Avq
2021
16:52
274
32
5982
Virtual karabakh

Vətəndaşını terror düşərgəsinə göndərib, Azərbaycana qarşı döyüşdürən “demokratiya çarçısı” Fransa... - VİDEO

Qarabağ məsələsi Azərbaycan xalqına kimin haqqın yanında olduğunu, kimin isə təcavüzkara havadarlıq etdiyini göstərdi. Təcavüzkar – terror dövləti Ermənistana arxa çıxan Fransa və bu ölkədəki erməni diasporunun səsləri üçün məkrli oyunlar quran fransız siyasətçilər var gücləri ilə Azərbaycanın haqq mübarizəsinə qarşı çıxdı.

Dünyaya demokratiya dərsi verdiyini zənn edib, adı bir çox qalmaqallarda hallanan Fransa Vətən müharibəsi günlərində Ermənistanı dəstəkləməklə öz tarixinə daha bir qara səhifə yazdı. Hətta müharibədən sonra da Ermənistana hərbi yardım göndərmək kimi məntiqsiz açıqlamaların mənbəyi olan Fransa saman altından su yeritdiyini düşünsə də elə deyil...

Bu gün sözügedən qara səhifənin arxasında gizlənən çirkin məqamlar bir-bir gün üzünə çıxır. Belə ki, sosial şəbəkədə ermənilərin özləri tərəfindən paylaşılan videoda Fransadan vuruşmaq üçün Ermənistana gələn Arman Komşuyan barədə danışılır.

Fransadan gələn bu erməni təlim keçdikdən sonra Qarabağa yollanıb, müzəffər Azərbaycan ordusuna qarşı döyüşlərdə kim bilir hansı qanunsuz əməlləri törədib.

Üstəlik Fransadan gələn bu şəxs nizami ordu sıralarında da deyil, ASALA kimi faşist ideyalar əsasında qurulan VOMA - erməni terror təşkilatının cərgələrində təlim keçib.

Sadə məntiqlə hadisəyə yanaşsaq, ortaya çıxan mənzərə budur:  Avropanın “demokratiya carçısı” Fransa öz vətəndaşını terror düşərgəsinə göndərməkdən çəkinməyib. Üstəlik bu düşərgədə təlim keçən şəxs Fransanın ərazi bütövlüyünü tanıdığı Azərbaycan Respublikasının həmin vaxt işğalda olan torpaqlarına yollanıb, burada dövlətimizə qarşı cinayət əməlləri törədib.

Bəs, görəsən, müharibə dövründə Qarabağdakı terrorçuların saçının az qala hər telinə görə hay-küy salan Paris necə olub ki, öz vətəndaşını terror düşərgəsinə göndərib? Fransa kimi dövlət öz vətəndaşının başqa bir dövlətdə cinayət əməlləri törətməsindən, həmin dövlətin ərazi bütövlüyünə təcavüz edənlərlə çiyin-çiyinə döyüşməsindən bixəbərdirmi? Heç şübhəsiz ki, yox.

Amma Fransaya bu həqiqəti görmək heç zaman sərf etməz. Necə ki, insan hüquqlarından, tolerantlıqdan, demokratiyadan dəm vurub, çirkli əməlləri ifşa olunanda susurlar, indi də susmaq ən yaxşı seçimdir. Onsuzda Fransa tarixində bu cür qara ləkələr bir deyil, iki deyil...

Fransa dövləti bunu elə bir andaca heç düşünmədən unuda bilər. Çünki başqa cür riyakarlıq olmur, başqa cür insan hüquqlarından danışıb, pərdə arxasında onun əliqanlı təqibçisi olmaq olmur, çünki başqa cür dünyanın gözündən pərdə asıb, realda bəşəriyyətə qarşı cinayətlər törətmək olmur.

Fransa bu işdə olduqca mahirdir. Haqqını vermək gərəkdir. Biz isə öz üzərimizə düşəni edib bu kimi faktların ifşasını ortaya qoyuruq. Bəlkə bir gün Fransa tarixində bu qara ləkələrlə maraqlanan, onları silib atmağa çalışan çıxar. Bəlkə o zaman artıq demokratiyadan dəm vura, insan hüquqlarının mübariz keşikçisi kimi mühazirə oxuya bilməzlər. Ancaq heç olmasa tarixdən qaranlıq izləri silərlər...

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri