24 
Yan
2022
17:08
57
333
3981
Virtual karabakh

Zakir Həsənov İrana niyə gedir? - ŞƏRH

24 Yan, 2022
17:08
3981

Zakir Həsənov İrana niyə gedir? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlıq illərin müzakirə mövzusu olsa da, iki ölkə arasındakı dəyişkən münasibətlər bu zəmini formalaşdırmayıb.

Bir neçə ay öncə Azərbaycan-İran gərginliyinin pik həddə çatması Bakı-Tehran əlaqələrinin rəngini tündləşdirsə də, iki ölkə bu sınaqdan çıxdı və tərəflər gələcəyin inşası uğrunda səylərini ortaq mövqeyə gətirdilər.

Bakı-Tehran münasibətlərinin əsas istiqamətini iqtisadi prioritetlər təşkil edir, ancaq Cənubi Qafqazda yaranan yeni reallıq yeni sferalarda da əməkdaşlıq pəncərəsi açır.

Amma düşünə bilmərik ki, Azərbaycanla İran arasında siyasi fikir ayrılığı yoxdur, tərəflər arasında açıq qalan məsələlər də mövcuddur.

Ancaq müştərək maraq yaradan potensialların hərbi platformaya proyeksiyası iki ölkənin əməkdaşlığında qaranlıq nöqtələrin aradan qaldırılmasına yardımçı olar.

Bu mənada Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana gözlənilən səfəri hərbi-siyasi əhəmiyyətinə görə diqqət mərkəzindədir.

Nəzərə almaq lazımdır ki, bu, Zakir Həsənovun postmünaqişə dövründə İrana gerçəkləşdirdiyi ilk səfərdir, bu səfərin qrafiki isə bir neçə gün öncə Tehran kulislərində müzakirə edilib.

Belə ki, yanvarın 22-də Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Məhəmməd Rza Aştiani ilə görüşüb.

Ehtimal etmək olar ki, İranın məqsədi Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə töhfə verən təcrübə ilə də maraqlanacaq.

Zakir Həsənovun keçirəcəyi görüşlərdə İranın Azərbaycanın silah arsenalına çıxış əldə etmək imkanları da müzakirə olunacaq, hərçənd ki, Bakı üçün də Tehranın silah bazarında cəlbedici “vitrinlər” mövcuddur.

Azərbaycan postmüharibə dövründə qələbəni əldə saxlamaq üçün əl atdığı hərbi variantların içərisində ordu silahlanmasına yeni silahların daxil edilməsi də dayanır.

İranın “odlu silah” bazarında da Azərbaycan üçün cəlbedici görünən ballistik raketlər var, çünki İran hərbi sənayesinin ən qabaqcıl sahəsi məhz ballistik raketlərin istehsalıdır.

İran hərbi sənayesi orta mənzilli ballistik və əməliyyat-taktiki raketlərin istehsalında öncül ölkələrdən biridir.

Zakir Həsənovun səfəri Bakı-Tehran münasibətlərində düyün olan silah tədarükü məsələsini ön plana çıxarır, cənab Həsənovun cənub qonşumuza yollanması dəqiqləşdirmə və bu sahədə “kəşfiyyat” aparmaq məqsədi daşıyır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri