Okt
2021
17:04
49
458
10897
Virtual karabakh

İran mollalarının qaranlıq keçmişinə nəzər: Qardaşlıq siğəsi, qanqusduran axund... - FOTO/VİDEO

7 Okt, 2021
17:04
10897

İran mollalarının qaranlıq keçmişinə nəzər: Qardaşlıq siğəsi, qanqusduran axund... - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deyirlər ki, “qonşu qonşunun külünə möhtacdır”. Bu deyimin əsrlərin sınağından keçərək bu günə qədər gəlib çatdığına heç bir şübhəmiz yoxdur. Ancaq əsrlərin sınağı bəzən tam əksini də göstərir, istisnalar ortaya çıxır.

Təəssüflər olsun ki, bu istisnalardan biri və ən bariz nümunəsi də məhz Azərbaycan xalqının qonşuluğundadır. Elə bir qonşu ki, dar gündə dəstək olub, əl-ələ verib inkişaf etmək əvəzinə, var gücü ilə ataların deyimlərini haqsız çıxarmağa çalışır, çox zaman da müvəffəq olur.

İstisnalardan biri deyirik, çünki ermənilər bizim regionumuza gəlmədir, onlar qonşudan daha çox əl uzatdığımız, ancaq bizi sonradan kürəyimizdən vuran mənfur “qonaq”lardır. Qonşu kimi bu misala İran daha uyğun gəlir.

Tarix də göstərir ki, İranla qonşuluq xalqımız üçün bir çox ağır sınaqların, bir çox qaranlıq məqamların yaşanmasına, İranı ağuşuna alan qaragüruh dənizinin bizdən də yan keçməməsinə səbəb olub.

İran dövlətinin maraqlarını güdən “mollalar”la Şərqi düçar etdiyi bəla regionu uzun illər bəşəriyyətin inkişaf etmiş mədəniyyətlərindən geri qoyub.

Dövr dəyişsə, xalqlar öz inkişaf yollarını tutsalar da, regionda dəyişməz olaraq təkcə İran qalıb. Həmin İran ki, hətta bir əsrdən çox yaşı olan “Molla Nəsrəddin”in səhifələrində tənqid olunan məqamları belə bu günə qədər yaşadır, irəli getmək əvəzinə geri addımlayır.

Bu gün Azərbaycana qarşı qərəzli fikirləri böyük şövqlə dilə gətirən əyalət mollaları İranın çoxəsrlik dayaqları olan sözügedən geriləməsinin əsas aktoru olaraq önə çıxır, qətiyyətlə siyasi maraqları din pərdəsi altında təlqin edir və əllərindəki gücdən istifadə edərək özlərinin qurduqları “nizam”a zərbə olacaq hər şeyi inkar edirlər.

İran mollalarının XXI əsrdəki fəaliyyəti göz qabağındadır, gəlin biz düz bir əsr əvvələ qayıdaq, “Molla Nəsrəddin” səhifələrində İranın əsl mahiyyətini ortaya qoyan faktları bir daha xatırlayaq.

Yeri gəlmişkən, İran mollalarının birinci düşməni olan inkişafın əsasını məhz təhsil təşkil edir. “Molla Nəsrəddin”in “Tərəqqi pərvərlər” başlıqlı karikaturasında dırnaqarası tərəqqi istəyənlərin təhsili dəfn etdikləri əksini tapır. Eşşəyin üzərində oturanlar bu işə öndərlik edir, təhsili öz qaranlıq fikirləri ilə ölümə məhkum edir.

Ortaya çıxan mənzərənin İranda dini təhsil adı ilə “molla” ideyalarının təbliği sayəsində insanların dünyəvi təhsildən yayındırılması kimi hallar baxımından bu gün də aktuallığını qorumurmu?

“Molla Nəsrəddin” səhifələrində nəzərəçarpan daha bir məqam isə “axund molla qanqusduran” sözləridir. Bu ifadənin özü belə İranın əsrlərlə öz planlarının icrasında bir alət kimi istifadə etdiyi mollaların xalqın gözündəki əyani təsvirini formalaşdırır. Burada da inkişaf, azadlıq istəyənlər, cəmiyyətdə dəyişiklik uğrunda yola çıxanlar daşqalaq edilir, mollaların əsası onları kötəkləmək üçün silaha çevrilir. Həmin silah üzərindən yüz ildən artıq keçməsinə baxmayaraq, XXI əsrin bu günlərində də xalqa tuşlanmış olaraq qalır.

Növbəti məqam isə təşkil olunan məclislərlə bağlıdır. Bu anlamsız məclislər guya “taleyüklü” işin həllini icra edənlərlə doludur. Ancaq onların da arasında öz mövqeyindən istifadə edərək, sadəcə “hava istidir” bəhanəsi ilə məclisin ortasında “çimmək” eşqinə düşənlər çıxa bilir. Mənzərə dəyişməz olaraq qalır, bu gün belə əyalət mollasının kefi və arzuları istənilən vacib məsələnin həllindən daha üstün və təxirəsalınmaz hesab olunur.

Jurnalın ifşalarla dolu karikaturalarında dəhşətli mənzərələr də ortaya qoyulub. Növbəti səhnədə molla “qardaşlıq siğəsi oxuyur”. Haqlı olaraq əlavə edilir ki, “bir yolluq de ki, kəbin kəsir”.

Bu ikrahdoğurucu məqam əslində təbliğ olunan pedofiliyanın, iyrənc münasibətlərin ifşası olaraq qarşımıza çıxır. Təəssüf ki, “Molla Nəsrəddin”in ifşa etdiyi bu iyrənc münasibətin kökləri hələ də kəsilə bilmir, bir çox hallarda mollaların mənfur xislətləri “qardaşlıq siğəsi oxuyan”ların günümüzə qədər gəlib çatmasını təmin edir.

Göz yaşı qədər saf suyu içməkdən yəqin ki, heç kim imtina etməzdi. Ancaq mollaların elan verdikləri və satışa çıxardıqları, abu-nisan (göz yaşı) suyu bu saflıqdan məhrumdur. Mollalar tərəfindən dualanmış bu içki “mömin qardaş və bacılar” üçün nəzərdə tutulub. Məramı din olmayan, ancaq onun müqəddəs mövqeyinin arxasına sığınan bu cılız insanlar “mömin”lərə içki satmağı və içməyi bu gün də bacarır.

Yeniliyi qəbul etməmək, inkişafdan qaçmaq kimi anlaşılmaz fikirləri İran dövləti bu gün də ortaya qoyur. Azərbaycanın regionda zəfərlə yaratdığı yeni reallıqların meydana çıxardığı tərəqqi yolu məhz bu səbəbdən İranda qıcıq yaradır. Elə “Molla Nəsrəddin” də göstərir ki, İran mollası yenilik istəyənləri saçından tutub yerdə sürüyür, onun saçlarının dibində şeytan olduğunu təlqin edir. Ancaq həmin mollanın, ya xalqı inkişafa aparanların hansının şeytana qulluq etdiyini ayırd etmək çətin deyil...

Qarabağın incisi Şuşa hər zaman mədəniyyət, elm, maarif mərkəzi kimi tanınıb. “Molla Nəsrəddin” səhifələrində də bu istisna deyil. Növbəti mollaların jurnala olan münasibətini də ortaya qoyan karikaturada deyilir ki, “Qafqazın elm, maarif mərkəzi olan Şuşada jurnal qadağan edilib”. Bu işdə jurnalın bir nömrəli hədəfi və qatı düşməni olan mollaların əli olmayıb ki?

Əlində mütləq güc olan bu qaragüruh öndərləri üçün müqəddəs olan nə var ki? Sadəcə istəmək, göz dikmək, eqosunu razı salmaq yetər ki, dilədikləri diktə edilsin. Məzarlar üzərindəki taxta “baş daşlarını” sökən molla da bu qəbildəndir. “Yaş ağaclar quruyanda yandırmağa yaxşıdır” deyə karikaturada qeyd edilir. Bu ifadə onu göstərir ki, molla istəyirsə, toxuna bilməyəcəyi, göz dikə bilməyəcəyi heç nəyin olmadığı ortaya qoyulur, bu təbliğat maşını istədiyi hər şeyə, anlam və dəyərinə baxmadan toxuna bilir.

Bütün dünyada azyaşlıların hüquqlarının qorunması üçün mübarizə davam edir. Ancaq yüz il əvvəl belə mollalar bu işin əsas təşkilatçısı kimi önə çıxıb. Nəvəsi yaşında uşaqla evlənmək istəyən yekəqarın kişiyə məhz molla yol göstərir, “bunun harası uşaqdır” deyib, həmin adamı çirkin əməlinə daha da sövq edir. Təəssüf ki, bu rəzil durum cahil mollaların əli ilə indi də davam edir.

Yeri gəlmişkən, bu gün İran dövləti öz mollalarının da fitvası ilə öz ölkəsini, xalqını yeniliklərdən məhrum edir. Bütün dünyanın qəbul etdiyi reallıqlar inkar edilir, haram sayılır. Qərbin texnologiyalarını haram görən, qəbul etməyən İran mollalarının və onlara xidmət edən “siyasətçilər”in həmin Qərbə öz sözlərini onların icadı olan sosial şəbəkələrdə çatdırması kimi absurd bir mənzərə ortaya çıxır. “Molla Nəsrəddin”in təsvir etdiyi bu molla da yeniliklərə vahimə ilə tamaşa edir. Lağa qoyduğu, tənə etdiyi texnoloji inqilabı “haram, haram, günah” deyə qələmə verir.

Hələ mollalar utanmadan üzündəki tükləri dabanına qədər uzatmayan şəxsləri cərimələyirlər də, üstəlik sonradan böyük bir lütf etməyi də unutmurlar. Cərimənin bir hissəsini bağışlayır, sadəcə 10 tümənə qane olur. Bununla da dərdin din və ya ənənə olmadığını, əslində məsələnin ən başından etibarən 10 tümən uğruna edilən riyakarlıq olduğunu göstərirlər. Yəni, puluna minnət, varındırsa, istəyirsən üzündə tük olmasın, istəyirsən lap elə o cərimə kəsən mollanın özü səni təraş etsin...

İran dövləti bu gün Azərbaycana qarşı qərəzli mövqeyi və Ermənistana sevgisi ilə bir daha onun maraqlarına xidmət etməyin hər şeydən üstün olduğunu göstərir. İslama düşmən kəsilənlərin himayəsi bir daha onu deməyə əsas verir ki, İran heç də İslam davasını güdmür, yeri gələndə öz mənafeyi naminə hətta onun düşmənlərinə belə isti bir qucaq olur. Üstəlik kimin düşmən, kimin dost olmasına da mollalar, onların maraqları və “kefi” qərar verir.

“Molla Nəsrəddin”çilərin bu karikaturası da əsrlərlə yaşı olan bu xisləti ifşa edir.

“Sümüklərin müqəddəs torpaqlara müşərrəf olması, dünyadakı yaxşılıq və pisliklə deyil, məhz imamın xahişi ilədir”.

Göstərilir ki, milyonluq sərvətini xalqın yolunda ehsan etmiş gürcü Saraxovu öz xalqı sadə şəkildə yad edir, xatirəsinə ehtiram göstərir. Ancaq ömründə burnuna millət və insaniyyət qoxusu dəyməyən Məşədi Rəcəbəlinin nəşi məzarından çıxarılıb, Kərbəlaya göndərilir. Kərbəla İslam dininin müqəddəs məkanlarından biri, İslamın ali dəyərləri uğrunda mübarizənin simvoludur. Bu məqama çatmaq üçün bir mollanın bir sözü kifayət edir. Həyatda kim olursan ol, mollanın sözü sənin insanlığından da, şəxsiyyətindən də üstün gəlir.

Təhsilin və inkişafın düşməni kimi yadda qalan mollaların əsl hədəfi məhz savadsız, avam insanlar olur. Məhz kor-koranə tabe olan, haqqını aramayanlar İran mollalarının sadiq qullarına çevrilir. “Molla Nəsrəddin”in təsvir etdiyi molla öz tarazlığını qorumaq üçün təhsilin önünü kəsir, cahilləri əlində saxlayır. Mollanın əsasının bir ucu qız məktəbinin, digər ucu isə avamların qarşısını kəsir.

Müasir dünya bütün bu məqamları geridə qoya bilsə də, İran öz oxu ətrafında dolanmağa davam edir, mollalar öz atlarını şaxə qaldırıb, daha böyük kibir və riyakarlıqla hələ də öz “qüdrəti”ni qorumaq üçün bu əməllərə əl atır...

Bir şeyi yəqin deyə bilərik ki, tarix riyakarları və kibirliləri heç zaman bağışlamır. Onlar mütləq öz cəzasını tapır. Bu gün İran dövlətinin dünyadan təcrid olunmuş bir şəkildə min bir problemlə boğuşması, ölkədəki həyat səviyyəsi, xalqın acınacaqlı güzəranı tarixin çoxəsrlik yaşı olan molla qaragüruhundan aldığı intiqamdır. “Molla Nəsrəddin” bir əsr əvvəl bu həqiqətləri görüb, dilə gətirmiş, mollaların ifşası ilə ağıllı beyinləri oyatmağa çalışmışdı. Lakin İran lazım gələndə lal, kar, kor olmağı o qədər gözəl bacarır ki, bu çağırışlardan da məharətlə yayınıb. Nəticə isə göz qabağındadır...

Bu gün İran dövləti düçar olduğu uğursuzluq bataqlığında başqalarını günahlandırmaq, öz qorxularını gizlətmək üçün caynaqlarını göstərməyə cəhd etmək əvəzinə mollalarının qaranlıq keçmişinə nəzər salmalı və yaxşı götür-qoy etməlidir. Çünki yüzillərdir dəyişməyən İranın bunu aradan qaldırmaq üçün növbəti yüz ili çətin ki ola, dünya artıq bu geridəqalmış qaragüruhu qəbul edə bilmir. Heç İran xalqının da növbəti əsr üçün səbri olduğuna inanmırıq...

Materialın hazırlanmasında göstərdiyi köməyə görə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli Mətbuat Tarixi kafedrasının müəllimi Samir Xalidoğluya təşəkkür edirik. 

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri