16 
May
2022
14:54
295
7
2663
Virtual karabakh

Revanşistlərin üçüncü savaş utopiyası: XTQ-dən ölüm kimi qorxan ordu ilə ermənilər intihara cəhd edə bilərlər?

16 May, 2022
14:54
2663

Revanşistlərin üçüncü savaş utopiyası: XTQ-dən ölüm kimi qorxan ordu ilə ermənilər intihara cəhd edə bilərlər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan müxalifətinin revanşist fikirlərlə başlatdığı aksiyalar davam edir.

Bu ölkədə məğlubiyyəti həzm edə bilməyən, regionda yaranan yeni reallıqları qəbul etməyən qüvvələr hakimiyyətə gəlmək üçün “revanş” kartından istifadə etməyə başlayıblar.

44 günlük müharibədə Azərbaycan Ordusunun qüdrəti, “Dəmir yumruğ”un zərbəsi qarşısında tab gətirə bilməyib, birbaşa İrəvana qədər qaçanların və ya ümumiyyətlə 2020-ci ilin sentyabrın 27-də girdikləri deşikdən noyabrın 9-dan sonra çıxanların əksəriyyəti bu gün İrəvan meydanlarında xalqa “mərdlik”, “kişilik”, “cəngavərlik” dərsi keçir.

Erməni müxalifəti, revanşist qüvvələr üçün İrəvan küçələrində pafoslu çıxışlar edib, cəmiyyətin həssas sinir uclarına təsir göstərmək çox sadədir, bu, erməni siyasətinin ən çirkin üzlərindən biridir.

Yaxın tarixə nəzər salsaq, erməni siyasətçilərin öz maraqları naminə xalqı uçuruma apardıqlarının dəfələrlə şahidi ola bilərik. Odur ki, bu gün İrəvan küçələrində kimlərinsə yenidən “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası. Bu ideyanı ortaya atan erməni millətçiləri buna “Miatsum” (ermənicə birləşmə) adı vermişdilər - red.) iddiaları səsləndirmələri, revanşist fikirləri ilə cəmiyyəti zəhərləmələri heç də təəccüblü deyil.

Hərçənd aksiyalara erməni xalqının marağı müxalifətin gözlədiyi səviyyədə olmasa da, yenə də bu cür vəziyyət regiondakı sabitliyə təhdid təşkil edir. Ermənistan əhalisi arasında keçirilən sorğular isə yeni müharibə istəməyənlərin sayının heç də az olmadığını göstərir. 44 günlük müharibədə övladlarını itirənlərin bir çoxu üçüncü müharibəyə ehtiyac olmadığını, gənclərin yenidən ölümə göndərilmələrini istəmədiklərini bildirib.

İndi isə keçək üçüncü müharibə ehtimalına...

Hər halda, Azərbaycan dövləti müharibədən sonra da ordumuzun maddi-texniki təminatına və döyüş hazırlığına xüsusi diqqətini davam etdirməklə ölkənin hadisələrin istənilən inkişaf ssenarisinə hazır olduğunu nümayiş etdirib. Azərbaycan özünün iqtisadi və hərbi qüdrəti ilə Cənubi Qafqazın söz sahibi dövlətidir. Təkcə Vətən müharibəsinin ən parlaq zəfər salnamələrinə imzasını atmış xüsusi təyinatlı qüvvələrimizlə bağlı məlumatlar, bu birləşmələrin sayının və maddi-texniki təminatının yaxşılaşdırılmasına dair faktlar onu göstərir ki, Azərbaycan döyüş meydanında qazandığı tarixi qələbəyə baxmayaraq, öz təhlükəsizliyini qorumaq üçün bütün həyati vacib addımları atmağa davam edir.

Ermənistan tərəfinə nəzər saldıqda isə bunun tam əksini görmək mümkündür. 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin darmadağın etdiyi Ermənistan ordusunun yaxın onilliklər ərzində də döyüş qabiliyyətini bərpa etməsi mümkünsüz görünür. Bunun səbəbləri isə ilk növbədə ölkənin öz potensialı ilə bağlıdır. Erməni müxalifəti pafoslu çıxışlarla gündəmdə qalmağa cəhd etsə də, ölkənin tənəzzülə uğramış iqtisadiyyatı revanşistlərin xəyallarının kandarından da o tərəfdə qalır.

Üstəlik, bir çox erməni ekspertlər belə, müharibədən keçən iki ildən artıq müddətdə Ermənistanın məhv edilmiş ordu qalıqlarının yerində saydığını, vəziyyətin getdikcə mənfiyə doğru dəyişdiyini etiraf edirlər.

Belə olan halda, üçüncü bir müharibənin Azərbaycan üçün mütləq qələbə, Ermənistan üçün fəlakətlə nəticələnəcəyini rahatlıqla proqnozlaşdırmaq olar. Ermənistan cəmiyyətini hazırda bu uçuruma sürükləmək istəyən Sarqsyan-Koçaryan cütlüyü öz ambisiyaları naminə erməni xalqını qırğına aparmaqdan qətiyyən çəkinmir.

Sarqsyan-Koçaryan cütlüyünün rəhbərlik etdiyi revanşist qüvvələr özlərinin yeni miflər dünyasını yaratmaqla erməni xalqını da bu xəstə təxəyyülün məhsulu olan fikirlərlə zəhərləyirlər. Azərbaycanın bütün parametrlər üzrə Ermənistandan dəfələrlə güclü və qüdrətli olması faktı yalnız siyasi ehtiraslar naminə gözardı edilir.

Ancaq reallıq erməni revanşistlər üçün ürəkaçan heç nə vəd etmir. Azərbaycan mümkün müharibə ssenarilərinə tam hazırdır: Qüdrətli ordu, sürətlə inkişaf edən iqtisadiyyat və xalqla iqtidarın “Dəmir yumruğ”a çevrilən sarsılmaz birliyi.

Xaos və daxili çaxnaşmaların hökm sürdüyü, ordusu darmadağın edilmiş, iqtisadiyyatı tənəzzül edən, yoxsulluq və səfalət içindəki Ermənistan üçün isə yeni müharibə ehtimalı intihara cəhddir. Məhz bu gün erməni revanşistlərin ölkədə nümayiş etdirdikləri fəallıq ölkənin taleyinə tuşlanmış bir silahdır və onun tətiyindəki barmaqlar Koçaryan və Sarqsyan kimi riyakar “siyasətçi”lərə məxsusdur.

Ermənistanın Azərbaycan Ordusunun adı çəkiləndə dəhşətə gələn, “xüsusi təyinatlılar” ifadəsini eşitdikdə ölümün nəfəsini ənsəsində hiss edən hərbçiləri ilə müxalifətin arzularını reallaşdırması utopiyadan başqa bir şey deyil.

Erməni xalqı arasında bu intihardan qaçmaq istəyənlərin sayı az deyil, ancaq Sarqsyan və Koçaryan kimi əliqanlı qatillərin tələsinə düşüb, sadəcə göstəriş naminə özlərinə sui-qəsd edənlərin də cavabını vermək üçün Azərbaycan dövləti, onun qüdrətli ordusu və vətənpərvər xalqı daim hazırdır.

Əgər ermənilər bilərəkdən intihara getmək istəsələr, günahı onların boynuna... Azərbaycan Ordusu revanşistlərin boyunlarına ip keçirmək üçün çıxdıqları kətili bir təpiklə devirib, revanşist fikirləri yerindəcə boğmağa heç də çətinlik çəkməyəcək...

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri