21 
İyn
2022
19:20
153
6
1566
Virtual karabakh

Aleksey Fenenko: “Nəticələr Ermənistan üçün çox ciddi ola bilər” - RUSİYADAN MÜSAHİBƏ

21 İyn, 2022
19:20
1566

Aleksey Fenenko: “Nəticələr Ermənistan üçün çox ciddi ola bilər” - RUSİYADAN MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Milli Assambleyasının sədr müavini, həmçinin “müqavimət” hərəkatının lideri olan İşxan Saqatelyan birmənalı olaraq bəyan edib ki, Nikol Paşinyanla (Ermənistan-Azərbaycan nizamlanması üzrə) əldə olunan razılaşmalar heç bir əhəmiyyət daşımır və “Nikolun Ermənistandakı ömrünə az qalıb”.

Tanınmış rusiyalı politoloq, beynəlxalq əlaqələr üzrə mütəxəssis, Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti, Moskva Dövlət Universiteti Dünya Siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko İşxan Saqatelyanın bu açıqlamasını Oxu.Az-a şərh edərkən bildirib ki, parlamentin vitse-spikerinin beynəlxalq razılaşmaları imzalamaq və ya mövcud imzaları ləğv etmək hüququ yoxdur:

 - Saqatelyanın bu açıqlaması hüquqi baxımdan tamamilə əhəmiyyətsizdir. Amma bu bəyanatlar daxili siyasət baxımından təhlükəlidir. Bu o deməkdir ki, Ermənistan elitasının daxilində parlamentin ətrafında bloklar yaradan və baş nazir Nikol Paşinyanın qərarlarını açıq şəkildə sabotaj etmək məqsədi daşıyan nüfuzlu qrup formalaşıb.

- Ermənistanda daha bir radikal fiqur var - Milli Demokratik Qütb Şurasının üzvü Vahe Qasparyan. O, yeni müharibənin olacağını və bunun artıq yaxınlaşdığını söyləyib. Və, guya, hətta Nikol Paşinyan özü də buna eyham vurub...

- Mən bunu qətiyyən istisna etmirəm. Erməni cəmiyyətini vəhşi qisas əhval-ruhiyyəsi bürüyüb. Revanşizm durmadan artır, onu elə həmin Qasparyan kimi adamlar qızışdırırlar. Deyirlər ki, ermənilərə xəyanət edilib, əks halda müharibədə qalib gələ bilərdilər. Belələri Rusiyanın onlardan əlini üzdüyünü iddia edirlər. Deyirlər ki, indi Fransa və NATO onların köməyinə gələcək, ordunu yenidən silahlandıracaq və Ermənistanın qisas almasına şərait yaradacaq. Bir sözlə, Ermənistan daxilində bu ideyaları dəstəkləyən qrup daha da güclənir.

Paşinyan belə radikallardan qorxurmu? Təbii ki, qorxur. O, 1998-ci ilin qışında devrilmiş Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın taleyini gözəl xatırlayır. Və buna görə də o, radikalların əlinə oynayır, onu devirməmək üçün də qisas ümidi buraxmadığını göstərir. Amma bu ona çox da kömək etməyəcək. Erməni cəmiyyətinin daha da radikallaşmasından sonra o, devriləcək.

- Bu yaxınlarda rusiyalı hərbi ekspert, polkovnik Mixail Xodarenok Ermənistanda səslənən revanş çağırışlarına toxunaraq belə deyib: “Bir şeyi hərbi yolla həll etmək üçün hərbi gücə sahib olmaq lazımdır. Azərbaycanın daha güclü silahlı qüvvələri var. Bir də unutmayın ki, Azərbaycanın həmişə yardım edəcək müttəfiqi var (Türkiyəni nəzərdə tutur-red.)”. Məğlubiyyətin qaçılmaz olacağını bilə-bilə necə müharibəyə çağırış etmək olar? Yoxsa bu, özünü aldatmaqdır?

- Belə bir anlayış var – “kütlənin şüursuzluğu”. Bu anlayış hələ 19-cu əsrdə fransız sosioloqu Qabriel Tarde tərəfindən tətbiq edilib. Bəli, yüksək hərbi peşəkar olan Mixail Xodarenokun nəzərincə Ermənistan üçün müharibə mənasızdır. Ancaq Avropa inqilablarının təcrübəsini xatırlayaq. Hökumətlərin və parlamentlərin binalarını ələ keçirən aqressiv izdiham, sonra kiməsə qarşı hərbi kampaniyaya başlayıb. Və bu müharibələr çox vaxt milli fəlakətə çevrilib. Ona görə də Ermənistanda bu faktoru da nəzərdən qaçırmaq lazım deyil

İndi söhbət Paşinyanın ölkədə sabitliyi qoruya bilməsindən gedir. Əgər o, uğursuzluğa düçar olsa və devrilsə, bunun nəticələri Ermənistan üçün çox ağır ola bilər.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri