26 
Noy
2021
19:12
528
104
10180
Virtual karabakh

Üçtərəfli görüş: Əliyev sakitdir, Paşinyan qurcalanır – ŞƏRH + FOTO

Soçidə Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü baş tutdu.

Görüşdə nümayiş etdirilən bədən dili də önəmlidir. İlham Əliyev çıxış edərkən soyuqqanlılıq nümayiş etdirirdi və stabil vəziyyətdə qalmışdı.

Nikol Paşinyan isə İlham Əliyev danışdıqca qorxmuş şəkildə ona baxır və yerində qurcalanırdı.

Bir sözlə, Paşinyan narahat idi, bunu danışıq üslubunda da büruzə verirdi. Rusiya və Azərbaycan dövlət başçılarının ifadə etdikləri mövqelər bir-birilə sinxronluq təşkil edir, amma Nikol Paşinyan cığallıq edərək daxili auditoriyaya işləyən bəyanatlar səsləndirir.

Vladimir Putinin çıxışında əsas vurğu etdiyi odur ki, gecikmədən Azərbaycan və Ermənistan sərhədləri müəyyənləşməli və yekun sülh müqaviləsi imzalanmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev də Bakının sərhəd delimitasiya və demarkasiyasına hazır olduğunu bəyan edib.

Eyni bəyanatı Nikol Paşinyan da səsləndirib, amma Bakı və Moskvanın maraqlarından kənar kontekstdə və həyasız bir formada.

O bildirib ki, yalnız nəqliyyat və kommunikasiyaların açılması fikri ilə razılaşır, yenidən hərbi əsir məsələsini gündəmə gətirib və azmış kimi “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə müraciət edib.

Ancaq Paşinyan dilinin əzbəri olmuş həmin ifadəni səsləndirərkən çaşdığını dərk edərək sözünü geri götürürmüş kimi davranır.  

Üçtərəfli görüşdə Vladimir Putin İlham Əliyevlə Nikol Paşinyanın dekabrın 15-də keçiriləcək Brüssel görüşünə də toxunub: “Siz orada görüş keçirilməsinə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq”.

Vladimir Putin qeyd edib ki, liderlər arasında birbaşa ünsiyyət imkanı nə qədər çox olsa, bir o qədər yaxşı olacaq.

“Mən bu yaxınlarda Avropa İttifaqı Şurasının sədri cənab Şarl Mişellə də danışdım. O sizi gözləyir, ancaq ümid edirəm ki, biz sizinlə irəli hansısa addım atacağıq və digər platformalarda artıq növbəti addımları atmaq mümkün olacaq. Bir daha təkrar edirəm ki, biz partnyorlarımızın bu məsələyə cəlb olunmasını alqışlayırıq. Əsas odur ki, bütün bunlar fayda versin”, - deyə o əlavə edib.

Liderlər mətbuat üçün açıq olan hissədən sonra bağlı qapılar arxasına keçiblər.

Nəticə: Paşinyanın tərzi Azərbaycanın hərbi gündəliyini aktuallaşdırır.

Əgər üçtərəfli görüşdən Bakının gözlədiyi nəticə çıxmasa, Ermənistanı növbəti məğlubiyyət gözləyir.

Aqşin Kərimov

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri