12 
Yan
2022
21:31
349
81
1439
Virtual karabakh

Dövlət başçısı ölkədə koronavirusla bağlı ümumi vəziyyəti açıqlayıb

“Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az. Eyni zamanda, buster dozasını 1 milyon 500-dən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Hazırda bir çox ölkədə əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlıdır. Bizdə isə vəziyyət müsbətdir. Bizdə hazırda 10 min çarpayı var, onlardan cəmi 10 faizi doludur. Yəni, 9 min çarpayı boşdur. Allah eləməsin, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var. Burada önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Bizdə 875 reanimasiya yerimiz var, onlardan 26 faizi doludur. Burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik. Məhz buna görə biz demək olar ki, bütün məhdudiyyətləri aradan qaldırdıq. İndi bir çox ölkələr yenidən qapanır, yenidən məhdudiyyətlər tələb edirlər. Bu, insanların psixoloji vəziyyətinə, iqtisadi fəallığa çox mənfi təsir göstərir. Biz isə hər şeyi vəziyyətə uyğun şəkildə edirdik, lazım olan halda qapanırdıq, lazım olan halda açılırdıq. Yəni burada əsas məsələ bu virusun yayılma həcmini azaltmaqdır. Onu da bildirməliyəm ki, Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur. İndi insanlar şüurlu şəkildə gedirlər, bu peyvəndi alırlar və başa düşürlər ki, bu, onları qoruyur. Peyvəndlənmiş insanların arasında ölüm halları çox azdır. Bəlkə də peyvəndlənmiş xəstələrdən hansısa çox ciddi xəstəliyi olan, yaxud da ki, xroniki xəstələr dünyadan gedir. Mənim tanıdığım bir çox insan var ki, onlar vaksinasiyadan keçiblər, sonra yoluxublar və əsasən çox yüngül keçib. Hətta mən “omikron”a yoluxmuş insanları tanıyıram ki, 5-6 günə heç bir ciddi simptom olmadan sağalırlar. Görünür ki, “omikron” daha zəif virusdur. Mən düzü, mütəxəssis deyiləm, bu haqda belə geniş fikir söyləmək istəmirəm. Amma müşahidələrim onu göstərir ki, bu, daha yoluxucudur, amma fəsadları daha azdır”, - Prezident qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri