23 
Dek
2021
12:06
483
35
9837
Virtual karabakh

Paşinyan Makronu, sülhməramlılar missiyasını heçə saydı: Rəsmi Bakı dəhlizi nəzarətə götürəcək – TƏHLİL

23 Dek, 2021
12:06
9837

Paşinyan Makronu, sülhməramlılar missiyasını heçə saydı: Rəsmi Bakı dəhlizi nəzarətə götürəcək – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Fransanın İle-de-Frans regionunun rəhbəri Respublikaçılar Partiyasının prezidentliyə namizədi Valeri Pekres Azərbaycanın sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərinə səfər edib.

Sözsüz ki, fransalı siyasətçinin bu təxribatının arxasında çox da gizli sayılmayan bir sıra amillər dayanır. Bunlardan başlıca olaraq, Fransada yaşayan yarım milyondan çox erməni seçicinin səslərini cəlb etmək istəyini qeyd etmək lazımdır.

Valeri Pekres də rəqibləri – Fransa prezidentliyinə namizədlər Marin Le Pen, Ann İdalqo, Erik Zemmur kimi ermənilərin səsləri naminə siyasətçi adına yaraşmayan addım atmaqdan çəkinməyib.

Ona qədər Valeri Pekresin rəqibləri, Marin Le Pen Fransada nəşr edilən erməni qəzeti “Nouvelles d'Armenie”yə müsahibəsində münaqişənin nizamlanması üçün “Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğunu” demişdi. Digər bir namizəd Ann İdalqo Parisin Qarabağın müstəqilliyini tanıya biləcəyini iddia etmişdi. Prezidentliyə namizəd yazıçı və jurnalist Erik Zemmur isə Ermənistana 11-14 dekabr tarixlərində səfər etmişdi.

Lakin Valeri Pekres ermənilərin “rəğbətini” qazanmaq üçün digər namizədlərdən fərqli olaraq İrəvana səfər etmək, sərsəm bəyanatlar vermək bir kənara qalsın, hətta birbaşa təxribata əl atmağa belə cəsarət edib.

Görünür, Valeri Pekresin beynəlxalq hüquq anlayışı olduqca səthi və cılızdır. Yoxsa onun “Qarabağda nə işi var?” sualına cavab tapmaq bir qədər də mürəkkəbləşir. Ancaq başqa bir dövlətin ərazisinə qanunsuz səfər edə biləcək qədər həyasızlaşmaq, azğınlaşmaq üçün sadəcə cılız hüquq biliklərini əsas gətirmək doğru olmazdı.

Fransalı “siyasətçi”nin populizm və avantüradan başqa bir şey olmayan bu səfəri ermənilərin səslərini toplamağa və ya ən azından ölkəsindəki erməni diaspor nümayəndələrinin ianələrindən maksimum istifadəyə yönəlib.

İstənilən halda Valeri Pekresin addımını məntiqlə əlaqələndirmək mümkün deyil. Sadəcə ermənilərin vədlərinə arxayın olmaqla bu cür böyük bir qalmaqala imza atmaq onun siyasi karyerası üçün heç də gələcək uğurların açarı sayıla bilməz. Fransız siyasətçi atdığı bu addımla Cənubi Qafqazın əsas söz, bütün platformalarda nüfuz sahibi Azərbaycana qarşı təxribat törətməklə nə qazandığını yaxşı düşünməlidir.

Valeri Pekresin bu addımı mənsub olduğu Fransa daxili siyasətinin eybəcərliyini ortaya qoyur və bütün mənəvi-etik dəyərlərdən kənar olduğunu bir daha əyani şəkildə göstərir. 50 yaşlı xanım siyasətçi həyatı boyu Ermənistana səfər etməyib, lakin seçkilərdə Fransanın erməni lobbisinin dəstəyini qazanmaq üçün artistik bir şəkildə Ermənistana və Qarabağa səfər etmək qərarına gəlib.  

Fransanın daxili siyasətinin eybəcərliyi və çirkin seçkiqabağı mübarizə formalarının Cənubi Qafqaz regionuna daşınması isə regionda revanşizmi gücləndirən amildir və kövrək sülhə qarşı təxribat mahiyyəti daşıyır. Bu cür “siyasətçi”lərin münaqişəni yenidən alovlandırmaq, revanşizm və separatçılığı dəstəkləmək və ona dini don geyindirmək cəhdləri böyük təhlükə yaradır. Məsələyə Şərq xristianları, səlibçi təfəkkürü və rasist Orentalizm ideologiyası ilə baxmaq təhlükəli fəsadlar yarada bilər.

Qeyd edək ki, Valeri Pekres İrəvanda da olduqca “səmimi” qarşılanıb. Bu saxta səmimiyyəti isə Nikol Paşinyanın şəxsində erməni hakimiyyətinin növbəti riyakarlıq nümunəsi kimi vurğulamaq yerinə düşər. Brüsseldə Valeri Pekresin rəqibi, hazırkı Fransa Prezidenti Emmanuel Makronla Nikol Paşinyanın münasibətini görənlər də bunu “səmimiyyət” adlandıra bilərdilər. Üstəlik, Fransa prezidentinin ermənipərəst mövqeyi və bununla bağlı paylaşımları da ortadadır.

İndi isə Makronun ən ciddi rəqibi Pekresi dövlət protokol atributları ilə qəbul olunmasına şərait yaratmaqla Paşinyan hökuməti Makrona da xəyanət etdi. Lakin Nikol Paşinyanın bariz nümunə olduğu erməni xisləti üçün bunlar adi haldır. Nikol Paşinyan bundan əvvəl ABŞ-a, dəstəkçisi olan Sorosa, daha sonra Rusiyaya xəyanət etdiyi kimi indi də Emmanuel Makrona xəyanət etdi. Halbuki, həmin Makron Azərbaycan ilə ən kəskin mübahisəyə çıxan və bizə əsassız ittihamlar irəli sürən Avropa lideri hesab olunur.

Ancaq hadisələrin gedişi onu göstərir ki, ermənilər üçün öz maraqları hər şeydən üstün sayılır. Hakimiyyətdə olan və ya hakimiyyətə gəlmək ehtimalına sahib hər kəs Nikol Paşinyan və administrasiyası üçün yaltaqlanacaq növbəti ünvan sayılır. Çox güman ki, Nikol Paşinyan “səmimi” qəbulunda həm də Valeri Pekresin Emmanuel Makronun seçkilərdə əsas rəqibi olması amili də mühüm rol oynayır.

İstənilən halda Valeri Pekresin bu addımı öz layiqli cavabını tapacaq. Sözügedən siyasətçi mütləq Azərbaycan dövləti tərəfindən arzuolunmaz şəxslərin siyahısına daxil ediləcək.

İndi isə keçək məsələnin daha ağrılı tərəfinə: Sülhməramlıların müvəqqəti nəzarəti altındakı ərazilərdə mövcud nəzarətsizliyə.

Rusiya sülhməramlı kontingenti artıq bir ildən artıq müddətdir regionda xidmət aparır. Ancaq bu xidmətin hansı maraqlara xidmət etdiyi bu günə qədər qaranlıq olaraq qalır. Çünki sülhməramlıların “nəzarət” etdiyi Laçın dəhlizindən istənilən şəxs sərbəst şəkildə keçə bilir. Erməni silahlıları, terrorçuları istədikləri kimi silah daşıyır, təxribata alət ola biləcək istənilən vasitəni rahatlıqla nəzarət olunan postdan keçirir. Erməni siyasətçilər, rəsmi şəxslər heç bir maneəyə rast gəlmədən rahat şəkildə Qarabağa girib-çıxa bilir. Elə Valeri Pekres kimilərin də Qarabağa səfərinə məhz Rusiya sülhməramlıları göz yumur.

Bəs sülhməramlılar buna nəyə görə göz yumur, hansı maraq onları öz ali missiyalarına xəyanət etməyə sövq edir? Sülhməramlılar öz missiyaların icra edə bilmir, yoxsa etmək istəmir?

İlk günlərdən ermənilərin sağlığına badə qaldıran, təxribat olduqda yoxa çıxıb, ermənilərin gündəlik “qayğı”larının aradan qaldırılmasında canfəşanlıq nümayiş etdirən sülhməramlılar həqiqətən öz missiyalarından xəbərdar deyillər?

Bu suallar artıq uzun müddətdir cavabsız qalıb və cavabsız qalmağa davam etdiyi müddətcə erməni təxribatları üçün ideal zəmin rolunu oynayacaq. İstər erməni, istər əcnəbi siyasətçinin Qarabağa səfər etməsi qanunsuz və qəbuledilməzdir.

Əgər Rusiya sülhməramlıları öz öhdəliklərini icra edə bilmirlərsə, bu məsələyə də müdaxilə etməyin vaxtı çatıb deməkdir. Baş verənlər göstərir ki, Azərbaycanın Laçın dəhlizini tam nəzarətə götürməsinin vaxtı çatıb. 44 günlük Vətən savaşının qalib tərəfi kimi Azərbaycan regionda istənilən təsir mexanizmləri və təzyiq alətlərinə sahib tərəfdir. Ancaq buna baxmayaraq, sülhə töhfə vermək adına, humanizm prinsipləri də əsas tutularaq Azərbaycan dövləti Laçın dəhlizində sərbəst gediş-gəliş olmasına etiraz etməyib. Lakin hazırkı durum sərbəstlik deyil, özbaşınalıq həddinə çatıb. Sülhməramlılar öz missiyasına layiq olmayan tərzdə davranır, ermənilər isə bundan öz çirkin əməlləri üçün maksimum istifadə edir.

Bütün bunların fonunda Azərbaycan dövlətinin Laçın dəhlizini tam nəzarətə götürməsi birmənalı olaraq haqlı addım sayılmalıdır. Çünki belə olan halda sülhməramlıların nəzarəti altındakı bölgədə hökm sürən nəzarətsizlik, özbaşınalığa son qoyulacaq, eyni zamanda regiondakı həssas sülh prosesinə müdaxilə etmək istəyən qüvvələrin qarşısı birdəfəlik alınacaqdır.

Orxan Tağıyev

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri