28 
Okt
2021
17:16
414
56
1843
Virtual karabakh

Prezidentin Qarabağ və Şərqi Zəngəzur layihəsi: Regionun gələcəyi həssaslıqla inşa edilir – TƏHLİL

28 Okt, 2021
17:16
1843

Prezidentin Qarabağ və Şərqi Zəngəzur layihəsi: Regionun gələcəyi həssaslıqla inşa edilir – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük müharibə zamanı Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğala son qoydu, regionu separatizmdən təmizlədi, terrorçulara layiq olduqları cəzanı verdi. Beləliklə, dövlətimiz tərəfindən keyfiyyətcə yeni mərhələnin, yeni reallıqlar kontekstində sürətli inkişaf və quruculuq dövrünün təməli atıldı.

Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət, uzun illər ərzində atılmış strateji addımlar qələbəmizi şərtləndirməklə bərabər post-konflikt dövründə Azərbaycanın zəruri həmlələri yerinə yetirə bilməsi üçün dövlətimizin iqtisadi qüdrətini də artırdı.

Odur ki, bu gün bütün dünyanın gözü qarşısında Azərbaycan dövlətinin ortaya qoyduğu qüdrəti, Qarabağda ildırımsürətli bərpa və quruculuq işlərinin təməli hələ müharibədən uzun illər əvvəl böyük məharətlə konsepsiya şəklinə salınmış siyasi xəttin təzahürü olaraq qarşımıza çıxdı.

Ancaq bütün bunlar təsadüf deyil. Çünki Azərbaycan ordusunun döyüş meydanındakı şanlı qələbəsinin də, regionumuzdakı yeni reallıqların da müəllifi eynidir: Ali Baş Komandan İlham Əliyev və onun liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, dəqiq hesablanmış strateji və taktiki qərarları.

Müharibənin başa çatması ilə birlikdə Azərbaycan dövlətinin qarşısında dayanan prioritet məsələlərdə də dəyişiklik oldu. Bir vaxtlar bir nömrəli hədəf ərazi bütövlüyümüzün bərpası idisə, hazırda bu məqsədə nail olan Azərbaycan dövləti bütün diqqətini Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəlməsinə yönəldib. Üstəlik bu addımlar yalnız cari şəraitə uyğun yox, gələcək planlar nəzərə alınmaqla yerinə yetirilir.

Haqlı olaraq deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin öndərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun bütöv Azərbaycanla birgə gələcəyi sağlam əsaslar üzərində qurulur. İlham Əliyevin son səfərlərinə diqqət yetirsək görərik ki, son bir ay ərzində işğaldan azad edilmiş ərazilərə (Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı) səkkiz səfər edib. Bundan başqa, Vətən müharibəsi dövründə ciddi dağıntılara məruz qalmış Bərdə və Tərtərin müxtəlif yaşayış məntəqələrində olub. Buna səbəb isə İlham Əliyevin memarı olduğu Qarabağ və Şərqi Zəngəzurun yeni mənzərəsinin formalaşması prosesinə şəxsən nəzarət etməsidir.

Müharibədən sonrakı dövrdə qısa zaman ərzində ölkəmizin imkanları hesabına, dost ölkələrin nüfuzlu şirkətlərini cəlb etməklə bir beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, yaxın perspektivdə daha iki hava limanının tikintisinin nəzərdə tutulması, işğaldan azad olunmuş əraziləri bir-birinə bağlayan müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, Azərbaycanın əsas hissəsini Naxçıvan və daha sonra qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyulması və son nəticədə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılması, habelə enerji təminatı məsələlərinin həll edilməsi, ən qabaqcıl texnologiyalar əsasında yaşayış məskənlərinin və istehsal obyektlərinin yaradılması istiqamətində görülən işlər İlham Əliyevin formalaşdırdığı yeni reallığın konturlarını aydın göstərir.

Bu reallığın müəllifi olan Prezident İlham Əliyevin post-konflikt dövründə əsas məqsədi işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etməklə yanaşı, yaranmış geniş imkanları həm də Azərbaycanın regionda yeni strateji maraqlarının təmin edilməsi üçün səfərbər etməkdir.

İşğal illərində törədilmiş vəhşilikləri, dağıntıları aradan qaldırmaq üçün görülən işlər sözügedən regiona qısa vaxt ərzində dinc həyatın qayıtması, regionun iqtisadi potensialının formalaşdırılmasına xidmət edir. Qarabağın və Şərqi Zəngəzurun yeni yaranan mənzərəsi təkcə quruculuq işləri ilə kifayətlənmir, həm də sonradan regionun özünün inkişaf zəncirinin ən mühüm həlqələrindən birinə çevrilməsini ehtiva edir.

Sözsüz ki, bu prosesdə ən mühüm məqamlardan biri dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə əsasını qoyduğu Zəngəzur dəhlizidir. İstər bu dəhliz, istərsə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilməsi planlaşdırılan digər nəqliyyat və kommunikasiya layihələri yekun nəticədə bu gün demək olar ki, sıfırdan qurulan bölgənin gələcəkdə bütün Cənubi Qafqazda tərəqqi və inkişafın lokomotivinə çevrilməsini hədəfləyir.

Göründüyü kimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş ərazilərdə, əslində bütün regionumuzun parlaq gələcəyini çox həssaslıqla inşa edir. Bu işdə dövlət başçısı hər zaman olduğu kimi Azərbaycan dövlətinin maraqlarını və doğma xalqının rifahını özünə rəhbər tutur.

Görülən işlər eyni zamanda Azərbaycanın beynəlxalq miqyasda nüfuzuna da müsbət mənada təsir göstərir. Çünki təcavüzkar Ermənistanın fəaliyyətinin nəticəsi olan xarabalıqlar, yerlə-yeksan edilmiş yaşayış məntəqələri yenidən yaradılır, Azərbaycan dövləti beynəlxalq arenada məhz regionun tərəqqisinin bayraqdarı funksiyasını yerinə yetirən bir dövlət kimi tanınmağa başlayır.

Prezidentin müəllifi olduğu yeni reallıqlar və Qarabağla Şərqi Zəngəzurda ortaya çıxan son mənzərə Azərbaycanın uğurlu inkişaf modelini bütün ölkələr üçün nümunəyə çevirir. Bütün dünya bir daha görür ki, uzaqgörən siyasət, vaxtında atılmış strateji vacib addımlar, ən əsası xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutan bir anlayış yekunda bütün cəbhələrdə qələbə qazanır. Elə bir qələbə ki, sonradan sürətli inkişafın və tərəqqinin təməlinə çevrilir.

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri