27 
Sen
2021
11:44
528
19
1525
Virtual karabakh

İlham Əliyev “ölünü” diriltmək istəyənlərə qarşı qətiyyətli mövqe ortaya qoyur – TƏHLİL

27 Sen, 2021
11:44
1525

İlham Əliyev “ölünü” diriltmək istəyənlərə qarşı qətiyyətli mövqe ortaya qoyur – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsinin ildönümü münasibətilə Prezident İlham Əliyevin xalqa müraciətinin gündəliyində Ermənistana havadar olmaq istəyənlərə növbəti xəbərdarlıqlar dayanırdı.

Diqqət çəkən məqamlar:

1. Prezident İlham Əliyev Qarabağda hansısa status məsələsindən söz açanlara, ATƏT-in Minsk Qrupunun postmüharibə dövründəki “ölünü” diriltmək cəhdlərinə cavab verdi,

2. İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi Bakının formalaşdırdığını bəyan etdi.

İlham Əliyevin açıqlaması həmsədrlərə, əsasən də həmsədr institutunu Qərb tərəfdən təmsil edən ölkələrə ismarıc idi.

Son zamanlar Fransa yenidən status termini ilə özünə postmüharibə dövründə yeni status qazanmaq istəyir.

Digər həmsədr ABŞ-da sanki Fransa ilə yarışa girirmiş şəkildə Qarabağda status amilinə diqqət çəkir. Ağ Ev Ermənistandakı səfiri Linn Treysi vasitəsilə xüsusi canfəşanlıq nümayiş etdirir.

Rusiyaya gəlincə, o da ikibaşlı siyasət yürüdür və ara-sıra “Dağlıq Qarabağ” ifadəsi işlətməklə, bölgə üzərində təsirlərini gücləndirmək, bölgədə qalıcılığını təmin etmək istəyir.

Bütün bunlar münaqişənin həllində rol oynamayan ATƏT-in Minsk Qrupunun həmsədr təsisatının fəaliyyətini ölü nöqtədən tərpədib regionda ambisiyalarını həyata keçirməyə hesablanıb.

Prezident İlham Əliyev isə statusun olmayacağına dair qətiyyətli mövqe ortaya qoyur və həmsədrlərə ünvanlanan mesajın xarakterində sərt ton müşahidə edilir.

İlham Əliyev deyir:  

“Əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaq”.

Bəs həmsədrlər daha nə istəyir? Onlar bilir ki, əvvəl-axır Azərbaycan Türkiyənin dəstəyi ilə Ermənistanı sülhə məcbur edəcək. Həmsədrlər bu müqavilədə öz maraqlarını təmin etmək niyyətindədirlər.

Ancaq İlham Əliyev xalqa müraciətində başda Türkiyə olmaqla, bir neçə ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi dəstəyini xatırlatmaqla Bakının bundan sonrakı diktələrini ön plana çıxarır.

İlham Əliyevin Bakının müttəfiqlərinin rolunu xatırlatmaq fonundakı bu bəyanatı diqqət çəkir:

“Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır”.

Bu o deməkdir ki:

1. Azərbaycanın bundan sonrakı davranışı Ermənistanın tutduğu mövqedən asılıdır. İrəvan konstruktiv mövqe nümayiş etdirsə, Bakı da ona adekvat davranacaq.

2. Əks təqdirdə isə, gündəliyə hərbi variant girir. İlham Əliyev buna görə də qeyd etdi:

“Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.

Anım günündə bu xatırlatmanın isə əhəmiyyəti böyükdür.

3. Azərbaycanın Ermənistanla gələcək münasibətlərində normallaşma olsa belə, burada Bakının diktələri ön planda olacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri