18 
May
2022
11:34
19
168
3674
Virtual karabakh

Kəlbəcərdəki atəş səslərinin səbəbləri – ŞƏRH

18 May, 2022
11:34
3674

Kəlbəcərdəki atəş səslərinin səbəbləri – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan iki gündür, Basarkeçər rayonunun Yuxarı Şorca kəndindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutur.

Azərbaycan Müdafiə Nazirliyinin informasiya bülletenlerinə nəzərə saldıqda görürük ki, Yuxarı Şorca-Zəylik istiqaməti atəş səslərinin ən çox eşidildiyi ərazidir. Bunun qısa izahı: Həmin ərazilərdə həssas nöqtələr mövcuddur.

Bu, sərhədin delimitasiya və demarkasiyası prosesinin başlanması üçün yaradılacaq Birgə Sərhəd Komissiyasının işinə verilən qısqanc reaksiyalardır və İrəvanın düşündüyü qədər effektə malik deyil.

Bu il mayın əvvəllərində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlamışdı. Bu, mümkün nəzəri və praktiki təhdidlərə qarşı yoxlanış məqsədi daşıyırdı.

Kərim Vəliyevin yoxlanışından sonra Ermənistanın atdığı addımlar, bəlkə də, taktiki geriçəkilmədir, yəni geri çəkilə-çəkilə güllələr necə gəldi tolazlanır. Hər nə olur-olsun, baş verənlər təxribatdır və bu provokasiyanın səbəbləri İrəvanın mənasız ümidlərinə söykənir.

Belə ki, iki gün öncə baş nazir Nikol Paşinyanın Rusiyaya səfər etməsi və ümid dolu gözlərini Moskvaya dikməsi Ermənistanın belə təxribatlar törətməsinə rəvac verən səbəblərdir.

Bunlar Ermənistanın cüzi də olsa nəticə əldə etməsinə yox, mövcud hərbi-coğrafi sərhədlərin Azərbaycanın xeyrinə genişlənməsinə gətirib çıxaracaq. Təbii ki, Ermənistan özünün hərbi təxribatlarına ara verməsə.

Ümumilikdə, nə qədər qəribə səslənsə də, sərhəddəki atışmalar sərhəd delimitasiyası məsələsinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. O mənada ki, sərhədlərin texniki olaraq müəyyən edilməməsi Ermənistanı bu cür təxribatlar törətməyə təşviq edir.

Birgə Sərhəd Komissiyasının formalaşdırılması prosesi gedir, hərçənd ki, bu, gecikir (aprelin 30-na qədər işə başlaması gözlənilirdi).

Sərhəd Komissiyasının fəaliyyəti zamanı Azərbaycan delimitasiya və demarkasiya prosesi üçün xəritələri təqdim edəcək və Ermənistana həmin xəritələri qəbul etmək şərtini irəli sürəcək.

Bu ərəfədə Paşinyan hakimiyyəti üçün Azərbaycanla mübarizə aparmaq imitasiyasını davam etdirmək lazımdır. Buna görə də İrəvan administrasiyası erməni cəmiyyətini sərhədlərə dair nəticələrə öyrəşdirmək üçün onu tədrici hazırlıq kursuna cəlb edib.

Ermənistan sərhəd delimitasiyası ərəfəsində belə təxribatlara yol verəcək və Azərbaycanın strateji təmkini ilə qarşılaşacaq. Bakının səbir kasası daşdıqda isə İrəvan baş verəcəklərə görə məsuliyyət daşıyacaq.

Aqşin Kərimov 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri