18 
Sen
2021
20:14
812
31
2103
Virtual karabakh

Azərbaycan, Türkiyə və Pakistanın universal yumruğu - TƏHLİL

Azərbaycana və ya onun müttəfiqlərinə qarşı hər hansı bir iddiası olanlar üç qardaş ölkənin universal yumruğu ilə qarşı-qarşıya qalacaq.

Bu fikirlər “Kaspi” qəzetində Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə əlaqar dərc edilən yazıda qeyd olunub.

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə sentyabrın 12-dən etibarən "Üç qardaş - 2021” beynəlxalq təlimi başlayıb. Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev açılış mərasimində çıxış edərək Azərbaycan, Türkiyə və Pakistanın dost və qardaş ölkələr olduğunu deyib: "Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar”

General-leytenant H.Mirzəyev “Üç qardaş – 2021” beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılmasına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.

“Siyasi dəyişikliklər dünyanı bürüsə də,..”

Türkiyə və Pakistan nümayəndə heyətlərinin rəhbərləri polkovnik-leytenant Kürşad Konuk və polkovnik-leytenant Aamir Şahzad çıxış edərək qeyd ediblər ki, xalqlarımız və ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxacaq, beynəlxalq siyasi dəyişikliklərin güclü küləkləri bütün dünyanı bürüsə də, bu üç qardaş etibarlı regional tərəfdaş və əməkdaş olaraq daha da yaxınlaşacaq. "Üç qardaş - 2021" beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqların inkişaf etdirilməsinə imkan yaradacaq.

Azərbaycanda ilk beynəlxalq hərbi təlim

Hərbi ekspert Ədalət Verdiyev “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan hərbiçiləri arasında keçirilən beynəlxalq birgə təlimlər hər üç strateji tərəfdaş ölkənin təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyətə malikdir: “Bu təlimlər birgə döyüş əməliyyatları aparılması zamanı tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsi, onların sülh və müharibə dövründə hərbi əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə həyata keçirilir. Digər bir əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycan indiyədək regional birgə hərbi təlimlərə ev sahibliyi edirdisə, artıq Pakistanın bu təlimlərə cəlb olunması ilə ölkəmiz ilk dəfə olaraq beynəlxalq birgə hərbi təlimlərə ev sahibliyi edir”.

Universal yumruqla qarşı-qarşıya

Ə.Verdiyev qeyd etdi ki, təlimlərdə iştirak edən hər üç ölkənin xüsusi təyinatlı qüvvələri özlərinə məxsus üstün cəhətlərə malikdir: “Hər üç ölkənin hərbi qulluqçularının malik olduqları təcrübənin mübadilə edilməsi və bu təcrübənin qardaş və dost ölkələr arasında paylaşılması onu deməyə əsas verir ki, Azərbaycana və ya onun müttəfiqlərinə qarşı hər hansı bir iddiası olanlar, gələcəkdə tək dəmir yumruqla deyil, üç qardaş ölkənin universal yumruğu ilə qarşı-qarşıya qalacaq. Eyni zamanda bu təlimlər hər üç qardaş ölkənin anti-terror əməliyyatlar aparmaq üçün təcrübə və imkanlarını genişləndirməklə bərabər, yeni silahlı mübarizə metodlarının da mənimsənilməsi ilə nəticələnəcək”.

“Siyasi mesajların ünvanı bəllidir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin siyasi mesajlarının ünvanı bəllidir: "Bu ünvanlar erməni separatçıları, Ermənistan hakimiyyəti və onların arxasında dayanan güclərdir. O güclər Rusiyada da, İranda da var, hansı ki, biz onların təxribatlarını müşahidə edirik. Əsas mesajımız budur ki, artıq Azərbaycan tək deyil. 44 günlük müharibə də göstərdi ki, Azərbaycanı Türkiyə dəstəkləyib və dəstəkləyəcək. Üstəgəl, Pakistan da bu prosesə qoşulub və bu, hamıya mesajdır. Rusiya prezidenti Vladimir Putin də etiraf etmişdi ki, Türkiyənin bölgədəki varlığı artıq qaçılmazdır. Eyni zamanda Pakistan da bölgədə yerləşib. Bu, Azərbaycanın maraqlarına uyğundur. Düşünürəm ki, rəqiblərimizə və bizə təxribat yaratmaq istəyən qüvvələrə ciddi mesaj verilib. Türkiyə ilə hərbi ittifaq hər keçən gün güclənir və vahid ordu yaradılıb.  Dövlət başçısı İlham Əliyevin də bir açıqlaması var idi ki, Azərbaycan ordusu türk ordusunun kiçik  modelinə çevrilməlidir. Bu prosesdə nüvə dövləti olan Pakistanın da iştirakı gücümüzə daha böyük güc qatır”.

“Ən müasir silahlar alacağıq”

E.Şahinoğlu qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında vahid ordu konsepsiyası işləyir: "Bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Baş qərargah rəisi Kərəm Vəliyev Türkiyədə səfərdə oldular. O cümlədən, Türkiyədən generallar Azərbaycana təyin olunub, vahid ordu yaradılır. Bu proses sürətlə gedir və bu, bizim üçün çox vacibdir. Hesab edirəm ki, Azərbaycan müharibədə qələbə çalsa da, müəyyən məsələlər var ki, onları da həll etməliyik. Məhz bu məsələlərin həllində Türkiyə bizə dəstəyini yenə də əsirgəmir. Pakistanın da hərbi texnikası müasirdir, təyyarələr istehsal edir. İstisna etmirəm ki, Türkiyədən və digər dost dövlətlərdən silah və sursat aldığımız kimi gələcəkdə Pakistandan da ən müasir silahlar alacağıq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri