19 
Noy
2021
15:48
383
82
2027
Virtual karabakh

İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq aləmdə müstəsna nailiyyət – RƏY

19 Noy, 2021
15:48
2027

İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq aləmdə müstəsna nailiyyət – RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cənab Prezident İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində BMT Baş Assambleyasının komitəsində “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi Azərbaycanın artıq qlobal oyunçuya çevrildiyini göstərir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu proses Azərbaycanın BMT mexanizmləri çərçivəsində reallaşan ilk təşəbbüsü deyil.

“Demək ki, gedişat rəsmi Bakının kifayət qədər nüfuz və çəkiyə malik beynəlxalq subyekt kimi çıxış etməsinə şübhə yaratmır. Məsələni daha detallı anlamaq üçün bu prosesə bir neçə fərqli müstəvidən yanaşmalıyıq”, - deyə B.Məhərrəmov əlavə edib.

Millət vəkili bildirib ki, son yarım əsrlik tarixi dövrü analiz etsək, Qoşulmama Hərəkatı heç bir dövrdə bəşəri problemlərin həllində bu qədər aktiv və məhsuldar fəaliyyət göstərməyib:

“Məhz Azərbaycanın və şəxsən cənab İlham Əliyevin dəqiq, planlı və şaxələndirilmiş fəaliyyət strategiyası Qoşulmama Hərəkatını pandemiya ilə mübarizədə beynəlxalq səyləri birləşdirən lokomotivə çevirdi. Əlbəttə, məqsəd bəşəri təhlükəsizlik və sağlamlıq olsa da, heç də bütün dövlətlərin bu prosesdə maraqlı olmadığı aydındır. Peyvənd millətçiliyini də məhz bu amil doğurur. Lakin, bu sədlərin aşılması və prosesdə aparıcı rolun Azərbaycana məxsus olması rəsmi Bakıya qlobal müstəvidə baxışı köklü dəyişdi. Artıq ən iri güclər üçün aydın oldu ki, Prezident İlham Əliyev peyvənd millətçiliyi ilə məşğul olan böyük dövlətlərə qarşı haqlı siyasi cəbhə açaraq onlara qarşı beynəlxalq səyləri birləşdirə bilib. Bu zaman cənab İlham Əliyevə və onun rəhbərlik etdiyi dövlətə siyasi güc kimi yanaşmaq zərurətini dərk edirlər”.

B.Məhərrəmov qeyd edib ki, indiki postmünaqişə dövründə, zəfərin nəticələrinin möhkəmlənməsi, 44 günlük haqq savaşı ilə Azərbaycanın yaratdığı yeni reallığın qorunması zəruri olan bir dövrdə həmin qətnamənin qəbulu çox müstəsna bir nailiyyətdir.

“Digər tərəfdən Azərbaycan bu uğurlu və faydalı gedişi ilə eyni zamanda bizim qarşımızda dayanan, Qafqazda sülh və sabitlik üçün əsas təhdid olan Ermənistan və havadarlarının əsl mahiyyətini ortaya qoymağı bacardı. Təsəvvür edin, İrəvan peyvəndlərə bərabər və universal çıxışa dair qətnamə layihəsinə bitərəf qaldı. Ən acınacaqlı statistikaya malik olan bir dövlət olaraq Ermənistan sağlam məntiqlə yanaşsaq, əslində hər kəsdən öncə bu prosesə dəstək verməli idi.  Lakin, təşəbbüsün Azərbaycandan gəlməsi səbəbi ilə bu bəşəri humanitar təşəbbüsün lehinə səs verməməklə Ermənistan necə miskin bir dövlət ideologiyasına sahib olduğunu nümayiş etdirdi. Nəticədə, təbii ki, bütün dünya Azərbaycanın kiminlə qonşu olduğunu, İrəvanın hansı murdar və zərərli ideologiyanı yaşatdığını, cənab İlham Əliyevin ötən il hərbi siyasi yolla Cənubi Qafqazı hansı təhlükədən xilas etdiyini göstərdi”, - deyə B.Məhərrəmov fikrini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri