16 
Okt
2021
14:16
246
13
1117
Virtual karabakh

Nelli Yakovleva: “Ukrayna üçün Türk Şurasında müşahidəçi statusu çox faydalı olardı” - KİYEVDƏN MÜSAHİBƏ

16 Okt, 2021
14:16
1117

Nelli Yakovleva: “Ukrayna üçün Türk Şurasında müşahidəçi statusu çox faydalı olardı” - KİYEVDƏN MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ, Türk Şurası) dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək. Tədbir zamanı təşkilatın adının Türk Dövlətləri Şurasına dəyişdirilməsinin mümkünlüyündən əlavə Ukraynanın Türk Şurasında müşahidəçi statusu müzakirə olunacaq. Bu barədə bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat vermişdi.

Türk Şurasına qatılmaq Ukrayna üçün nə qədər önəmlidir?

Oxu.Az-ın sualına cavab verən Ukrayna Ali Radasının insan hüquqları, müvəqqəti işğal edilmiş ərazilərin deokupasiyası və reinteqrasiyası Komitəsinin sədr müavini Nelli Yakovleva bu məsələnin onlar üçün çox vacib olduğunu bildirib:

“Yay aylarında Ukrayna yerli xalqlar haqqında qanun qəbul etdi. Türklər - Krım tatarları Ukraynada yerli xalq olaraq tanınır. Türk Şurasının üzvü olan Türkiyə isə o cümlədən Krımın işğaldan azad edilməsi məsələsində Kiyevin strateji tərəfdaşıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu ölkəmiz üçün çox faydalı olardı. Bundan başqa Türk Şurasında Ukraynanın daha bir strateji tərəfdaşı var - Azərbaycan”, - deyə o, vurğulayıb.

- Türk Şurası getdikcə mədəni birlikdən daha çox siyasi və iqtisadi quruma çevrilir, gələcəkdə hərbi də ola bilər. Bununla bağlı iki nəzər nöqtəsi var. Birincisi, bu birlik yalnız mədəniyyət məsələləri ilə məşğul olmalıdır. İkincisi, Türk Şurasının transformasiyası və güclənməsi təbii prosesdir. Siz hansı nöqteyi-nəzərdən yanaşırsınız?

- Sosial inkişaf meyllərini nəzərə alsaq, aydın olur ki, müxtəlif birliklər gec-tez siyasi rəng əldə edir. Bu səbəbdən Türk Şurasının güclənməsi təbii prosesdir. Ümumi maraqlar yalnız mədəni sahədə deyil, siyasi, iqtisadi və sosial sahələrə təsir göstərir. Ortaq strateji maraqlar varsa, şübhəsiz ki, müzakirə olunacaq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da istisna deyil.

- Son vaxtlar Ukraynanın münasibətlərinin gərginləşdiyi Macarıstan Türk Şurasında artıq müşahidəçi statusuna malikdir...

- Bəli, Ukrayna-Macarıstan münasibətləri indi mürəkkəbdir, bu doğrudur. Ciddi diplomatik iş tələb edən bir sıra fikir ayrılıqları var. Yeri gəlmişkən, bu, Macarıstanın Ukraynadakı mədəni maraqlarına da aiddir. Ukraynada ölkənin qərbində fəaliyyət göstərən macar məktəblərinin Ukrayna dilində tədrisə keçməsini nəzərdə tutan qanun qəbul edilib. Elə bu səbəbdən də Türk Şurası çərçivəsində dialoq platforması, əməkdaşlıq əlbəttə faydalı olardı.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri