21 
May
2022
16:52
87
174
648
Virtual karabakh

“Baydenin məktubu Azərbaycanın uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir” - RƏY + FOTO

21 May, 2022
16:52
648

“Baydenin məktubu Azərbaycanın uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir” - RƏY + FOTO

Birləşmiş Ştatların lideri enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini növbəti dəfə bəyan edib.

“Report” xəbər verir ki, bu sözləri siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz:

“Ümummilli liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi, təbii resurslarımızdan səmərəli istifadəni təmin etmək məqsədilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasında göstərdiyi səylər bugünkü reallıqlarımızda öz sözünü deyir. Buna əmin olmaq üçün son 18 ildən artıq dövrdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin iyununda bu layihənin əsas tərkib hissəsi olan TANAP-ın, 2020-ci ilin dekabrında isə TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizinin reallaşdırılması uğurlu sonluqla başa çatdı.

Xüsusi vurğulamaq lazımdır ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji diplomatiyasının əsas uğurları sırasındadır. Sevindirici haldır ki, artıq bu gün dövlət başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünya miqyasında təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır və nüfuz qazanır, etibarlı tərəfdaş kimi beynəlxalq arenada mövqeyini möhkəmləndirir. Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi istiqamətində atdığı addımlar ABŞ rəsmiləri tərəfindən də təqdir edilir və onların reallaşdırılmasına dəstək göstərilir”.

ABŞ Prezidentinin məktubunda Azərbaycanın beynəlxalq terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrin təqdir edildiyini söyləyən V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan terrordan əziyyət çəkən ölkə olaraq daim dünya miqyasında belə qanlı aksiyalara qarşı aparılan mübarizənin önündədir və bunu əməli fəaliyyəti ilə təsdiqləyir:

“Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror aktına ilk münasibət bildirən Azərbaycan dövləti olmuşdur. Həmin hadisənin baş verdiyi zaman ulu öndər Heydər Əliyev dərhal Azərbaycanın terrorizmlə mübarizənin önündə olduğunu bəyan etdi və bütün dövlətləri bu işdə fəal iştirak etməyə çağırdı. ABŞ hökuməti ölkəmizin bu dəstəyini yüksək qiymətləndirdi.

Onu da qeyd edək ki, işğalçı Ermənistan həmin qanlı terror aktına laqeyd münasibət bəsləmişdi. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan dövlətinin uğurlu siyasəti, eyni zamanda, ABŞ-da baş verən həmin terror aktı rəsmi Vaşinqtonun ölkəmizlə bağlı xarici siyasətində dəyişikliklərə yol açdı. ABŞ hökuməti 1992-ci ildə Amerika Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi “Azadlığı Müdafiə Aktına” 907-ci düzəlişin ədalətsizliyini etiraf edərək, onun fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. 2001-ci ildən bu qərar hər il yenidən təsdiqlənir. Bu mühüm məqamın özü də Azərbaycan-ABŞ münasibətlərinin inkişafının, ölkəmizin uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir”.

V.Rəhimzadə vurğulayıb ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixin arxivinə göndərilib, postmünaqişə dövrünün reallıqlarının qəbulu hazırkı dövr üçün prioritetdir:

“ABŞ Prezidentinin məktubunda bu məqam xüsusi yer alır ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə geniş imkanlar açacağı qənaətindədir. ABŞ Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirir. Birləşmiş Ştatlar hazırkı vəziyyəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi dəyərləndirir.

Təbii ki, bu yanaşmalar və qənaətlər ABŞ-ın birmənalı olaraq tarixi Zəfərimizin regionda yaratdığı yeni reallıqları qəbul etməsi, dəstəkləməsi kimi qəbul edilməlidir. Eyni zamanda, çağdaş dünyamızda cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə alsaq, məktubda Amerikanın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyinin bir daha aydın ifadəsini tapdığını görərik. Təbrik məktubunda bu məqam da əksini tapır ki, ABŞ qarşıdakı onilliklərdə də ölkəmizlə münasibətlərini daha da inkişaf etdirmək, əlaqələrini yeni istiqamətlər üzrə genişləndirmək niyyətindədir”.

V.Rəhimzadə ABŞ Prezidentinin təbrik məktubunda Azərbaycana verilən dəyəri ölkə Prezidenti İlham Əliyevin yürütdüyü alternativsiz siyasətin yüksək qiymətləndirilməsi, dövlət başçısının şəxsi beynəlxalq nüfuzu ilə əlaqələndirib:

“Xalqımız xoşbəxtdir ki, ölkəsini gələcəyə inamla aparan, gündəlik titanik fəaliyyətində dövlət maraqlarını hər şeydən üstün tutan, dəyişməz mövqeyi, müstəqil siyasəti ilə regionda və dünyada böyük nüfuza sahib olan, cərəyan edən qlobal proseslərdə öz sözünü qətiyyətlə deyən, ədaləti, beynəlxalq hüququ həyata keçirdiyi xarici siyasətin önündə saxlayan, dünyada biri-birinə əks qütbləri bir araya gətirən Prezident İlham Əliyev kimi müdrik lideri vardır. Eyni zamanda, onu da xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın bütün dövrlər üçün vacib amil olan informasiya mübarizəsində üstünlükləri Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin təqdimatında əhəmiyyətli rol oynayır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri