23 
İyl
2021
18:04
219
59
2301
Virtual karabakh

Deputat: “Zəngəzur dəhlizi Avropa və Asiyanın geosiyasi əhəmiyyətini artıracaq”

23 İyl, 2021
18:04
2301

Deputat: “Zəngəzur dəhlizi Avropa və Asiyanın geosiyasi əhəmiyyətini artıracaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şərq ilə Qərb arasında yerləşən Cənubi Qafqaz bir sıra dövlətlərin sərhədi kimi tarix boyu müxtəlif xalqların vətəni olub. Bu region əsrlər boyu İpək Yolu vasitəsilə dövlətlər arasında iqtisadi, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verərək insanların burada rifah içində yaşamalarına şərait yaradıb.

Bunu Oxu.Az-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

O qeyd edib ki, Cənubi Qafqaz Əməkdaşlıq və Avropaya enerji təchizatı baxımından Asiya qitəsində mühüm geosiyasi mövqeyə sahibdir və bu xüsusiyyəti Sovet İttifaqının dağılmasından sonra yeni siyasi, təhlükəsizlik və iqtisadi motivlər ilə zənginləşdirilib. Regionun geosiyasi mövqeyi yeni təhlükəsizlik problemləri yaradıb və davamlı gərginlik insanların təhlükəsizliyinə təsir edərək iqtisadi və sosial inkişafa mane olub.

Ermənistan və Azərbaycan arasındakı son müharibə bölgədəki gərginliyi daha da artırdı, Qafqaz ölkələri arasında sosial, iqtisadi və siyasi münasibətlərin zəifləməsinə səbəb oldu. Lakin, son dövrlərdə Cənubi Qafqaz regionunda olan dəyişikliklər və Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi regionun gələcək perspektivləri haqqında əsaslı inkişaf strategiyalarının müzakirəsi üçün yeni zəmin yaratdı.

Bu gün regionda sülh və əməkdaşlıq mühüm şərtdir. Avropa İttifaqının üzv ölkələri Avstriya, Litva və Rumıniya xarici işlər nazirlərinin rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyi vurğulanıb.

Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda söylədiyi fikirlər də Azərbaycanın regionun vahid inteqrasiyası üçün fəal əməkdaşlığa hazır olduğunu bir daha sübut etdi. Uzun müddət davam edən müharibə vəziyyətindən sonra regional əməkdaşlığın qurulması nə qədər çətin görünsə də, bu mümkündür. Təbii ki, xalqımız ona qarşı edilən vəhşiliyi, ədalətsizliyi unutmayıb və heç zaman unutmayacaq. Ermənistan başa düşməlidir ki, bu gün onların qarşısında vaxtı ilə dinc, dostluğa daima açıq, hətta bəzi hallarda bir az sadəlövh azərbaycanlıların əvəzinə keçmişin qanlı dərslərini yaxşı mənimsəmiş, çətin sınaqlardan şərəflə keçərək dünyaya gücünü nümayiş etdirmiş, vətəninə və andına sadiq liderinin ətrafında yumruq kimi birləşmiş qəhrəman Azərbaycan xalqı dayanıb. Onlar bu həqiqəti dərk etdikləri təqdirdə ilkin olaraq ümumbəşəri dəyərlər, qlobal məqsədlərin icrası üzrə regional mahiyyətə malik məsələlərin prioritetləşdirilməsi və əməkdaşlığın bu istiqamətdə qurulmasını məqsədəmüvafiq hesab etmək olar.

Xüsusilə də işğaldan azad olunmuş torpaqlarımızda konflikt sonrası tədqiqatların aparılması, mədəniyyətlər və dinlərarası dialoqun qurulması xalqların regionda dinc şəraitdə yaşaması üçün mühüm addım ola bilər.

Əlavə olaraq bildirib ki, 10 noyabr 2020-ci il tarixli imzalanmış bəyanatın doqquzuncu bəndində Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın qəbul olunması Azərbaycan xalqının multikultural dəyərlərə və tolerantlıq ideologiyasına sədaqətinin rəmzinin bariz nümunəsidir. Zəngəzur dəhlizinin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, həmçinin Türk dünyasının əlaqələrini xeyli möhkəmləndirəcək.

Ölkəmizdə akkreditə olunan beynəlxalq və regional təşkilatların bu əməkdaşlığın qurulmasında və dayanıqlı edilməsində rolu isə əvəzsiz olacaq.  

Bu baxımdan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından sayılan, münaqişələrin qarşısının alınması və sülh dialoqunda hər zaman mühüm rol oynayan Avropa Birliyinin bu gün Cənubi Qafqaz regionu ilə əlaqələri mühüm bir önəm daşımaqdadır. Bu, regiona səfəri zamanı Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Azərbaycanda keçirdiyi görüşlərində səsləndirdiyi fikirlərdə də öz əksini tapıb.

Daha sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel regiona səfəri çərçivəsində Azərbaycanın Avropa üçün önəmini, xüsusilə enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulayıb. Onun görüşlərin nəticəsi olaraq birgə keçirilən mətbuat konfransında “Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdır” sözləri regionda sülh, əməkdaşlıq və quruculuqda maraqlı olan ölkəmizin mənafeyi ilə uzlaşır.

Avropa Birliyi müxtəlif ölkələrdə və bölgələrdə uzlaşma və tolerantlıq vasitəsi olaraq mədəniyyətlərarası dialoqun dəstəklənməsində böyük təcrübəyə malikdir. Məhz mədəniyyətlərarası dialoq demokratik cəmiyyətlərin ən qədim və ən təməl vasitəsi olmaqla regionda davamlı sülhün, əməkdaşlığın əsasını qoya bilər. Mədəniyyətlərarası dialoqun nəticəsi olaraq yaranacaq qarşılıqlı hörmət xalqlar arasında birgəyaşayışı təmin edə bilər.

Mədəniyyətlərarası dialoqla yanaşı, iqtisadi və sosial əməkdaşlığın təşviqi ilə barışıq dialoqunun qurulması da bölgədə daha çox qarşılıqlı anlaşmaya səbəb olacaqdır. İqtisadi müdaxilələr tarixən sülhə təsir göstərmiş və münaqişədən təsirlənmiş ölkələr arasında qarşılıqlı anlaşma mənbəyi olub. Regionda yerləşən dövlətlərin ortaq maraqlarına, xalqların davamlı inkişafına və enerji daşınması kimi iqtisadi potensialın artmasına səbəb olacaq sahələr üzrə ilkin əməkdaşlığa başlamaq qısa müddətdə öz bəhrəsini verəcəkdir. İqtisadi tərəqqi inkişafın ən vacib hissəsi olaraq regional inteqrasiyanı daha da gücləndirəcəkdir. Bu mühüm prosesin bir aspekti də Azərbaycan Respublikası Prezidentinin bəyan etdiyi Azərbaycana onun ədalətli mübarizəsində dəstək göstərmiş ölkələrin azad edilmiş ərazilərin bərpa və yenidənqurmasında prioritetli tərəf müqabili kimi fəaliyyət göstərməsidir. Bu müdrik və uzaqgörən addım həm siyasi, həm iqtisadi, həm də xalqlar arasında münasibətlər səviyyəsində böyük potensiala malikdir. Onun icrasında həssaslıq və düşünülmüş yanaşma təmin edilməlidir ki, ölkə rəhbərinin istədiyi nəticə əldə edilsin.

Prezident İlham Əliyev tərəfindən imzalanan iqtisadi və sosial islahatlar, Zəngəzur dəhlizinin açılması üçün nəzərdə tutulan işlər, ardıcıl sərəncamlar regionun postkonflikt quruculuğunun əsasını qoymaqla sosial-iqtisadi gücün və iqtisadi potensialın əhəmiyyətli dərəcədə artırılmasına əsaslı zəmin yaradıb. Bununla paralel olaraq, regionun gələcək perspektivləri haqqında əsaslı inkişaf strategiyalarının və regionun ortaq problemlərinə əsaslandırılmış əməkdaşlığın qurulması üzrə müzakirələrə gecikmədən başlanılması bu potensialı daha da artıra bilər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri