11 
Apr
2022
16:04
37
157
4370
Virtual karabakh

Çinin hücum planı: ABŞ 95 milyon dollarlıq sənədlə mesaj verir – TƏHLİL

11 Apr, 2022
16:04
4370

Çinin hücum planı: ABŞ 95 milyon dollarlıq sənədlə mesaj verir – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya-Ukrayna müharibəsində sular bulandıqca qlobal tarazlığı öz oxundan çıxarmaq üçün yeni imkanlara baş vurulur.

Ukraynada müharibə başlayandan sonra Çin-Tayvan münasibətlərindəki gərginlik Tayvan boğazını silahlı münaqişəyə hamilə edir.

Bunun əlamətləri:

1. Pekin Çin dənizindəki bir neçə adadan ən azı üçünü tam hərbiləşdirib,

2. Həmin ərazilərdə donanma gücünü və hava qüvvələrini cəmləyir.

QISA ARAYIŞ: Tayvan hökuməti Çindəki vətəndaş müharibəsindən (1927-ci ildən başlayıb, fasilələrlə 1949-cu ilə qədər davam edən müharibə) doğulub bu günə qədər gələn mirasdır. Millətçilər kommunistlərə məğlub olduqdan sonra Tayvana qaçaraq ABŞ-ın gücünə arxalanıb Pekinə qarşı fəaliyyət göstərirlər.

O zamandan bəri Tayvan faktoru ABŞ-Çin münasibətlərinin rəngini tündləşdirən amillərdən birinə çevrilib, hərçənd ki, 1972-ci ilin fevralında ABŞ prezidenti Riçard Nikson Çinə səfər edərkən Tayvanı taleyin ümidinə buraxmışdı. Sonralar isə Niksonun xələfləri onun bu xətasını düzəltməyə çalışdılar və qurulan mexanizmlər Çinə qarşı platformanı gücləndirdi.  

ABŞ Ukraynada müharibənin alovlarının siyasi üfüqlərdə bərqərar etdiyi qara duman altına Çini də gətirmək istəyir, Pekin isə maksimum ehtiyatlı mövqedə dayanaraq özünü odun içərisinə salmaqdan qaçır.

Vaşinqton belə olan təqdirdə ehtiyat tədbirlərini dövriyyəyə salır, onun Tayvanı Ukraynadakı müharibə fonunda silahlandırması da diqqətdən kənarda tutula bilməz.

ABŞ Dövlət Departamenti artıq Tayvanla imzalanan 95 milyon dollar həcmində qiymətləndirilən silah tədarükünə dair müqaviləni təsdiqləyib, bütün bunların yedəyində Çinin 2022-ci ilin payızında Tayvana müdaxilə edəcəyi bildirilir.

95 milyon dollarlıq müqavilə Çinin Tayvana qarşı mümkün müdaxiləsinə qarşı ABŞ-ın qlobal müdafiəsini gücləndirməyin sübutudur.

Bununla da ABŞ Tayvana verdiyi dəstəkdən geri çəkilməyəcəyinə işarə edir.

ABŞ-ın xarici siyasətinin xəmiri elə yoğrulub ki, o, böyük güclərlə birbaşa döyüşlərə girmədən rəqibini bataqlığa sürükləsin, onu müharibələrlə yorsun və özünə dividendlər qazansın.

Bu mənada Vaşinqtonun Tayvanla əlaqələri gücləndirməsinə strategiya baxımından məna yükləmək başadüşüləndir, Tayvan boğazındakı gərginlik fikirləri ABŞ-ın hansı formada reaksiyası üzərində cəmləşdirir.

Cari situasiyada ABŞ Çinin ərazi bütövlüyünü tanıdığını desə də, Tayvana olan isti münasibət onun Pekinə qarşı duruşuna qətiyyət verir. Bu qətiyyətin davamlılığı isə sual altındadır, “X” anında Vaşinqtonun Tayvanı tək buraxması baş tuta bilər.

Yəni Çinin Tayvana müharibə elan edəcəyi təqdirdə Ağ Evin qətiyyətli dəstəkçidən müşahidəçi qisminə çəkilib, yalnız bəyanatlarla Tayvana dəstək göstərəcəyi ehtimallarını səsləndirmək olar.

Böyük ehtimalla, Çin Tayvanı öz iradəsinə tabe etdirmək üçün döyüş planlarını işə salsa, ABŞ Tayvana qoşun göndərməyəcək. Əgər əksi baş versə, bu, aşkar şəkildə qlobal səhnədə iki gücün müharibəsi halına gələr.

Tayvanın silahlandırılması isə sadəcə orada müqavimət ruhunu bərkitməyə hesablanan addımdır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri