14 
Okt
2021
13:14
209
42
1493
Virtual karabakh

Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı - YENİLƏNİB + FOTO

14 Okt, 2021
13:14
1493

Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin 14 oktyabr tarixində Belarus Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramov çıxışında iclasın gündəliyinə daxil olan və MDB çərçivəsində qarşılıqlı fəaliyyətimizin geniş spektrini əhatə edən məsələləri qeyd edib və müzakirə ediləcək məsələlər sırasında “MDB-nin 30 illiyi ilə bağlı üzv dövlətləri başçılarının Bəyanat layihəsi ilə bağlı Qərarı” xüsusilə vurğulayıb.

C.Bayramov Azərbaycanın MDB çərçivəsində əməkdaşlığa, həmçinin bütün MDB üzv dövlətləri ilə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.

Xarici işlər naziri MDB çərçivəsində qarşılıqlı humanitar sahənin fəaliyyətin əsas istiqamətlərindən biri olduğunu və bu xüsusda, əməkdaşlığın davam etdirilməsinin xalqlarımız və ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib. O, həmçinin təşkilat çərçivəsində, o cümlədən ikitərəfli əsasda MDB üzv dövlətlərinin miqrasiya sahəsində qarşılıqlı fəaliyyətin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Nazir çıxışında 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin bir hissəsinin 30 ilə yaxın davam edən işğalına son verildiyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edildiyini qeyd edib, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarından irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və doğurduğu ağır nəticələrdən bəhs edib. Regionda həyata keçirilən sülhməramlı səylərə, o cümlədən Birgə Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən böyük əhəmiyyət verildiyi vurğulanıb. Həmçinin çıxışında nazir Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində tarixi, dini və mədəni irsinin dağıdılması, həyata keçirilən urbisid və kultursid barədə iclas iştirakçılarını məlumatlandırıb. O, hazırda münaqişənin keçmişdə qaldığını, əsas məqsədin azad edilmiş ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsi olduğunu vurğulayıb. Bu xüsusda, nazir toplantı iştirakçılarına azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq içləri barədə ətraflı məlumat verib.

C.Bayramov bütün çətinliklərə baxmayaraq, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərzi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşmasına hazır olduğunu vurğulayıb. Azərbaycanın qeyd olunan prinsiplərə riayət etməklə Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırdığı qeyd olunub. Nazir Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu vurğulayıb. Kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əminlik ifadə edilib.

İclasın sonunda nazirlər tərəfindən “2022-ci ildə MDB-də xalq yaradıcılığı və mədəni irs İlinin qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planının layihəsinə dair Qərar” və “Miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair MDB iştirakçı dövlətlərin rəhbərlərinin bəyanat layihəsinə dair Qərar” sənədləri imzalanıb.

12:32

MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının növbəti iclası Minskdə əyani formatda keçirilir.

Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

XİN rəhbərlərinin beynəlxalq gündəliyin və Birlik formatında əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Müxtəlif fəaliyyət istiqamətləri üzrə daha əvvəl razılaşdırılmış bir neçə sənəd nümayəndə heyəti rəhbərlərinin diqqətinə çatdırılacaq. Bura MDB Xarici İşlər Nazirləri Şurası üzvlərinin “Bioloji və toksin silahların qadağan olunması haqqında” Konvensiyanın möhkəmləndirilməsinə dair birgə Bəyanat, 2022-ci ildə Birlik çərçivəsində XİN-lər arasında çoxsəviyyəli məsləhətləşmələrin keçirilməsi Planı, “Terrorizm və ekstremizmin digər formada təzahürləri ilə mübarizə probleminin öyrənilməsi üzrə baza təşkilatının yaradılması haqqında” Qərar, MDB çərçivəsində imzalanan beynəlxalq müqavilə layihələrinin hazırlanması üzrə metodiki tövsiyələr və s. sənədlər daxildir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri