanın ekspert yardımını göstərməyə, Avropa monitorinqini etməyə hazır olduğunu bəyan etdi.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri