20 
İyl
2021
16:39
71
167
13740
Virtual karabakh

Fransa prezidentinin azərbaycanlı tərcüməçisi:“Görüşdə mikrofondan kənar söhbətləri danışsaq…” - MÜSAHİBƏ+FOTO

Beşikdən qəbirə kimi elm öyrənin. Bu ifadəni sözün əsl mənasında, əyani sürətdə insanların timsalında görmək daha xoşdur. Bu sözün haqqını verən soydaşlarımızdan biri də çoxlarınızın tanıdığı Elvin Abbasbəylidir.

Fransa prezidentinin şəxsi tərcüməçisi olan Elvin Abbasbəyli 20 ildir bu ölkədə yaşayır. Özü Neftçalada ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Neftçala şəhər Əlif Piriyev adına 2 saylı orta məktəbdə alıb. Ali təhsilinə isə Azərbaycan Dillər Universitetinin fransız dili tərcümə fakültəsinə daxil olmaqla başlayıb.

Elvini Fransaya aparan yol da elə buradan başlayıb. Təhsilini davam etdirmək və dil biliklərini təkmilləşdirmək üçün Fransaya gedən Elvin Abbasbəyli uzun illər orada qalır.

Oxu.Az-ın əməkdaşı Vətənə geri qayıdan Elvin Abbasbəyli ilə həmsöhbət olub:

- 20 ildən çoxdur ki, Fransada yaşayırsınız. Niyə məhz Fransa?

- Məncə, çoxları buna həyatın bir təsadüfü kimi baxır. Lakin, mən təsadüflərə inanmıram. Əslində mən enerjiyə inanıram. Mənim yolum Fransadan keçməli idi. Düşünürəm ki, hər insanın özünü kəşf etməsi üçün uyğun ortam olmalıdır. Məncə, mən bu ortamı Fransada tapdım və özümü sübut etdim.

- Sizin Azərbaycanda özünüzü sübut etmənizə əsas maneələr nələr idi?

- Deməzdim ki, maneələr var. Sadəcə olaraq bu şans mənim ayağıma gəldi. Səfirlik məni Fransa hökumətinin 2 illik təqaüdü hesabına dil biliklərimi daha da təkmilləşdirməyə göndərdi. Düşünürəm ki, Azərbaycanın əcnəbi dilləri bilən və xarici ölkələrdə Vətənimizi layiqincə təmsil edə biləcək kadrlara ehtiyacı var.

Ölkədə gənclərə əsas maneələrin ailələr olduğunu düşünürəm. Övladlarının hər zaman yanlarında olmalarını istəyirlər. Təhsil və özünü inkişaf etdirmək üçün şərait yaratmırlar. Belə olanda da ailələr övladlarına yaxşılıq deyil, pislik edirlər.

- 15 yaşınızda tərcüməçi olmağa qərar verdiyinizi deyirsiniz. Bu sahəyə olan marağınıza təkan verən məqam nə olub?

- Bu sahəyə marağım uşaq yaşlarımdan olub. 20 yaşımda isə artıq Fransadaydım. Yanımda məsləhət verəcək ailəm, dostlarım yox idi. Sanki, yenidən bir Elvin doğuldu. Onu mən özüm böyütdüm, tənqid etdim, yol göstərdim, doğrunu, yanlışı seçməyi öyrətdim və s. Mən deyərdim ki, şəxsiyyət məhz bu yaşlarda formalaşır.

- Özünüzü çoxmu tənqid etmisiniz?

- Maraqlı sualdır. Bilmirəm, amma düşünürəm ki, özümü tənqid etməyə belə zamanım olmayıb. Sadəcə mövcud vəziyyətlərə uyğun operativ çıxış yolları axtarmışam. Gənc, təcrübəsiz biri olaraq orada keçirdiyim bir ilin burada, ailənin, əzizlərin yanında keçən 5-6 ilə bərabər olduğunu düşünürəm. Çünki xarici ölkəyə getdiyinizdə hər şey, bütün məsuliyyət sizin çiyinlərinizdə olur.

- Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisi, Sinxron Tərcüməçilərin Beynəlxalq Assosiasiyasının (AİİC) ilk azərbaycanlı üzvüsünüz. Kifayət qədər məsuliyyətlidir. Çətinlikləriniz olubmu?

- Birinin bu işi görməsi lazım idi. Əslində bu bir post və ya vəzifə deyil. Tərcüməçiyəm və iş olanda tərcümə edirəm. Həmin şans mənim ayağıma gəldi, çünki bu fürsət yarananda tərcümə diplomu olan, təcrübəsi olan mən var idim. Bu səbəbdən fövqəladə bir şey olduğunu düşünmürəm. Çətinlik tərcümədə deyil, ətrafda olan texniki və digər məsələlərdədir. Məsuliyyət, dövlət sirri və şəxsi həyatına ciddi təsir göstərən amilləri çıxsaq, çətinlik yoxdur.

- İşinizin şəxsi həyatınıza mənfi və müsbət tərəflərindən danışın.

- Həm müsbət, həm mənfi təsirləri olub. Müsbət tərəfi odur ki, insana məşhurluq gətirir. Hər kəs səni tanıyır və ətrafında görmək istəyir. Lakin, mən istəmədən tanınmış oldum, belə bir şeyin arxasınca qaçmamışam heç zaman. Bu, keçici bir şeydir, odur ki, sağlam düşünəndə bu, insanda başgicəllənməsi yaratmamalıdır.

Mənfi tərəfi isə bu işin məxfiliyindən doğan çətinliklərdir. Hər şeyi deyə bilmirik, sirlər bizimlə gedəcək. Hər hansı bir mövzuda, xüsusilə də siyasi mövzularda öz mövqeyimizi ortaya qoya bilməmək və bu kimi bir çox məsələlər...

- Siyasi mövzularda fikirləriniz demişkən, istərdim səmimi cavab verəsiniz. Ötən il Azərbaycan Ordusu 44 gün davam edən müharibə nəticəsində 30 ildir düşmən işğalında olan torpaqlarını geri qaytardı. Bu dövrdə Fransanın Azərbaycana olan “münasibəti” xüsusi diqqət çəkdi. Bir azərbaycanlı olaraq, bu durumu necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, ifadə azadlığı deyilən bir anlayış var. Bu mənada kimsəyə “neytral qal deyə bilmərik. Fransadakı jurnalistlərə də həmçinin... Sadəcə müəyyən səbəblərdən digər tərəfi dəstəkləmək və onlara haqq qazandırmağa çalışdılar. Bu cəhdlər hər kəs kimi, bir azərbaycanlı olaraq məni də qıcıqlandırırdı. İstər-istəməz bu mövzuda bir neçə dəfə mətbuatı izlədim, daha sonra heç zaman mətbuatı oxumadım.

Çünki burada təəccüblənəcək bir şey yoxdur. Onların hansı tərəfə haqq qazandıracaqları gözlənilən idi.

- Həyati təhlükənizə səbəb olan nüanslar olubmu?

- Mən heç bir zaman münaqişə yerlərində olmamışam. İstənilən anlamda elə bir təhlükələr olmayıb. Lakin söhbət siyasi təhlükədən gedirsə, işə peşəkarcasına yanaşdığıma görə bu xətaların olmamasına çalışmışam. Düşünürəm ki, alınıb.

Onu da qeyd edim ki, mənim tərcümə üçün getdiyim binalar inzibati binalar olub - Fransada Yelisey sarayı, Senat, parlament, nazirliklər və xüsusi qorunan digər binalar. Yalnız bir dəfə terror aktları olan zaman Brüsseldə Avropa İttifaqı üçün tərcüməçilik edirdik. Tədbirin sonuna yaxınlaşırdıq. Bir anda həyəcan siqnalı çalmağa başladı. Dərhal təhlükəsizlik işçiləri gəldi, nə baş verdiyini anlamadıq. Azərbaycandan nümayəndə heyəti gəlmişdi və bizim hamımızı binadan çıxardılar. Evakuasiya edildiyi üçün biz təlim olduğunu düşündük.

Sonra məlum olub ki, yaxınlıqdakı binada bomba olduğuna dair hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhlükəsizlik səbəbindən biz də evakuasiya edildik. Amma ümumiyyətlə bizim çalışdığımız binalarda iştirak edən rəsmilərdən dolayı təhlükəsizlik ən yüksək səviyyədə olur. Ora hər kəs əlini qolunu sallayaraq daxil ola bilməz. Müharibə zonalarında isə tərcüməçilik etməmişəm. Tərcüməçilik özü təhlükəli peşədir və bu tərcümə ucbatından həyatını itirən həmkarlarım olub. Təəssüf hissi ilə qeyd edirəm ki, belə durumlar var. İllər boyu Əfqanıstan, İraq, hətta Avropanın özündə belə tərcüməyə görə ölənlər var.

- Fransada dövlət səviyyəsində tərcüməçi kimi çalışan ilk azərbaycanlı olaraq bu sahədən kənar başqa hansı fəaliyyətləriniz var?

- Əsərlər tərcümə edirəm. Bu səbəbdən türkoloq kimi monqol dilini də öyrənməyə başladım. Azərbaycan və türk dillərində əsərləri, hekayələri fransız dilinə tərcümə etməklə əsərlərimizin dünya ədəbiyyatında yer almasını və tanınmasını istəyirəm. Bu məqsədlə türkoloq-araşdırmaçı kimi bu dili seçdim. İki hekayə tərcümə etmişəm və artıq bəyənilib. Monqolustandan olan tərcüməçi həmkarım Altançeçek Tulgaa ilə bir layihəmiz var. Monqol dilindən fransızcaya hekayələr çeviririk.

- Bildiyim qədərilə 8 dilə hakimsiniz. Dil öyrənməyə həvəsiniz var, yoxsa bu işin incə texnikasını öyrənmisiniz?

- Ana dilinə belə hakim olmaq olmur. Amma haqlısınız, 8 dil ilə sinxron və yazılı tərcümədə işləyirəm. Sinxron tərcümədə Azərbaycan və fransız dillərini ana dili səviyyəsində bilirəm. İngilis, rus və türk dillərindən bu iki dilə sinxron şəkildə tərcümə edirəm.

Yazılı tərcümədə isə italyan, ispan və alman dillərini də bilirəm. Artıq monqol dilini də öyrənirəm. Bu dildə bir neçə hekayə tərcümə etmişəm, lakin bu, mənim işlək dilim deyil.

Dili tez öyrənməklə bağlı texnikaya gəldikdə isə mən yalnız sevdiyim dilləri öyrənirəm. Məcburi heç bir dili öyrənə bilmərəm. Dili öyrənməzdən qabaq onun insana maddi və mənəvi nə gətirəcəyini düşünmək lazımdır. Fars, yunan dilləri mənim işlək dillərim deyil, amma bu dillərdə musiqi dinləmək mənə zövq verir. Fransız dilində musiqi dinləməkdən həzz almıram. Hər şeyi başa düşməsəm də, maraqlandığım bu cür işlək olmayan dillərin sayı bəlkə də 30-dan çoxdur.

- Başqa hansı əsərləri tərcümə etmisiniz?

- Bir çox əsərlər var ki, tərcümə etmişəm və Fransada yoldaşlara da bağışlamışam. Fransanın Azərbaycandakı keçmiş səfiri Jan-Pyer Ginütə Nəriman Nərimanovun tərcümə etdiyim “Bahadur və Sona” əsərini təqdim etmişdim. Oxuyub, çox bəyəndiyini demişdi. Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanını, Adar Karagöz “Dəli, aşiq və şair” əsərini, Hüseyn Abdullazadənin “Haradansınız, müsyö Abel?”, Azərbaycan Tərcümə Mərkəzinin “Müasir Azərbaycan Antologiyası”nın 25 hekayəsindən 15-ni mən tərcümə etmişəm. Hazırda isə Nadir Adilmanın “Milyonçunun gündəliyi” əsərini tərcümə edirəm. Avropa İttifaqından tərcümə hüquqlarını aldığım bir kitab - Daniça Seleskoviç və Marian Lederer “Şifahi tərcümənin pedaqogikası”... Bu kitabı Azərbaycan Dillər Universitetinin dəstəyi ilə dərc edilməsini və tərcümə fakültələrində istifadə edilməsini arzulayıram. 

- Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisisiniz. Bu barədə nələri bizimlə bölüşə bilərsiniz?

- Heç nəyi (gülür). Bu peşə ciddi məxfilik tələb edir. Bizi digərlərindən fərqləndirən cəhətlərdən biri də bu məxfilik prinsipinə hər mənada ciddi riayət etməyimizdir. Bu prinsip və ya peşə etikasından irəli gələn məqamlardır. Həkimlər, hüquqşünaslar və digərləri kimi biz tərcüməçilər də məxfilik prinsipinə sadiq qalırıq. Görüşlərdə mikrofondan, kameradan kənar baş verənlər var.  Bunlar orada baş verir və orada qalır. Bəzi nüanslar var ki, zaman-zaman lətifə kimi danışmaq mümkün olur. Bu da o halda ki, qarşı tərəflər bu barədə ictimaiyyətə hər hansı məqamları açıqlayırlar.

Dövlət əhəmiyyətli olan bütün məlumatlar mənimlə birlikdə qalacaq, heç zaman paylaşılmayacaq. Mən bu səviyyəyə qədər gedib, insanların güvənini qazanıb, Fransada birinci şəxsin tərcüməçisi olmuşam. Bunu qoruyub saxlamağı bacarmaq özü də böyük iradə tələb edir. Əgər siz etibara xəyanət edər, gizli məlumatları haradasa danışarsanız, yayarsanız və ya adi dostunuza danışarkən belə peşə etikasını pozmuş olursunuz. Düşünün suallarına cavab vermədiyim üçün məndən inciyən insanlar olur. Amma anlamaq lazımdır ki, illərini sərf edib özünə karyera qurursansa, bunu bir saniyədə kiminsə könlü xoş olsun deyə dağıtmaq olmaz. Cəmi bir saniyə yetər ki, karyera dağılsın. Mən bu günə qədər mənə olan etimadı doğrultmuşam, bundan sonra da elə olacaq.

- Prezidentin görüşləri zamanı ən çətin tərcüməniz hansı mövzu olub?

- Təbii ki, Qarabağla bağlı mövzular mənim üçün çətin olurdu. Ən çətin, gərgin mövzu bu idi. Amma o səviyyədə də gərginlik yaradılmırdı, çünki dövlət rəhbərləridir. Eyni zamanda nə qədər də olsa, qarşı tərəf Fransadır, Ermənistan deyil. Bəzi zirvə toplantılarında qarşı tərəf Ermənistan olanda gərgin olub. Amma böyük stress yaşayacaq bir şey olmayıb. Gərginlik ümumiyyətlə bizə təsir etməyib, biz sadəcə tərcüməni etmişik.

Bizim mövqeyimiz neytral qalmaqdan ibarətdir. Orada tərcüməçi kimi yer alırsansa, milliyyətin, hisslərin rol oynamamalıdır. Orada emosionallıq olursa, demək ki, peşəkarlıq yoxdur. Bəzən duyduqlarım xoş olmurdu, lakin işimiz tərcümə etməkdir. Soyuqqanlı olmağımız bizi daha da peşəkar edir.

- Məlumdur ki, siyasi görüşlər, diplomatik danışıqlar kifayət qədər uzun çəkir. Tərcümə zamanı qarşılıq tapa bilmədiyiniz ifadələr olanda nə edirsiniz?

- Biz peşəkarıq. Sabah yuxudan oyananda demirik ki, “bu gün prezidentlərin görüşü var, gedək tərcümə edək” (gülür). Biz bir görüşə günlərlə, həftələrlə hazırlaşırıq. Bir saat çəkəcək görüşə bir ay hazırlaşdığım olub. Görüşlər olmasa belə, tərcüməçi də idmançı kimi öz üzərində işləməlidir. Yerli ifadələrdə çətinlik, qarşılığının tapılmaması olmur.

Sadəcə görüş zamanı oturduğum yerdən dolayı bəzi ifadələr olur ki, Fransa prezidenti danışarkən onu duymamış ola bilərəm. Bu səbəbdən prezidentdən növbəti dəfə təkrar etməsini rica edə bilərəm. Burada da sui-istifadə etmək olmaz, çünki protokol qaydaları ilə adamın “qulağını çəkərlər”. Texniki hallar belə olub və xahiş etmişəm. Belə durum hər görüşdə bir və ya iki dəfə olub. Bilmədiyimiz ifadələr olmur, terminlər ola bilər. Bunun isə açıqlamasını istəməklə tərcümə edə bilirik. Tərcüməçi robot deyil. Sinxron tərcümədən fərqli olaraq, ardıcıl və diplomatik tərcümədə belə hal başıma gəlməyib. Tərcümə kabinəsində iki və ya üç nəfər tərcüməçi olur. Bu kimi məqamlarda digər həmkarlar internetdə yazıb çətinlik yaradan terminləri tapıb, dərhal deyirlər. Bu, tərcüməçi həmrəyliyi sayılır. Diplomatik səviyyədə prezidentlərin, nazirlərin görüşü zamanı bu kimi məqamlar çox nadir hallarda baş verir.  

- Bəzən dialektlər, atalar sözləri və ya məsəllərin hərfi tərcümələrində çox gülməli məqam alınır. Başınıza gəlib mi?

- Olub. Diplomatik tərcümələrdə konkret danışıqlar getdiyi üçün belə nüanslar olmur. Bəzi millət vəkilləri, nazirlər çıxışlarında atalar sözlərinə, hətta şeirlərə yer verməyi sevirlər. Bu, ədəbiyyat işçilərinin iştirak etdiyi tədbirlərdə də olur. Bu, tərcüməçinin bir sözlə “yandığı” zamandır (gülür). Rəsmən çətin anlar yaşayırıq. Atalar sözlərinin hər birinin ekvivalenti yoxdur, olanları isə tapıb sadəcə izahatını verə bilirik.

Bir dəfə sinxron tərcümə etdiyim tədbirlərdən birində azərbaycanlı ədib iştirak edirdi. Başladı Nizami Gəncəvinin qəzəllərindən söyləməyə. Mən də mikrofon vasitəsilə ədəbin Nizami Gəncəvidən qəzəl dediyini və feyziyab olmalarını elan edib, susdum (gülür). Əslində mən dilə xələl gətirməmək üçün bu addımı atdım. Dinləyənlərin bəziləri güldü.

Nəticədə qəzələ Azərbaycan dilində qulaq asdılar. Çünki qəzəli tərcümə etmək mümkün deyil, onun bütün mənası itəcəkdi. Bu da tərcüməçilərin vəziyyətdən çıxdığı texnikalarından biridir.

- Şəxsi həyatınızla bağlı demək olar ki, heç bir məlumata rast gəlmək olmur. Bu qoruyucu xarakterə məxsus olmanızla bağlıdır, yoxsa təhlükəsizlik məqsədi daşıyır?

- Adı üstündə, şəxsi həyat (gülür). İctimaiyyətə maraqlı bir insan ola bilərəm. Hər zaman dediyim kimi istəmədən qazanılan məşhurluqdur. Bütün hallarda görsələr belə, məni görmələri kifayət edir. Bilirəm ki mediaya maraqlıdır mənim həyatımda olanlar, olacaqlar. Lakin bu, onlara maraqlıdır. Mənə bu barədə məlumat vermək, ictimailəşdirmək maraqlı deyil. Digər tərəfdən isə bu, bir növ təhlükəsizlik tədbiridir. Bunu xüsusi xidmət orqanları da tövsiyə edir. Sadəcə olaraq əzizlərimi qorumaq və qabaqlayıcı tədbirlər almaqla bağlıdır.

- 7 il üzərində çalışdığınız elmi işinizlə elmlər doktoru adını aldınız. Başqa yeni hansı layihələr var?

- Elmlər doktoru adını aldığım elmi iş üzərində təxminən 13 dildə mənbədən istifadə etmişəm. Bunu isə münsiflər heyətinin sədri sayıb və mənə deyib. O deməsəydi, özüm saymamışdım.

Artıq 20 ildir bu sahədəyəm. Düşünürəm ki, gələ biləcəyim ən yüksək səviyyəyə gəlmişəm. Qarşıdakı illərdə biliklərimi gənclərlə bölüşmək istəyirəm. Tədris sahəsində çalışmaq fikrim var. Müəyyən ali təhsil müəssisələrindən onlayn və ya yerində əyani təhsil tədris etmək üçün təkliflər alıram. Bu barədə planlarım var. Dəqiqləşdikdən sonra məlumat verəcəyəm. Elmi məqalələr və tərcümələr olacaq. Həyatımın və işimin monoton olmaması üçün paralel fəaliyyət göstərəcəyəm.

- İllər sonra Azərbaycana geri döndünüz. Qalıcısınız yoxsa ... ?

- Burada qalıb-qalmayacağım bir nəfər var, ondan asılıdır (gülür). Həm gediciyəm, həm qalıcı. Belə ki, Azərbaycan Dillər Universiteti mənim üçün doğmadır və onlarla əməkdaşlıq etməyi düşünürəm. Başqa universitetlərdən həm yazılı, həm şifahi gələcək iş təkliflərinə açığam. 20 ildə öyrəndiklərimi gənclərlə paylaşmaq mənim üçün zövqdür. Bunu özümlə aparmayacağam. Hər hansı təkliflər olarsa, ustad dərsləri keçirə və tədris proqramlarının hazırlanmasına yardım edə bilərəm.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri