19 
Apr
2022
12:52
175
15
2525
Virtual karabakh

Lyudmila Lyubim: “Rusiya öz məqsədinə çata biləcəkmi? Xeyr!” - MÜSAHİBƏ

19 Apr, 2022
12:52
2525

Lyudmila Lyubim: “Rusiya öz məqsədinə çata biləcəkmi? Xeyr!” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 18-də Rusiyanın cənub-şərq istiqamətindən Ukraynaya qarşı hücumunun ikinci mərhələsi başlayıb. Hücumlar, demək olar ki, bütün cəbhə xətti boyunca gedir.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat yayıb.

Öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Rusiyanın hücum əməliyyatına başladığını açıqlayıb.

Hazırda Ukrayna ərazilərinə raket və bomba zərbələri endirilir, qaçqın və məcburi köçkünlərin sayı artır.

Qaynar nöqtələrdən biri Ukraynanın Zaporojye vilayətidir. Rusiya tərəfinin planı Xerson vilayətini və Zaporojyeni Krıma birləşdirməkdir.

Oxu.Az Zaporojye Vilayət Şurası sədrinin birinci müavini Lyudmila Lyubimlə söhbət edib.

- Ukraynanın cənub-şərqində böyük döyüş başlayır. Vəziyyəti öz xeyrinə dəyişmək istəyən Rusiya ordusunun məqsədlərindən biri də Zaporojye vilayətidir. Eyni zamanda Zaporojye ərazisinin bir hissəsi artıq işğal olunub. Sizin bölgədə vəziyyət necədir? Başlayaq humanitar vəziyyətdən.

- Zaporojye şəhərində humanitar vəziyyət kifayət qədər sabitdir. Belə deyim, bizim bütün ölkə ilə əlaqəmiz var və burada hər şey Ukraynada olduğu kimidir. Amma Zaporojye vilayətinin işğal olunmuş ərazilərində vəziyyət ağırdır. Orada dərman, qida yoxdur və orada Ukrayna qrivnasının dövriyyəsi olmadığndan insanların nələrisə əldə etməsi də mümkün deyil. Bütün təchizat logistikası pozulub. Berdyansk kimi şəhərlər isə faktiki olaraq bağlıdır, hətta oradan ukraynalıları evakuasiya da edə bilmirlər. Bizim humanitar karvanlarımız isə keçid məntəqələrində gecikmələrə görə üç gündən on günə qədər yolda qala bilirlər, baxmayaraq ki, bunlar razılaşdırılmış dəhlizlərdir. İşğalçılar mütəmadi olaraq razılaşmaları pozurlar. Eyni zamanda, hazırda Zaporojye həqiqətən də forpost hesab olunur. Və təbii ki, Zaporojyenin hədəf olması ilə bağlı təhlükə var. İndi Zaporojye şəhərindən 60-100 kilometr aralıda müxtəlif istiqamətlərdə ağır döyüşlər gedir. Vəziyyət mürəkkəbdir.

- Zaporojyedən olan qaçqınların və məcburi köçkünlərin sayı çoxdurmu?

- Zaporojye vilayətini çox adam tərk edib, amma qalanlar da çoxdur. Ümid edirik ki, düşmən buraya qədər gəlib çıxmayacaq. Bizə Mariupoldan və digər işğal olunmuş ərazilərdən çoxlu sayda insan gəlir. Rəsmi olaraq bizdə 137 min qaçqın qeydiyyata alınıb. Kimlərsə daha da irəli gedərək Ukraynanın qərbinə və ya da xarici ölkələrə keçib.

- Siz iki-üç həftə əvvəl işğal edilən Berdyansk şəhərinin adını çəkdiniz. Buna baxmayaraq yalnız aprelin 18-də işğalçıların hökumət binalarından Ukraynanın gerbinin götürdüyünü əks etdirən videolar yayılıb. Niyə onlar bunu daha əvvəl etməyə cəsarət etmirdilər?

- Birincisi, onların şəxsi heyəti arasında çatışmazlıq var. Olur hərbçilər və bir də arxa cəbhədə fəaliyyət göstərənlər. İkincisi, işğal olunmuş ərazilərdə ciddi müqavimət var. Yəqin insanların mitinqlərə çıxdığını izləmisiniz. Onları dağıtmağa çalışsalar da, xalq etirazını davam etdirir.

İlk günlərdə heç bir dəstəkləri olmadığından və dinc əhalinin qəzəbini boğa bilmədikləri üçün işğalçılar Ukrayna dövlətinin atributlarını aradan qaldırmağa tələsmirdilər. Elə indinin özündə də heç də bütün şəhərlərdə, kəndlərdə, kiçik şəhərlərdə işğalçı hakimiyyətin nümayəndələri yoxdur. Əsgərlər var, amma işğalçı hökumət yoxdur.

- Rusiyanın Zaporojye və Xerson vilayətlərini Krım bölgəsinə birləşdirməyə hazırlaşdığına dair fikirlər səsləndirilib...

- Belə planlar olmadan müharibəyə başlamaq axmaqlıq olardı, ona görə də əminəm ki, onların belə fikirləri var. Amma məndən soruşsanız ki, onlar buna nail ola biləcəklərmi, onda mən açıq şəkildə deyəcəm: xeyr!

- Mən tez-tez Ukraynadan olan müsahiblərimə beynəlxalq yardımla bağlı sual verirəm. Siz bu yardımı hiss edirsiniz?

- Beynəlxalq ictimaiyyət Ukraynaya çox fəal kömək edir. Azərbaycandan, Polşadan, Almaniyadan, Böyük Britaniyadan, ABŞ-dan, İtaliyadan, Portuqaliyadan və bir çox başqa ölkələrdən humanitar yardımlar gəlir. Demək olar ki, bütün dünya bizə kömək edir. Buna görə çox minnətdarıq, dərmanlar, yeməklər, paltarlar, gigiyenik vasitələr alırıq. Amma ölkəni müdafiə etmək üçün daha çox siyasi dəstəyə və təbii ki, hərbi yardıma ehtiyacımız var.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri