Fev
2022
10:04
360
80
9968
Virtual karabakh

Səhiyyə nazirinə təyin edilən yeni müavinlər kimlərdir? - DOSYE

4 Fev, 2022
10:04
9968

Səhiyyə nazirinə təyin edilən yeni müavinlər kimlərdir? - DOSYE

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə nazirinə üç yeni müavin təyin edilib. 

Oxu.Az yeni müavinlər İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılovun dosyelərini təqdim edir.

Qasımov İlqar Əbülfəz oğlu 12.04.1965-ci il tarixində Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirib, həmin ildə Azərbaycan Tibb İnstitutunun müalicə-işi fakültəsinə daxil olub, 1988-ci ildə oranı bitirib. 1989-cu ildən 1990-cı ilə kimi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda “Travmatologiya və ortopediya” ixtisası üzrə internatura keçib. İnternaturanı bitirdikdən sonra 1999-cu il tarixdən həmin institutda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.

1994-cü il tarixdə Priorov adına Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi, 1996-cı ildən 2000-ci ilədək Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda doktoranturada olub və tibb elmləri doktoru elmi dərəcəsini alıb. 2000-ci ildən 2004-cü ilə kimi Moskva şəhərinin Priorov adına Moskva ETTOİ-da İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində, 2004-2006-cı il tarixə kimi Rusiya Tibb Akademiyasının Diplomdan sonrakı Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya kafedrasının elmi işçisi, 2006-cı ildən 2017-ci ilədək Bakı şəhərinin bir neçə özəl klinikalarında fəaliyyət göstərib.

17.08.2017-ci il tarixdən Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Eyni zamanda, 2019-cu ildən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Digər müavin Zeynalov Nadir Azər oğlu 24.10.1976-cı il tarixində Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Bakı şəhəri 20 nömrəli məktəbdə alıb. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonrakı əmək fəaliyyəti ATU-nun I cərrahi xəstəliklər kafedrası ilə bağlı olub: 1999-2001-ci illərdə klinik ordinator, 2001-2004-cü illərdə aspirant, 2005-2013-cü illərdə assistent, 2013-cü ildən hazıradək həmin kafedranın dosenti vəzifəsində çalışır.

2006-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2021-ci ildə cərrahlıq üzrə dosent elmi adını alıb. 2015-ci ildən başlayaraq inzibati vəzifələrdə çalışıb. Belə ki, 2015-2016-cı illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016-2019-cu illərdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 2019-2021-ci illərdə Səhiyyə Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

Rus, ingilis və türk dillərini sərbəst bilir.

Ailəlidir, 3 övladı var.

Yeni təyin edilən müavinlərdən olan İsmayılov Rasim Miskin oğlu 21 may 1973-cü ildə Bakı şəhərində anadan olub.

1980-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı məktəbin 1-ci sinfinə getmiş və 1988-ci ildə həmin məktəbin 8-ci sinfini bitirərək Səbail rayonu 2 saylı H.Mahmudbəyov adına texniki – humanitar liseyin 9-cu sinfinə qəbul olunub. 1990-cı ildə həmin liseyi bitirərək N.A. Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olub. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun kommersiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

İnstitutu bitirdikdən sonra 2001-ci ilin sentyabr ayınadək Respublika Gigiyena və Epidemiologiya mərkəzində 1-ci dərəcəli mühasib-təftişçi, ali dərəcəli mühasib-təftişçi və aparıcı iqtisadçı vəzifələrində çalışıb.

2001-ci ilin sentyabr ayında Muğan Kommersiya bankında valyuta əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyətə başlayıb. 2002-ci ilin dekabr ayında həmin bankın müştərilərə xidmət departamentinin rəis müavini, 2003-cü ilin noyabr ayında əməliyyat idarəsinin rəisi və 2005-ci ilin dekabr ayında bankın İdarə heyətinin sədr müavini təyin olunub və 2017-ci ilin aprel ayınadək həmin vəzifədə işləyib.

2017-ci ilin aprel ayından avqust ayınadək “Baker Tilly Azərbaycan” audit şirkətində qiymətləndirmə üzrə məsləhət xidmətləri təqdim edib.

2017-ci ilin avqust ayından 2018-ci ilin oktyabr ayınadək Polşada fəaliyyət göstərən, xarici ticarətlə məşğul olan Fertiz S.A şirkətində baş direktorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində işləyib.

2018-ci ilin oktyabr ayından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində işləyib.

Azərbaycan Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri