23 
Sen
2021
16:52
255
53
7195
Virtual karabakh

İranın Səcdəpuru Bakıya göndərməsinin səbəbi, Şeyxin bəyanatı, Ankaranın üçtərəfli görüş təşəbbüsləri – TƏHLİL

23 Sen, 2021
16:52
7195

İranın Səcdəpuru Bakıya göndərməsinin səbəbi, Şeyxin bəyanatı, Ankaranın üçtərəfli görüş təşəbbüsləri – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-İran münasibətləri həssas zəminə qədəm qoyduğu bir zamanda İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səcdəpurun Azərbaycana səfəri diqqət çəkir.

Məhəmməd Kazım Səcdəpur Azərbaycanın, İranın və Türkiyənin analitik mərkəzlərinin birgə konfransında iştirak üçün Bakıya gəlib.

Hərçənd birgə konfransda iştirak kimi təqdimat səfərin əsas məqsəd və hədəfini gözardı edə bilmir.

Tehran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir, Bakının isə şərtləri var: Qarabağda sülhməramlıların nəzarət zonasında olan ərazilərə qanunsuz yük daşıma siyasətindən əl çək və işğalçı Ermənistana dəstəyinə son qoy!

Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Ermənistana girən və çıxan İran avtomobillərinin yoxlanılması ilə Bakı-Tehran münasibətləri gərginləşdi.

İran bunun ardınca əzələ nümayişi üçün Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı və təlimdən öncə niyyətinin Azərbaycan-Türkiyə-Pakistan birgə təlimlərinə qarşı olduğunu da Həsən Amolinin dili ilə açıqladı.

Ancaq görünür ki, proseslərdən qazanclı çıxan Azərbaycandır, ona görə ki, Bakının Türkiyə, İsrail, Pakistan, Britaniya kimi müttəfiqi var. Üstəgəl, müttəfiqlik əlaqələrinin dərinləşməsi Azərbaycana böyük hərbi üstünlüklər də qazandırır, bu isə İran üzərində əlavə rıçaqdır.

Belə bir zamanda İran xarici siyasətinin strateji hədəflərini cızan bir şəxsin Bakı səfəri onu deməyə əsas verir ki, Tehran təkləndiyini hiss edir və buna görə Bakı ilə hesablaşmaq məcburiyyətini dərk edir.

Cənab Səcdəpur çox üzdə görünən diplomat olmasa da, onun tərcümeyi-halındakı karyerası diqqət çəkir. Bir növ Tehranın xarici siyasətinin siması kimi.

Tehran Universitetini bitirdikdən sonra nüfuzlu xarici universitetlərdə təhsilini davam etdirən Səcdəpur beynəlxalq siyasəti yaxşı bilir. Məhz bu səbəbdəndir ki, 2013-2016-cı illərdə İran xarici işlər nazirinin strateji işlər üzrə müşaviri vəzifəsində çalışıb.

İndi isə o, nazir müavini olmaqla yanaşı, həm də İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəridir.

Bir sözlə, İran XİN-in “beyin mərkəzi”nin simasıdır, məhz bu səbəbdən Tehran Səcdəpurun diplomatik tərzinə, strateji baxışına arxayın olub onu Bakıya göndərib.

Bəs Bakıdakı görüşdə hər hansı ortaq nöqtə tapılıbmı? Görünən və yayılan fotolardan aydın olur ki, yeganə ortaq nöqtə diplomatik etiket qaydalarının yüksək səviyyədə nümayiş etdirilməsidir. Səcdəpur konfrans zamanı da diplomatik jestini nümayiş etdirib İran-Azərbaycan münasibətlərinin yaxşı olduğunu vurğulayıb.

Bağlı qapılar arxasına keçirilən görüşlər isə görünür heç də ürəkaçan olmayıb.

Bir məqama diqqət edək: Məhz Səcdəpur Bakıda olarkən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ərdəbilin imam-cüməsi Seyid Həsən Amoliyə sərt bir tonda cavab verdi. Düzdür, cənab Paşazadə rəsmi şəxs sayılmır, ancaq onun açıqlamasının Səcdəpurun səfər tarixi ilə üst-üstə düşməsi heç də təsadüfi deyil.

Səcdəpur səviyyəsində keçirilən görüşlərdə ortaq məxrəcə gəlinməsi üçün hər iki tərəfin nazirlərinin görüşünün keçirilməsi razılaşdırılıb.

Ancaq bu məsələdə də Türkiyənin vasitəçiliyi ön plana çıxır, demək ki, Ankara Bakı-Tehran münasibətlərindəki gərginliyi aradan qaldırmaq istəyir, axı İranın Azərbaycana əzələ nümayişi həm də Ankara üçün bir təhdiddir.

Ankara məsələni yoluna qoymaq istəyir, buna görədir ki, BMT Baş Assambleyası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iranlı həmkarı Hüseyn Əmirabdullahian arasında keçirilən görüşdə üçtərəfli görüşə razılıq əldə olunub.

Çavuşoğlu bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmüşdü, görünür ki, müzakirələrdə cənab Bayramova da üçtərəfli görüş təklifi çatdırılıb.

Azərbaycan-Türkiyə-İran XİN başçılarının görüş tarixi bəlli olmasa da, düşünmək mümkündür ki, görüşdə Bakı və Ankara Tehrana qarşı arqumentlərini ortaya qoyacaq.

Türkiyənin vasitəçiliyinin bir səbəbini göstərdik, digər səbəbin isə Ermənistanla bağlı olduğunu söyləyə bilərik.

Ermənistan son zamanlar Ankara ilə münasibətlərdə buzları əritməyə çalışır, bu isə Tehrana xoş gəlmir. Çünki Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırması, Tehran üçün həm müttəfiq itkisidir, həm də gələcəkdə ticari əlaqələrdə səngimə yaranar.

Səbəb nə olursa-olsun görünən odur ki, münasibətlərin rənginin tündləşməməsi üçün səylər göstərilir və regionun özü üçün xeyirlidir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri