13 
Dek
2021
14:52
152
20
1819
Virtual karabakh

Qriqori Trofimçuk: “Ermənistan ABŞ və Fransa ilə “evlilik” istəyir, ancaq bu mümkün deyil”

13 Dek, 2021
14:52
1819

Qriqori Trofimçuk: “Ermənistan ABŞ və Fransa ilə “evlilik” istəyir, ancaq bu mümkün deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndi hər yerdə və hər şeydə “mühasirə”ni hiss edən Ermənistan getdikcə Rusiyanın nəzarətindən çıxır. Bir çox ermənilərin, hətta rusiyapərəstlərin düşüncəsindən fərqli olaraq Rusiya Ermənistanı satmadı, sadəcə olaraq faciəvi hadisələr zənciri ermənilərin reallıq qavrayışını kütləşdirdi. Qısası, indi Ermənistan üçün fərqi yoxdur”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Avrasiya İdeyaları Emalatxanası” Elmi Araşdırmalara Dəstək Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk deyib.

“Eyni şey, prinsipcə “3+3” danışıqlar formatı kimi detallara da aiddir. Reallaşacaqmı, yoxsa yox, necə gedəcək, həyat qabiliyyətli olacaqmı – ermənilər artıq öz xoşbəxtliyinə inanmır. Özlüyündə “3+3” formulu mənim təxminən on il əvvəl Xəzər-Qara dəniz qövsü ilə bağlı müxtəlif tədbirlərdə danışdığım formulla çox oxşardır.

Əslində bu formulu “Qafqaz qalası” adlandırmaq olar. Hansı ki, burada kənar, regiondankənar qüvvələrə yer yoxdur. Ancaq burada artıq sırf daxili problemlər üzə çıxır, çünki Gürcüstan hər halda bütün zəmanət çərçivələrindən kənarda qalır. Üstəlik, mən deyərdim ki, kəskin şəkildə Rusiya əleyhinə köklənən (bunun isə səbəbləri aydındır) Tbilisi ilə iş birliyinə girmək ümumən təhlükəlidir, çünki Gürcüstan NATO və ABŞ üçün Cənubi Qafqazda əsas və ən etibarlı plasdarm olaraq qalır.

Bundan əlavə, Gürcüstanın Türkiyə ilə bağlı yeni regional nizamda hələ ki, üzə çıxmayan öz problemləri var. Əgər “3+3” formulu üzrə danışıqlara qatılsa, bu cür Gürcüstanla münasibət qurmaq heç kimə asan olmayacaq. Gürcüstan üçün Azərbaycan-Ermənistan-Gürcüstan üçtərəfli formatını canlandırmaq daha maraqlı olardı. Əgər Saakaşvili və dostları heç nəyə baxmayaraq, Gürcüstanı daxildən sarsıda bilsələr, o zaman Rusiya özü də tezliklə bu gözəl “3+3” bərabərliyindən uzaqlaşmağa çalışacaq.

Burada Ermənistanın birbaşa düşmənlərinin iştirakına görə bu çərçivələrdə İrəvanın heç bir işinin olmadığını bildirən erməni politoloqlara gəlincə, hər şey qəribədir. Çünki bu cür ağır problemlər və münaqişələr üzrə danışıqlar çox tez-tez birbaşa düşmənlər arasında aparılır. Axı dostlarla belə uzun-uzadı söhbət edəcək heç nə yoxdur. Yəni bu, sadəcə bəhanədir.

Ermənistan artıq heç nə istəmir, şıltaqlıq edir və “evlilik yaşına çatan qadın”a çevrilir. O, ABŞ və Fransa ilə “evlilik” istəyir, lakin bu hələ mümkün deyil, bunun üçün Moskva ilə münaqişə barədə qərar verməlidir. Ona görə də hələlik Ermənistan tərəfi Moskvanın onu dəvət edəcəyi danışıqlar masalarının yanında əyləşəcək. Bununla belə, ölümcül yaralı Ermənistan gözlənilməz addımlar atmağa qadirdir”, - deyə o bildirib.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri