24 
Dek
2021
11:28
164
53
2491
Virtual karabakh

Amayak Ovannisyan: “Biz türkiyəli və azərbaycanlı həmkarlarımızla dialoqa hazırıq”

24 Dek, 2021
11:28
2491

Amayak Ovannisyan: “Biz türkiyəli və azərbaycanlı həmkarlarımızla dialoqa hazırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın vaxtlarda Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - Sərdar Kılıç və Ruben Rubinyanın iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edəcəyi görüş gözlənilir.

Erməni ekspert dairələri Ermənistan-Türkiyə barışığının perspektivləri haqqında nə düşünür?

Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru, Ermənistan Parlamentinin bir neçə çağırış deputatı Amayak Ovannisyan Oxu.Az-a verdiyi şərhdə fikirlərini bölüşüb.

“Məncə, heç bir ilkin şərt olmadan söhbət diplomatik münasibətlərin qurulmasından, sərhədlərin və bütün nəqliyyat kommunikasiyalarının açılmasından getməlidir. Məntiq sadədir: qarşılıqlı anlaşmaya nail olmaq üçün xalqlar ünsiyyət qurmalıdır, siyasətçilərin isə bu işdə onlara mane olmağa, hansısa bir şərt qoymağa heç bir haqqı yoxdur”, - deyə həmsöhbətimiz bildirib.

“Biz bilirik ki, müharibələr həmişə siyasətçilər tərəfindən başladılır, əziyyət çəkib, həyatlarını itirənlər isə xalqlar olurlar. Bizim vəzifəmiz xalq diplomatiyasının nümayəndələri kimi siyasətçilərin indiyədək qarşılıqlı inamsızlıq dramına çevrilmiş iddialı aqressivliyini və hətta dəhşətli səslənsə də, nifrətini cilovlamaqdır. Hesab edirəm ki, aramızda birbaşa, sakit, dinc dialoqla həll olunmayacaq heç bir problem yoxdur”, - deyə ekspert bildirib.

Ovannisyanın sözlərinə görə, Ermənistan-Türkiyə dialoqunun qurulması, şübhəsiz ki, İrəvan və Bakı arasında qarşılıqlı anlaşmaya faydalı olacaq:

“Bu məqsədə doğru yol uzun və çətindir və yalnız xalq diplomatiyasının köməyi ilə siyasətin otuz il ərzində düşmənçilik və nifrət aşıladığı bu yolda qoyduğu tıxaclar aradan qaldırıla bilər”.

“Öz növbəsində mənim rəhbərlik etdiyim Ermənistan Politoloqlar Assosiasiyası türk və azərbaycanlı həmkarlarımızla yüksək səviyyədə qarşılıqlı anlaşmaya kömək edə biləcək fəal dialoqa hazırdır”, - deyə erməni politoloq vurğulayıb.

O, həmçinin əlavə edib ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin qarşıdan gələn danışıqlarına nikbinliklə baxır:

“Anlayıram ki, istənilən tələskənlik, hər hansı laqeydliyin təzahürü, öz nöqteyi-nəzərini qarşı tərəfə sırımaq və ya güclü mövqedən danışıq aparmaq istəyi mehriban qonşuluq münasibətlərinin qurulması prosesini çox geriyə atacaq. Amma ümid edirəm ki, bu baş verməyəcək və bizim xüsusi nümayəndələrimiz danışıqlar zamanı münasibətlərimizin kəskin məsələlərinin müzakirəsində zəruri olan incəliyi nümayiş etdirəcəklər”.

“Hər iki tərəfin “qırmızı xətləri” var və danışıqlar aparan tərəfdaş onları keçməyə məcbur edilməməlidir. Əgər tərəflər bu qaydaya əməl etsələr, uğur əldə etmək mümkün olacaq və biz, doğrudan da, mehriban qonşuluq münasibətləri qura biləcəyik”, - deyə o yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri