19 
May
2022
16:58
117
9
1134
Virtual karabakh

Öhdəliklərə əməl etməyən İrəvan: Anklav, vassal, xidmətçi Ermənistan... - ŞƏRH

19 May, 2022
16:58
1134

Öhdəliklərə əməl etməyən İrəvan: Anklav, vassal, xidmətçi Ermənistan... - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan hakimiyyəti beynəlxalq öhdəlikləri yerinə yetirmir. Bu ölkə xarici ianə və yardımların sayəsində mövcuddur. Elə Ermənistanda hakimiyyət də xaricin göstərişlərini yerinə yetirərək fəaliyyət göstərir.

Başqa sözlə, bu dövlətin varlığı daha çox xarici amillərdən asılıdır. Odur ki, onu idarə edənlərə etimad göstərib, etibar etmək də olmur.

Bu il aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında həmin ayın sonunadək demarkasiya və delimitasiya üzrə iki komissiyasının yaranacağına dair razılıq əldə edilmişdi.

Həmin vaxt tərəflərin bu məsələdə razılıq əldə etməsini ABŞ, Fransa, Avropa İttifaqı, hətta Rusiya da alqışlamışdı. Nikol Paşinyan səfərdən qayıtdıqdan sonra hökumətin həftəlik iclasında Brüssel görüşündən danışarkən demişdi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə gələcək sülh sazişi ilə bağlı hazırlıq işlərinə başlamaq, danışıqlar aparmaq və təmaslar yaratmaq tapşırığı verilib.

O, Azərbaycanın təqdim etdiyi 5 maddəlik təkliflərə münasibət bildirərkən Ermənistan üçün qəbuledilməz bir şey olmadığını bildirmişdi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində bildirmişdi:

“Əminəm ki, bu gecə düzgün istiqamətdə mühüm bir addım atdıq. Ümid edirəm ki, mümkün qədər tez bir zamanda dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin nədən ibarət olduğunu daha yaxşı başa düşürük”.

Sərhədlərin müəyyənləşməsi üzrə komissiyaların yaradılması məsələsini Avropa İttifaqının rəsmisi də müsbət qarşılamışdı. Elə zənn edilirdi ki, Ermənistan hakimiyyəti beynəlxalq aləmdə etibar qazanmaq üçün üzərinə götürdüyü öhdəliklərə əməl edəcək. Ancaq aprelin 19-da Nikol Paşinyanın Moskvaya səfərindən sonra razılaşmalarla bağlı rəsmi İrəvan bir addım belə atmayıb.

Azərbaycan tərəfi sərhəd məsələsi ilə bağlı komissiyanı formalaşdırıb, Ermənistan isə yox.

Rəsmi İrəvan özünü problem həll edən və işgüzar göstərmək üçün rəsmi Bakıya aprelin 29-da görüşməyi təklif etmişdi. Sonra bundan imtina edib, görüşü mayın 7-11-də keçirməyi təklif etdi. Ancaq sonradan bundan da imtina etdi.

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında Ermənistanın regional əməkdaşlığa meyl göstərmədiyindən bəhs edib:

“Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Biz, həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir”.

Ermənistan rəsmiləri üzərlərinə düşən öhdəliklərə əməl etməkdənsə beynəlxalq ictimaiyyətə yalan məlumatlar verməklə məşğuldurlar. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilmişdi ki, demarkasiya və delimitasiya üzrə Moskvada komissiyaların görüşü keçiriləcək. Daha sonra Ermənistanın XİN başçısı Ararat Mirzoyan TASS-a müsahibəsində bu görüşün keçiriləcəyi barədə məlumatı “dezinformasiya” adlandırdı.

Ermənistan görüşlərdən yayınmaq, iki dövlət arasında normallaşma və sülh prosesini ləngitmək üçün bütün maraqlı tərəflərə yalan deyir, bəhanələr uydurur.

Ermənistan hakimiyyəti müstəqil fəaliyyət göstərmədiyi üçün görüşlərin baş tutması təkcə ondan asılı deyil. Üçtərəfli görüşlərin iki dəfə baş tutmaması böyük ehtimalla Moskvanın qadağası ilə bağlıdır. Rusiya Ermənistana razılıq verəcəyi halda görüşlər baş tuta bilər.

Odur ki, Azərbaycanla danışıqlarda Ermənistanın özünü tərəf olaraq təqdim etməsi son hadisələr fonunda da gülünc görünür. Moskvanın razılığı olmadan qonşu dövlətlə münasibətləri normalaşdıra bilməyən bir dövlətin rəhbərliyi və hakimiyyəti saxtadır.

Ermənistan rəhbərliyi bu günlərdə özünü bir daha biabır etdi. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yubiley toplantısında erməniliyin əsl mahiyyətini, iç üzünü göstərdi. O, KTMT-ni şantaj etdi. Paşinyan Azərbaycanla yaranmış son hadisələr zamanı Ermənistana ordu yeritmədiyi üçün təşkilatı qınayıb. Heç kimə sirr deyil ki, Azərbaycanla Ermənistan arasında sərhəd müəyyən edilməyib. Bu şəraitdə İrəvanın sərhəd iddiası yersizdir. Azərbaycan tərəfi, Avropa İttifaqı da Ermənistana məhz bu məsələni həll etməyi və tərəflər arasında sülh müqaviləsi imzalamaq və əməkdaşlıq təklif edir.

Rəsmi İrəvan Azərbaycanla birbaşa və ikitərəfli görüşlərdən qaçmaqla gücsüzlüyünü və müstəqil olmadığını göstərir.

Ermənistanda hakimiyyətlər bir-birini əvəzləsə də, onların yönü dəyişmir. Ölkə Rusiyanın çubuğu ilə idarə olunur. İndi Ermənistanda etiraz aksiyaları keçirilir. Mitinq və yürüşlər ölkənin gələcəyi üçün keçirilmir. Bu heç Ermənistanda demokratiyanın inkişaf göstəricisi də deyil. Aksiyalar, etirazlar Rusiyaya daha çox yaxın olmaq uğrunda gedən yarışdır. Qərbin Ermənistanın Rusiyaya aid olduğunu anlamasının vaxtıdır. Ukrayna hadisələri hələ də onları bu qəflətdən ayıltmayıb. Ermənistan Rusiyanın Cənubi Qafqazda anklavı, onun vassalı, xidmətçisidir...

Report İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri