23 
Mar
2022
16:24
748
42
5437
Virtual karabakh

Rusiya texnikasını məhv edən “Bayraktar”: Beynəlxalq nəşrlər pilotsuz aparata tərif yağdırırlar – ŞƏRH

23 Mar, 2022
16:24
5437

Rusiya texnikasını məhv edən “Bayraktar”: Beynəlxalq nəşrlər pilotsuz aparata tərif yağdırırlar – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya-Ukrayna müharibəsinin gedişatı zamanı açılan müzakirələrdə Azərbaycanın 44 günlük müharibədə apardığı əməliyyatlar da mərcək altına alınır.

ABŞ-ın nüfuzlu “Washington Post” saytından tutmuş, hərbi nəşrlərə qədər, hamısı Azərbaycan ordusunun Vətən müharibəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatları ilə keçirilən hava-hücum əməliyyatları barədə yazırlar.

Ümumiyyətlə “Bayraktar” amili ənənəvi müharibə metodlarını kənara qoyur və döyüş əməliyyatlarına yenilik gətirir.

“Bayraktar”dan atılan ağıllı raketlərə duruş gətirə bilən zirehli texnika yoxdur, bu isə ənənəvi tank döyüşlərinin aktuallığını itirir.

Digər cəhət isə budur ki, “Bayraktar” həm müşahidə aparır, həm də hədəfə kilidlənərək onun məhvinə nail olur. Təbii ki, idarə pultunun arxasında oturanın düyməyə basması və ağıllı raketin hədəfə doğru uçması ilə.
“Bayraktar”ın genişmiqyaslı tətbiqi İkinci Qarabağ müharibəsində baş tutub və dünyanın hərb tarixində yeni pəncərə açıb. Türkiyə istehsalı olan silahlı uçuş aparatının xarakteristikası zirehli texnikaların effektivliyinə dair fikirləri arxivə atır.

Birləşmiş Ştatlar, Rusiya və Çinin müasir tanklarının əksəriyyətində qabaqcıl zireh paketləri, sensorlar, aktiv müdafiə sistemləri mövcuddur və digər qoşun növləri ilə koordinasiyalı işləyə bilirlər. Ancaq təsəvvür edin, müasir hərb tarixində havadan gələn dəqiq zərbə ilə həmin tanklar sıradan çıxa bilir və metal yığınına çevrilir.

“Bayraktar” dəqiq zərbələrlə ən müasir tankları belə məhv etmək gücünə malikdirsə, zəif və kustar üsulla düzəldilmiş “zirehlər” onun yanında nə edə bilər? Bu ritorik sualı Rusiya ordusunun kustar şəkildə tankların üzərinə örtük çəkməsinin fonunda işlətdik.

“Bayraktar” Qarabağdakı müharibədən sonra Ukraynadakı döyüşlərdə də öz sözünü deyərək Qərb üçün ümidlərin silahına çevrilir.

“Bayraktar” həm də hava hücumundan müdafiə sistemlərinin qəniminə çevrilir, elə Vətən müharibəsində Ermənistan qüvvələrinin arsenalındakı zenit-raket komplekslərinin məhvində də “Bayraktarın” xüsusi rolu olub.

“Bayraktar”a qarşı xüsusi həssaslıq göstərən əks-dron qabiliyyətli silahlar yoxdur, mövcud olanlar isə o qədər də effektiv deyil – məsələn “Pantsir”. “Pantsir” özü belə “Bayraktar” üçün ən asan vurula biləcək hədəflərdəndir.

“Bayraktar”ın nisbətən ucuz və təsirli pilotsuz təyyarə kimi şöhrət qazanmasının digər səbəbi onun yaxın gələcəkdə hava vasitələrinə qarşı da performans göstərmək qabiliyyəti ilə bağlıdır.

Türkiyənin “Baykar” şirkəti isə “Bayraktar”ların “yumşaq qarnı” sayılan məqamları da nəzərdən keçirir və pilotsuz aparatları təkmilləşdirmək üçün işləyir.

Gələcəkdə “Bayraktar” daha təkmil variantda arsenala daxil ediləcək.

NƏTİCƏ:

1. “Bayraktar” Ukraynada Rusiya ordusuna ağır itkilər verdiyi üçün effektiv döyüş sistemi olaraq qalır,

2. Bu vəziyyət “Bayraktar”ın şöhrətinə şöhrət qatır və onun qüvvələr balansındakı əhəmiyyətini artırır,

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri