20 
Noy
2021
12:52
183
55
2880
Virtual karabakh

İranı Türkiyəyə yaxınlaşdıran əsas faktorlar hansılardır?

20 Noy, 2021
12:52
2880

İranı Türkiyəyə yaxınlaşdıran əsas faktorlar hansılardır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Qarabağ müharibəsi regionda geosiyasi durumu dəyişməklə yanaşı, bölgədə yeni siyasi reallıqlar ortaya qoyub. Ənənəvi oyunçular sıxışdırılıb çıxarıldı, onları isə daha güclü, bölgənin problemlərinin həllində maraqlı olan dövlətlər əvəzlədi. Bu sırada qardaş Türkiyəni xüsusi qeyd etmək olar. Təəssüf ki, bu sözləri illər uzunu təcavüzkar Ermənistana “gözün üstündə qaşın var” deməyən, onunla əməkdaşlıq edən İran haqqında demək mümkün deyil. Rəsmi Tehran hərbi əməliyyatlar başlayan ilk gündən ikibaşlı bəyanatlarla çıxış etdi, hətta ikitərəfli münasibətlərə xələl gətirən addımlar atmaqdan da çəkinmədi.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Bu fonda İranın Türkiyə ilə də münasibətləri diqqət çəkir. İran, bəlli olduğu kimi, illər uzunu Türkiyənin regional və beynəlxalq aləmdə artan nüfuzunu qıcıqla qarşılayıb. Amma Türkiyənin geosiyasi çəkisinin artması, İran hakimiyyətini də ritorikanı bir kənara qoyub münasibətlər qurmağa sövq edib. Bu, daha çox İstanbulda keçirilən Türk Dövlətləri Sammitindən sonra özünü büruzə verməyə başlayıb. Sözsüz ki, İranı türk dünyasına yaxınlaşmağa məcbur edən əsas faktorlardan biri Amerika amilidir. ABŞ başda olmaqla, Qərb ölkələrinin rəsmi Tehrana artan təzyiqi göz önündədir. Əslində, İran Türkiyə ilə əlaqələrini genişləndirməyə məcburdur, başqa alternativi yoxdur. Bunun bir neçə səbəbi var. Birincisi, İran ABŞ-ın sanksiyasından qurtulmaq istəyir. Vaşinqton İrana qarşı tətbiq etdiyi sanksiyalar vasitəsilə bu ölkənin iqtisadi imkanlarını məhdudlaşdırmağa çalışır. Ona görə də, İran qonşu Türkmənistan, Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri genişləndirmək məcburiyyətindədir.

Ən önəmli olan Azərbaycanın mövqeyidir. Məsələn, İrana heç bir dövlət yatırım qoymadığı halda, Azərbaycan bu ölkəyə 500 milyon dollar investisiya qoyub ki, Astara-Rəşt dəmir yolu qısa zamanda tikilsin.

Türkiyə və İran münasibətlərinə gəldikdə, artıq iki ölkə arasında yeni mərhələ hiss olunmaqdadır. Tərəflər arasında əzələ nümayişindən sonra son vaxtlar gərginliyin azaldıldığı hiss olunur. Türkiyə və İran XİN rəhbərləri BMT Baş Assambleyası çərçivəsində görüşdükdən sonra bu günlərdə Tehranda danışıqlar davam etdirilib.

Önəmli olan odur ki, iki ölkə hərtərəfli əməkdaşlıq barədə razılaşmanın hazırlanması ilə məşğuldur. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun İran səfərinin yekunu zamanı buna toxunulub. Prezident İbrahim Rəisi görüş zamanı terrorizm və mütəşəkkil cinayətlərlə mübarizədə Tehran-Ankara əməkdaşlığının alına biləcəyini söyləyib. İran və Türkiyənin əlaqələri mövcud səviyyədən çoxistiqamətli əməkdaşlığa yüksəltməyə hazır olduğunu dilə gətirən Rəisi, uzunmüddətli müqavilələrin hazırlanması ilə ikitərəfli münasibətləri beynəlxalq səviyyədə inkişaf etdirə biləcəklərini söyləyərək deyib:

“İranla Türkiyə arasında yaxın əlaqələr bölgədə barış və sabitliyə xidmət edəcək”.

İran bəyan edib ki, iki ölkə arasında regional əməkdaşlıq qlobal əməkdaşlığa çevrilməlidir. İran hər sahədə əməkdaşlıq səviyyəsini yüksəltməyə hazır olduğunu dilə gətirib. Ən əsası, o da bildirilib ki, İran Türkiyə və Azərbaycanla qonşuluqdan başqa, dərin inanc və mədəni bağlara malikdir.  Yekun isə belə olub ki, Ankara anti-İran sanksiyaları məsələsində Tehranı dəstəkləyir. İkincisi, Türkiyə və İran İŞİD-ə qarşı birgə mübarizə aparmaq  istəyir. Üçüncüsü, Türkiyə Əfqanıstanda sabitlik naminə İranla birgə işləməyə hazırdır. Dördüncüsü, İran və Türkiyə Rusiyanın iştirakı ilə Astana formatı çərçivəsində Suriyadakı münaqişənin həlli istiqamətində əməkdaşlığı davam etdirir. Ayrı bir məqam isə Transqafqazdakı münasibətlərdir. Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın regionda ticarətin inkişafı üçün təklif etdiyi “3+3” formatında İranın iştirakında ölkəsinin maraqlı olduğunu açıqlayıb.

Beləliklə, Ankara açıq şəkildə bildirir ki, bu layihələr Tehranın əleyhinə deyil, xeyrinədir. Əlaqələrin normallaşması və təkmilləşdirilməsi prosesi taktiki gediş deyil, strateji addımdır. O da vurğulanır ki, Çavuşoğlunun səfəri yalnız daha yüksək səviyyədə danışıqlara hazırlıq xarakteri daşıyıb. Prezident Rəcəb Tayyib Ərdoğan tezliklə İslam Respublikasına gələcək və orada iranlı həmkarları ilə əməkdaşlıq üçün yol xəritəsi imzalayacaq.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Türkiyə sektorunun elmi işçisi Amil Hacıyev qeyd edir ki, Ankara və Tehranın bir çox ortaq maraqları var.

“Türkiyənin İranla çoxlu təmas nöqtələri - birgə səylərlə həll edilməli olan məsələlər var. Bura Əfqanıstan, Pakistan, Azərbaycan və Ermənistan, Suriya, Yaxın Şərq məsələlərinin nizamlanması daxildir. “Yol xəritəsi”nə enerji sahəsində əməkdaşlığın artırılması, kürd separatizmi ilə mübarizədə birgə səylər və Suriya nizamlanması istiqamətində gələcək addımlar da daxildir”, - deyə ekspert “Vestnik Kavkaza”ya müsahibəsində bildirib. Eyni zamanda, Hacıyev geosiyasi ziddiyyətlərə görə tamhüquqlu tərəfdaşlığa şübhə ilə yanaşır.

“Türkiyə və İran genişmiqyaslı qarşılıqlı fəaliyyətə hazırdırmı? Bir çox ziddiyyətlər var, bu ölkələr regionda tarixi rəqiblərdir. Amma təsir dairələrini yenidən bölüşdürmək üçün bu iki ölkənin səyləri yetərli deyil - üçüncü ölkələri cəlb etmək lazımdır. İki ölkə ümumi baxış və maraqların olduğu məsələlərdə cəhdlər edəcək, lakin mən düşünmürəm ki, bu addımlar İran və Çin, yaxud İran və Rusiya nümunəsi əsasında tam formatlı qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq”, - deyə ekspert vurğulayıb. “3+3” layihəsinə gəlincə, o deyib ki, İran üçün region formatından kənarda qalmaqdansa, yeni iqtisadi marşrutlarda iştirak etmək daha sərfəlidir.

Sonda isə vurğulayıb ki, İran-Türkiyə danışıqlarının nəticəsindən asılı olmayaraq, demək olar ki, Ankara xarici siyasətdə ciddi dönüş edir. Ən əsası isə son illərdə çox çətin münasibətlərdə olduğu qonşuları ilə yeni əlaqələr qurur. Və burada təkcə İranı deyil, Misir və BƏƏ-ni qeyd etmək yerinə düşər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri