24 
Noy
2021
16:18
273
44
2930
Virtual karabakh

Paşinyanın çarəsiz gedişləri: Bakının verdiyi dərslər və Kremlin İrəvana yerini göstərməsi – TƏHLİL

24 Noy, 2021
16:18
2930

Paşinyanın çarəsiz gedişləri: Bakının verdiyi dərslər və Kremlin İrəvana yerini göstərməsi – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan 44 günlük müharibənin regionumuzda formalaşdırdığı yeni reallıqları qəbul etməməkdə israr edir. Ermənistanın baş naziri ötən gün keçirilən onlayn mətbuat konfransında səsləndirdiyi fikirlərlə növbəti dəfə bunu sübut edib.

2020-ci il 10 noyabr tarixli bəyanatla bağlı danışan Ermənistan lideri qətiyyətlə regionumuz üçün inkişaf və tərəqqinin açarı olacaq Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxış edib. Baş nazir öz cəfəng fikirlərini üçtərəfli bəyanatda “dəhliz” ifadəsinin olmaması ilə əsaslandırıb.

Ancaq Nikol Paşinyanın “hiyləgər gedişi” və ya siyasi savadsızlığı heç də o demək deyil ki, Zəngəzur dəhlizi ilə bağlı vəziyyət məhz baş nazirin qələmə verdiyi kimidir.

İlk növbədə qeyd edək ki, sözügedən bənddə “maneəsiz hərəkət” ifadəsinə yer verilib. Bu da hərəkətin nəzarət-buraxılış məntəqələri olmadan təşkilini nəzərdə tutur. Erməni lider “dəhliz” ifadəsinin Laçın dəhlizi ilə bağlı işlədildiyini iddia etsə də, “Laçın dəhlizi” ifadəsinin yanında “maneəsiz hərəkət” ifadəsinin olmadığını yaddan çıxarıb.

İkinci məqam ondan ibarətdir ki, Ermənistan hazırda Laçın dəhlizindən istifadə edir. O zaman Azərbaycanın da Naxçıvana gediş-gəliş üçün Ermənistan ərazisindəki dəhlizdən istifadə etməsi haqlı tələb olaraq qarşımıza çıxır.

Ermənistan əslində özünün möhtac qismində olduğu bir vəziyyətdə Azərbaycana qarşı gəlməyə çalışır. Çünki əgər dəhliz məsələsi Nikol Paşinyanın dediyi kimi gündəmdə deyilsə, o zaman Azərbaycanın da buna daha sərt cavab verməsi labüddur və bu İrəvan üçün çox ağır fəsadlara gətirib çıxarar.

İstənilən halda tərəflər bir-birinə qarşı linqivistik barrikada qurmaqla məşğul olacaqsa, bu regionumuzda kommunikasiyaların açılması prosesini faktiki olaraq iflic vəziyyətə sala bilər. Sözügedən məqam isə Ermənistanın özü üçün daha taleyüklü hesab olunmalıdır. Çünki Azərbaycan tərəfinin onsuzda Naxçıvana İran vasitəsilə çıxışı var. Muxtar Respublikanın həmçinin qardaş Türkiyə ilə də sərhədi mövcuddur. Azərbaycan torpaqlarının işğalda saxlandığı 30 ilə yaxın dövrdə də blokada Ermənistan üçün aktual olub. Azərbaycan tərəfi Naxçıvanın hərtərəfli təminatını həyata keçirib. Bu dövrdə Ermənistan işğalçı siyasətinin məntiqi nəticəsi olaraq təcrid olunub.

44 günlük müharibənin yekununda rüsvayçılıqla məğlub olan Ermənistan 10 noyabr tarixində kapitulyasiya aktına imza atdı. Azərbaycanın söz sahibi olduğu yeni reallıqlar dövründə Ermənistanın hər hansı bir diktə etmək cəhdlərindən söhbət belə gedə bilməz. Ancaq Ermənistanın səriştəsiz rəhbərliyi bu günə qədər sözügedən sadə həqiqəti dərk edə bilmir. Məhz bu səbəbdən Azərbaycan vaxtında atdığı addımlarla İrəvana 10 noyabr bəyanatından ötən bir il ərzində də növbəti dərsləri verməyi bacarıb.

Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulmuşdur. Azərbaycan bu addımla Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən qanuna müvafiq qaydada rüsum toplayır. Sözügedən addım atılmasına görə rəsmi İrəvan günahı məhz özündə axtarmalıdır. Azərbaycan tərəfi sadəcə Ermənistanın səriştəsiz rəhbərliyinin qeyri-konstruktiv yanaşma və addımlarına tutarlı cavab verib.

İranla Ermənistan arasındakı daşınmalarda əhəmiyyətli rol oynayan yolda yaranmış vəziyyətlə bağlı birbaşa əziyyət çəkən də İrəvandır. Erməni rəhbərliyi isə hələ də tutduğu mövqeyin sonunun uçurum olduğunu dərk edə bilmir. Nikol Paşinyan iddia edir ki, Tatev yolu bu problemi həll edə bilər. Lakin burada da erməni lider yolun yararsız vəziyyətdə olduğunu unudur. Burada yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə qeyri-mümkündür.

Göründüyü kimi Ermənistan rəhbərliyi sağlam məntiqlə ifadə edilə bilinməyəcək addımlar atır. Özü də bu fəaliyyətlərin nəticəsindən əziyyət çəkən yeganə tərəf də məhz erməni tərəfi olur.

Nəticələri düşünülməmiş addımları atarkən məsuliyyəti dərk etməyən erməni lider çıxış zamanı Zəngəzur dəhlizi ilə yanaşı daha bir məqamı inkar etməyə cəhd edib.

Nikol Paşinyan iddia edir ki, guya 9 noyabrda Rusiya Prezidenti V.Putinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasının səbəbkarı o deyil. Bu iddianı isə ilk növbədə Rusiya mənbələri alt-üst edib. Rusiya mənbələri görüşün keçirilməməsinin səbəbinin məhz Ermənistan olduğunu qeyd edir, göstərilir ki, görüşə bir gün qalmış özü də heç bir səbəb göstərmədən məhz rəsmi İrəvan tədbirdən imtina edib.

Nikol Paşinyanın sözügedən iddiasının da absurd olmasını sübut etmək heç də çətin deyil. Belə ki, Rusiya üçtərəfli danışıqlarda vasitəçi və regiondakı sabitlikdə, kommunikasiyaların açılmasında maraqlı tərəf kimi iştirak edir. Azərbaycan danışıqların üstün tərəfidir, şərtlərini, tələblərini diktə etmək imkanlarına sahibdir. Burada möhtac və zəif həlqə məhz İrəvandır. Təkcə bu amillər belə görüşdə iştirakda kimin maraqlı olmadığını söyləməyə bizə əsas verir.

Sözügedən görüşdə yekun bəyanatın verilməsi məsələsi də aktual olub. Rusiyanın təklifi ilə 9 noyabrda keçirilməsi nəzərdə tutulan görüşün yekun bəyanatının hazırlanması üzərində çalışılıb. Lakin İrəvan sadə dildə desək “aradan çıxmağı” daha məqsədə uyğun hesab edib.

Bununla da faktiki olaraq Rusiya tərəfinin səylərinə arxa çevirib, Kremlə hörmətsizliyini növbəti dəfə ortaya qoyub. Bununla da kifayətlənməyən Nikol Paşinyanın Ermənistanı üzünü Avropaya tutaraq Brüsseldən üçtərəfli görüş keçirilməsini istədi.

Nikol Paşinyan nümayişkaranə şəkildə Rusiyanı pərt olmuş duruma saldı və çıxılmaz vəziyyətdə qoydu.

Ancaq Kremlin Nikol Paşinyana dərs verməsi üçün çox vaxt tələb olunmadı. Elə ötən gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə noyabrın 26-da Soçidə görüş keçiriləcəyi açıqlandı.

Yuxarıda qeyd olunan faktları sadalasaq bu görüşdə iştirakın İrəvana Rusiyanın mesajı olduğunu görmək mümkündür. Kreml İrəvana bununla “qulaq burması” verərək, ona yerini göstərdi.

Əslində Nikol Paşinyanın görüşdən yayınmaq cəhdi təkcə Rusiyadan üz döndərərək Qərbə yaltaqlanmaq cəhdi kimi də qəbul edilməməlidir. Daha bir məqam məhz Nikol Paşinyan hakimiyyəti ilə bağlı narahatlıqlarıdır. Sözügedən görüş məhz 9 noyabrda nəzərdə tutulmuşdu. Həmin tarixdən bir il öncə 9 noyabrdan 10-na keçən gecə İrəvan məhz kapitulyasiya aktına imza atmışdı. Nikol Paşinyan bir il sonra eyni masada kapitulyant kimi əyləşməkdən qaçmaqla daxili auditoriyanın kəskin qəzəbi ilə üzləşməkdən qorxduğunu da ortaya qoydu.

Dövlət başçısı İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi Nikol Paşinyanın kapitulyasiya aktını harada imzalaması bu gün də sual altındadır. Odur ki, erməni lider eyni tarixdə ikinci dəfə diktə edən tərəf olan Azərbaycanın qarşısına çıxmaqdan çəkindi.

Ancaq İrəvan dərk etməməkdə nə qədər israrçı olsa da, həqiqətləri inkar etməyə davam etsə də, Azərbaycanın yaratmış olduğu yeni reallıqlar onun əl qolunu bağlamağa davam edir.

Çarəsiz vəziyyətdə bütün yollara əl atan erməni lider isə atdığı hər addımda Bakının qətiyyətli mövqeyi ilə qarşı-qarşıya qalır. Düçar olduğu çarəsizlik İrəvanı atdığı hər addımda növbəti rüsvayçılıq və fiaskoya sövq edir...

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri