Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Şuşa”, “Dəmir yumruq”, “Zəfər” ifadələrindən sui-istifadələr var - Bu məsələ tənzimlənməlidir
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi təkcə döyüş meydanında şanlı qələbə ilə nəticələnmədi, bu qələbə həm də Azərbaycan xalqına psixoloji üstünlük gətirdi.
Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 28 il sonra Şuşanı azad edərək “dəmir yumruq” kimi birləşən xalqa zəfərin dadını daddırdı...
Məhz “Şuşa-Dəmir yumruq-Zəfər” üçlüyü bizim bu gün qalib xalq kimi qazandığımız mənəvi-psixoloji üstünlüyün əsasını təşkil etdi.
Təbii ki, haqlı olaraq hər bir Azərbaycan vətəndaşı illərdir həsrətində olduğu Şuşaya qovuşmasından, qələbənin əsas memarı olan “Dəmir yumruq” həmrəyliyindən, qazanılmış tarixi zəfərdən qürrələnib bu kimi ifadələri bütün dünyaya tanıtmaq və ya hansısa şəkildə öz işində istifadə etmək istəyə bilər. Məsələn, bu gün olduğu kimi...
Biri özündən “Dəmir yumruq” medalı təsis edir, təqdim edir, biri “Zəfər”lə bağlı mərasim keçirir, digəri “Şuşa”nın adını KVN komandasına qoyur və əlinə-üzünə bulaşdırır... Necə deyərlər, aləmi qarışdırıblar bir-birinə...
Məsələnin olduqca həssas olması heç kimə sirr deyil. Çünki elə “Şuşa” komandası ilə bağlı hadisə onu göstərdi ki, ürəyimiz istəyən yerdə “Şuşa”nın, “Dəmir yumruğ”un, “Zəfər”in adından istifadə yolverilməzdir.
Bu və buna bənzər ifadələr artıq xalq arasında sadəcə bir şəhəri, bir anlayışı təmsil etmir. Sözügedən ifadələr artıq Azərbaycan xalqı üçün mübarizə, torpaqlarımızın azadlığı uğrunda göstərilən şücaət və qəhrəmanlıq simvoluna çevrilib. Yəni, artıq Şuşa sadəcə intizarında olduğumuz bir şəhər deyil, Şuşa artıq Azərbaycan xalqının vəhdətinin rəmzi, “Dəmir yumruq” onun taleyüklü məqamlarda tək bir amal uğrunda birləşməsinin sübutu, Zəfər isə şəhidlərin, vətənin igid övladlarının tökülən qanları ilə assosiasiya olunmağa başlayıb.
Sadaladığımız məqamların hər biri isə bizi daha ehtiyatlı və məsuliyyətli olmağa sövq etməlidir. Yəni, bu sözlərdən istifadə edərkən müvafiq problemlərin ortaya çıxmaması üçün, hansısa formada tənzimlənmə olmalıdır. Bu tənzimlənmə şəkilləri arasında sözsüz ki, milli təəssübkeşlik və məsuliyyətdə özünə yer tapmalıdır.
Xalqın taleyində, tarixində mühüm yer tutan bu ifadələri yersiz istifadə, onun dəyərindən bixəbər olmağın və ya sadəcə öz maraqları naminə bu dəyərə laqeyd yanaşmanın göstəricisidir. Yəni bizim üçün “Şuşa”, “Dəmir yumruq”, “Zəfər” kimi ifadələr artıq xalqımızın fəth etdiyi bir zirvənin göstəricisidir və bu zirvənin pərakəndə şəkildə istismar edilməsi istənilən halda ən azı Azərbaycan xalqının dəyərlərinə sığmır.
Odur ki, mümkün qədər bu ifadələrdən istifadə edərkən yuxarıda sadaladığımız məqamları nəzərə almaq gərəklidir. Belə olan halda ilk növbədə iftixar mənbəyimizə çevrilən anlayışlara layiq olduqları ehtiramı göstərmiş olarıq.
Şuşa, dəmir yumruq, zəfər kimi sözlərdən istifadə etmək hər birimizin haqqıdır, ancaq bu, həmin sözlərin daşıdığı anlamlara zərər vermədən, əksinə onları düzgün təbliğ edəcək şəkildə olmalıdır.
Orxan Tağıyev
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub
- Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edildi
- Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
- Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır