10 
Yan
2022
17:32
55
574
15780
Virtual karabakh

Rusiya daha bir ölkəni hədəf taxtasına gətirib – TƏHLİL

10 Yan, 2022
17:32
15780

Rusiya daha bir ölkəni hədəf taxtasına gətirib – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə iştirak hüdudlarını genişləndirməyin anonsunu verir, özü də bu quruma üzv olmayan ölkələri hədələməklə.

KTMT-nin yanvarın 10-da keçirilən növbədənkənar sessiyasında son zamanlar Rusiya maraqlarının sistemli müdafiəçisinə çevrilən Belarus Prezidenti Aleksandr Lukaşenko Özbəkistanı hədələyib.

O, Özbəkistanı Qazaxıstanda baş verən hadisələrdən dərs çıxarmağa çağırıb.

SİTAT: “Baş verən hadisələrdən hər kəsdən öncə Özbəkistan nəticə çıxarmalıdır. Əgər onlar bunu etməsə, bizdə olan məlumatlara görə, onların (Qazaxıstandakı kütləvi etiraz aksiyalarının təşkilatçılarını nəzərdə tutur - red.) baxışları Özbəkistana yönəlib”, - deyə Aleksandr Lukaşenko vurğulayıb.

Bununla da bir daha elan olunur ki:

1. Qərb-Rusiya savaşı Mərkəzi Asiya regionuna daşınır,

2. Növbəti hədəflərdən biri Özbəkistandır.

Özbəkistanı hədəf taxtasına gətirən səbəblər sırasında onun Qərblə münasibətlərinin inkişaf etdirilməsi, bu münasibətlərin hərbi əməkdaşlıq səviyyəsinə çatdırmaq cəhdləri dayanır.

Özbəkistanın ABŞ-la apardığı danışıqların məğzində ABŞ-ın bu ölkədə hərbi baza yaratmaq mövzusu qırmızı xətlə keçir, bu isə Kreml üçün həyəcan siqnalıdır.

Vaşinqtonun Mərkəzi Asiyada dayanıqlı mövqe qurmaq cəhdləri hələlik nəticə verməyib, Özbəkistanda hərbi baza qurulmayıb.

Moskvanın da Özbəkistana oxşar təklifi masadadır, amma görünür ki, Özbəkistan bundan da imtina edir.

Özbəkistan qonşularına nisbətən Rusiya və Çindən qat-qat az asılıdır.

O, KTMT-nin bir hissəsi deyil və onun ərazisində heç bir xarici hərbi baza yoxdur.

2016-cı ildə Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətlər xarici əlaqələrin yaxşılaşdırılması istiqamətində daha geniş tendensiya çərçivəsi alıb.

Ancaq Özbəkistanın Qərblə intensiv təmasları Rusiyanı qıcıqlandırır.

Aleksandr Lukaşenkonun bəyanatı onun öz iradəsinin məhsulu olmaqdan çıxır, bu hədənin arxasından Rusiyanın nəfəsi duyulur.

Rusiyanın Özbəkistana təsir imkanları sırasında etnik amil əsasdır.

1. KTMT-nin üzvü Qırğızıstanın Özbəkistanla su hövzələri uğrunda mübahisələri var,

2. Kremldə düyməyə basılsa, Qırğızıstanın Oş vilayətində etnik özbəklərlə qırğızlar arasında münasibətlər gərgin fazaya daxil olacaq.  

ABŞ Əfqanıstana müdaxilə etdikdən sonra Özbəkistanda Karşi-Xanabad hərbi bazasını açmağa müvəffəq olmuşdu, amma onun ömrü 2005-ci ilə qədər davam gətirdi.

ABŞ-ın 2001-ci ildə Qırğızıstanda qurduğu Manas bazası isə 2009-cu ildə fəaliyyətinə son verdi.

Tacikistandakı Çinin hərbi bazası isə görünür ki, Moskvaya o qədər də dərin narahatlıq vermir, çünki Rusiyanın “xeyir-duası” olmadan Pekin rahat şəkildə Tacikistanda baza qura bilməzdi.

NƏTİCƏ:

ABŞ SSRİ-nin süqutundan sonra Mərkəzi Asiyada böyük rəğbət qazanmaq şanslarını əldən buraxan addımlara getdi, indi isə itirilmiş mövqelərini hansısa formada bərpa etmək istəyir. Bu isə beynəlxalq siyasi konyukturada güc potensiallarını Mərkəzi Asiyada göstərməyə vadar edir.

Özbəkistanı isə çətin sınaqlar gözləyir, ən azından nəzərə alaq ki, Rusiya rəsmi Daşkəndi ya yeni güzəştlərə məcbur etməyə çalışacaq, ya da “B planı”nı dövriyyəyə salıb “barıt çəlləklərini” partladacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri