23 
Apr
2022
11:43
118
8
2720
Virtual karabakh

Minsk qrupunun “ölüm kağızı”na yeni “möhür”: Endryu Şaferin vəzifəsi hər şeyi aydınlatdı

23 Apr, 2022
11:43
2720

Minsk qrupunun “ölüm kağızı”na yeni “möhür”: Endryu Şaferin vəzifəsi hər şeyi aydınlatdı

“Endryu Şafer ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviridir”.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi “Azatutyun” radiosunun yazılı sorğusuna cavab olaraq bildirib.

“Onun bu vəzifədəki öhdəliklərinə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi fəaliyyət göstərmək və Gürcüstan-Rusiya münaqişəsi üzrə beynəlxalq müzakirələrdə ABŞ nümayəndə heyətinə rəhbərlik etmək daxildir”, - deyə səfirliyin cavabında deyilir.

“Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqdir”, - deyə ABŞ səfirliyindən əlavə edilib.

Qeyd edək ki, “Azatutyun” radiosu ATƏT-in Minsk qrupunda amerikalı həmsədr Endryu Şaferin vəzifəsinin nə səbəbə dəyişdirilməsi ilə maraqlanıb.

“Səfirliyin yaydığı bəyanatda o, dövlət katibinin Qafqazda danışıqlar üzrə xüsusi müşaviri kimi təqdim edilib. Bu o deməkdirmi ki, ABŞ Minsk qrupundan çıxır, yoxsa həmsədr vəzifəsinə yeni amerikalı məmur təyin olunacaq?” - deyə ünvanlanan sorğuda soruşulub.

Xatırladaq ki, bu həftənin əvvəlində Endryu Şafer İrəvanda Ermənistan rəsmiləri ilə görüşüb. Ancaq ABŞ Dövlət Departamentinin mətbuat katibi Şaferin bölgəyə hansı statusda səfər etdiyini söyləməkdə çətinlik çəkib.

Brifinq zamanı azərbaycanlı jurnalist Ned Praysdan Endryu Şaferin statusu ilə bağlı sual verib. Suala səbəb aprelin 18-də Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun “Twitter” səhifəsində Şaferin regiona səfəri ilə bağlı onun “Qafqazda danışıqlar üzrə baş müşavir” kimi təqdim edilməsi ilə bağlı paylaşım olub.

“Azatutyun” radiosunun ABŞ-ın Rusiya ilə mövcud gərgin vəziyyətdə Minsk qrupunun gələcək fəaliyyətini mümkün hesab edib-etməməsi ilə bağlı sualına ABŞ-ın İrəvandakı səfirliyi cavab verib ki, onlar Azərbaycan və Ermənistanın liderlər və xarici işlər nazirləri səviyyəsində bilavasitə, birbaşa qarşılıqlı fəaliyyət üzrə son səylərini alqışlayırlar. Səfirlik həmçinin qeyd edib ki, hər iki tərəfin öhdəliklərinə sadiqliyi və çevikliyi, eləcə də birbaşa ikitərəfli əməkdaşlıq regionda davamlı sülhün əldə olunmasının əsasıdır.

“Birləşmiş Ştatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan və Azərbaycana bu səylərdə kömək etməyə hazırdır”, - səfirliyin cavabında yazılıb.

Mənbə: News.am

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri