26 
Noy
2021
23:08
511
90
12610
Virtual karabakh

Soçi bəyanatı: Azərbaycan istədiyini aldı, Paşinyan isə yenə uğursuzluğa düçar oldu – ŞƏRH

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş başa çatdı.

Əvvəlcədən gözlədiyimiz kimi, üçtərəfli görüşün nəticəsi olaraq birgə bəyanat qəbul edildi. Bu bəyanat 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamıdır və tərəflərin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi işinin sürətləndirilməsi üçün qarşıya yeni vəzifələr qoyur.

Bəyanatda “Biz 10 noyabr və 11 yanvar bəyanatlarından irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səyləri gücləndirməyə razılaşdıq” deyilməsi onu göstərir ki, yaxın zamanlarda daha vacib qərarlar qəbul ediləcək.

Nəqliyyat dəhlizinin açılması sərhədlərin delimitasiya və demarkasiyası ilə paralel şəkildə gedəcək, buna görə də, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsinə dair ikitərəfli komissiya yaradılması nəzərdə tutulur.

Təbii ki, Rusiya sərhədlərin müəyyənləşməsində iştirakını da nəzərdə tutur, məhz buna görə də, bəyanatda Rusiyanın bu məsələdə tərəflərin xahişi ilə onlara yardım göstərməsi bəndi yer alıb.

Soçi görüşündə qəbul edilən üçtərəfli bəyanatda bildirilir ki, prezidentlər və baş nazir regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğulayırlar.

Bu nə deməkdir? Mövcud siyasi reallıqda iqtisadi potensialın qiymətləndirilməsi Zəngəzur dəhlizindən ayrı tutularaq hansısa çərçivəyə salına bilməz.

Bəyanatın bəndi göstərir ki, qrafiklər tərtib ediləcək və bu qrafiklərdə son tarixlər göstəriləcək.

Üçtərəfli görüşdən bir həftə sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyasının Moskvada bir araya gələcəyi də qərarların tez bir zamanda verilməsinə hesablanıb.

Rusiya Prezidenti Vladimir Putinin birgə mətbuat konfransında “ilin sonunadək Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiya prosesi razılaşdırılıb” deməsi həm də ona işarədir ki, artıq dəhlizin açılmasına dirəniş göstərmək üçün İrəvanın əlində hərbi-strateji üstünlüklər yox dərəcəsindədir.

Bu razılıqlar üçtərəfli görüşdən çox, Əliyev-Putin ikitərəfli görüşündə qəbul edilib.

Fikir verək. İlham Əliyev Vladimir Putinlə görüşündə ümid etdiyini bildirdi ki, 2022-ci ildə nəticələr əldə ediləcək.

Üçtərəfli görüş isə Əliyev-Putin razılaşmasını Paşinyana çatdırmaq üçün idi.

Yəni Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyəsinin rolunun bu məsələdə həlledici olduğunu nəzərə almaq lazımdər.

Diqqət çəkən məqamlardan biri də budur ki, sənəddə Qarabağla bağlı və Paşinyanın tez-tez müraciət etdiyi hərbi əsirlər məsələsi yer almayıb.

Nikol Paşinyanın tez-tez müraciət etdiyi digər platforma isə ATƏT-in Minsk Qrupudur, amma bu sənəddə Minsk Qrupuna dair bir dənə də olsun bənd yoxdur. Yəni, həmsədr institutu koordinasiyalı şəkildə işləyə bilmir və nəticədə onun fəaliyyəti yalnız formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya daha aktiv və təşəbbüskardır.

Bu o deməkdir ki, artıq status məsələsi Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılıb. Daha doğrusu Bakı və Moskva öz diktələri ilə status mövzusunu İrəvanın gündəmindən çıxarmağa nail olub. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha nümayiş etdirilib.

Vladimir Putin mətbuat konfransından dəhliz ifadəsini də işlətdi:

“Biz iqtisadi məsələlər, iqtisadi əlaqələrin inkişafı haqqında çox ətraflı danışdıq və hər şeydən əvvəl, ilk addım olaraq nəqliyyat dəhlizlərinin açılmasını müzakirə etdik. Bu, həm dəmir yolları, həm də avtomobil yollarına aiddir”.

Bu bəyanat Bakının mövqeyi ilə uyğunluq təşkil edir, Prezident İlham Əliyevin tələblərindən biri də bu idi ki, Zəngəzur dəhlizində həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır.

Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata əsasən, Azərbaycan tərəfi Soçi görüşündən məmnun qalıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri